Təhsil Nazirliyinin rəsmi nəşri olan “Abituriyent” jurnalının dəyərləndirməsinə görə Azərbaycanın ən yaxşı universiteti elan olunmuş “Qafqaz” Universiteti təsisçinin qərarı ilə təsviyyə prosedurana başlayıb.
Bu haqda 2017-ci il yanvarın 18-də universitetin rəsmi saytında məlumat verilib.
“Qafqaz” Universitetinin təsisçisi, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzindən rəsmi mətbuata bildirilib ki, universitetin ləğv edilməsilə bağlı komissiya yaradılıb. Təsisçi tələbələri və onların valideynlərini əmin edir ki, narahatlıq üçün heç bir əsas yoxdur, tədris prosesi davam edəcək və tələbələrin təhsillərini davam etdirmələrilə bağlı hüquqları qorunacaq.
“Qafqaz” Universitetində 5 minə yaxın tələbə təhsil alır.
Universitet 1995-ci il sentyabrın 11-də rəsmi qeydiyyata alınıb.
Universitetin ilk təsisçisi hazırda ABŞ-da yaşayan Türkiyə hakimiyyətinin qəzəbinə gəlmiş türk din xadimi Fətullah Gülənin holdinqinə daxil olan “Çağ Öyretim İşletmeleri” təhsil təşkilatı olub.
Fətullah Gülən Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunur.
“Qafqaz” Universitetinin idarəetməsi 2016-cı il iyulun 20-də Beynəlxalq Təhsil Mərkəzinə verilmişdi və universitet Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təsis etdiyi Bakı Ali Neft Məktəbilə birləşdirilmişdi.