Azərbaycanda epidemiyanın nə zaman sönməyə doğru gedəcəyini düşünürlər, bu arada isə koronavirusdan 12-ci ölüm qeydə alınıb
Azərbaycanda koronavirusdan 12-ci ölüm və yeni 50 yoluxma halı qeydə alınıb.
Bununla yanaşı 39 nəfər sağalıb və xəstəxanadan evə buraxılıb.
Beləliklə, hazırda yoluxanların ümumi sayı 1148 nəfərə, sağalanların isə 289 nəfərə çatıb.
Ötən gün, aprelin 12-də ölkədə sağalanların sayı yeni yoluxanların sayını üstələyib.
- Koronavirus haqda hər şey
- Bakı karantin zamanı necə görünür?
- “Çıxan kimi yoldaşımı çoxlu öpəcəm” – Gürcüstanda karantindən yeddi hekayə
Sosial şəbəkə istifadəçiləri arasında bu vəziyyət birmənalı qarşılanmayıb.
Bəziləri nikbin proqnozlar səsləndirməyə başlayıblar:
“Yoluxma hallarının sayı azalır və 10-15 gün ərzində daha da azalacaq”.
“Bircə tez bitəydi bütün bunlar, evdə nə qədər oturmaq olar!”
Digərləri isə əksinə, vaxtından əvvəl sevinməməyi və sayıqlığı aldən verməməyi məsləhət görüblər:
“Dünən COVİD 19-la bağlı Azərbaycanda qeydə alınan ümidverici statistika vətəndaşlarda yanlış yanaşmaya səbəb olub, deyəsən. Şəhərdə insanların çox olduğu müşahidə olunur. Bu günə qədər işləməyən bəzi xidmət sferalarının işçilərinin işə çağırılması barədə xəbərlər var. Arxayınlaşmaq olmaz. COVİD 19 bir həmlə ilə təslim olan deyil”.
Üçüncülər isə ümumiyyətlə rəsmi statistikaya inanmır:
“Azərbaycanda heç bir xəstəlik statistikası yox idi, sadəcə hakimiyyətin planları və ona uyğun şəkildə media propaqandası vardı. Əvvəl panika, indisə “vəziyyət babatlaşır”.”.
Azərbaycanda yoluxma səviyyəsinin nə zaman pik həddinə çatacağı haqda heç bir ekspert rəyi səslənmir.
Hazırda Azərbaycanda gücləndirilmiş karantin rejimi elan olunub – metro, parklar, bağlar, demək olar ki, bütün kommersiya obyektləri, təşkilatlar və müəssisələr bağlıdır.
Küçəyə çıxmaq üçün ya işdən arayış olmalı, ya da hakimiyyətdən sms-lə icazə almaq lazımdır. Bu icazə gün ərzində bir dəfə iki saatlıq verilir. 65 yaşdan yuxarı insanlara ümumiyyətlə evdən çıxmaq qadağan olunub.
Bununla belə, ölkədə indiyə qədər fövqəladə vəziyyət elan edilməyib, buna görə də bütün bu qadağalar əslində qanunsuz hesab olunur.