Azərbaycanlı şagirdlər yaxşı qiymət və sağlamlıq arasında seçim etməli olur
Azərbaycanda təhsil ən çox tənqid olunan sahələrdən biridir. Şagirdlərin valideynləri, müəllimlər və Təhsil Nazirliyinin ekspertləri təhsilin keyfiyyəti və islahatların səmərəsi ilə bağlı yoruluncaya qədər mübahisə edə bilərlər. Amma Azərbaycanda oxumaq nə dərəcədə çətindir? Şagirdlərin günü necə keçir, məktəblərin onlara təzyiqi nə qədər böyükdür, narazı valideynlər nədən şikayətlənir?
“Arzu edirəm ki, qar yağsın. Onda məktəbə getmək lazım olmayacaq, dostlarımla qartopu oynaya biləcəm”, – Adnan üzündə təbəssümlə deyir. – “Hər gün altı dərsimiz olur. Üstəlik əlavə ingilis və fransız dili dərslərim var. O qədər də yaxşı oxumuram. Çox tapşırıq verirlər, hamısını eləmək olmur. Ən çox da uzun şeirləri əzbərləməyi sevmirəm, çox darıxdırıcıdır”.
Dərslər saat 9-da başlayır, deməli, səkkizin yarısı yuxudan oyanmaq lazımdır. Adnan məktəbdən evə ən yaxşı halda saat 3-də gəlib çıxır.
“Əlavə dərslər olanda, həftədə iki dəfə olur, evdə nahar eləmirəm. Yolda elə maşındaca tələsik kolbasa, ya da pendir dürməyi yeyirəm. Bəzən anam bulki və ya kökə qoyur. Tətilləri sevirəm, çünki multfilmlərə baxmaq, kompüterdə oyun oynamaq mümkündür”, – Adnan deyir.
“Dərin okean axınlarının istiqamətini neçə dərəcədə dəyişdiyini və onlardan hansılarının soyuq, hansılarının mülayim olduğunu dəqiq bilmək nəyimizə lazımdır? Bətən tərbiyəsi dərslikləri nəyə lazımdır? Çoxlu ev tapşırığı verirlər. Bəzən nəyisə çatdırıb öyrənmək üçün gecə yarısına qədər oturmalı oluram, səhər saat yeddinin yarısında isə yuxudan qalxıb, məktəbə getməliyəm”, – 7-ci sinif şagirdi Leyla Əkbərova deyir.
Məktəbdən başqa, qızcığaz rəsm, musiqi dərnəklərinə, üzgüçülüyə və kompüter kurslarına da gedir.
“Qiymətlərim ortadır. Yəqin ki, daha yaxşı da ola bilərdi, amma mən dayanmadan nə isə öyrənə bilmirəm. Planşetlə oturmaq, hansısa filmə baxmaq, musiqi dinləmək istəyirəm”.
“Tədris ilinin sonunda uşaqlara baxanda adamın ürəyi ağrıyır”, – 6-cı sinif şagirdi Elmira Hüseynova deyir. – “Samirə məktəbdən qayıdanda gözlərinin altı qaralmış olur, yorğunluqdan ayaqüstə dura bilmir. Üstəlik belə sərt tempin şagirdlərə proqramı normal qavramağa imkan verdiyini də demək mümkün deyil. Onlar tapşırıqları öyrənirlər, əzbərləyirlər, amma çətin ki, nəsə anlaya bilirlər. Çünki qısa müddətdə uşaqların beyninə “yeritməyə” çalışdıqları tapşırıqların həddən çox olmasından əlavə, dərsliklər də mürəkkəb dildə yazılıb, oradakı tapşırıqları çox vaxt heç böyükllər də anlamır, o da ola uşaqlar. Həqiqi biliklər əldə etmək üçün isə repetitor tutmağa məcbur oluruq”.
Bakı məktəblərinin birində tarix dırsi deyən Vaqif Abbasov:
“Oğlum hazırda 5-ci sinifdə oxuyur. Məndən asılı olsaydı, onu dərslərə buraxmazdım, qoyardım uşaq evdə dincəlsin. Vaxtaşırı olaraq o, qətiyyən məktəbə getmək istəmir. Sadəcə yorulur. Mən yeni metodların tərəfdarıyam, amma ağlabatan hüdudlarda. İndi uşaqlar ibtidai siniflərdə bizim beşinci sinifdə keçdiklərimizi keçirlər. Mütəmadi olaraq test həll etmək uşaqların daima stress keçirməsinə, çaşqınlığına, özünü itirməsinə və test zamanı dərslərdə cavab verdiklərini belə unutmalarına səbəb olur”.
Onun sözlərinə görə, müasir dərsliklər çətin qavranır.
“Məsələn, ümumi tarixi götürək. Orada elementar səbəb-nəticə əlaqəsi gözlənilməyib. Bu, sadəcə hadisələr, faktlar toplusudu, hansını ki, uşaqlar yaxşı qiymət almaq üçün əzbərləməyə məcbur olur. Valideynlərin çoxu uşaqların qarşısında çox yüksək hədəflər qoyur. Nəticədə məktəblilər qiymət dalınca qaçmağa başlayır. Sonra da, məsələn, üç alanda uşaqlarda əsl isterika və əsəb gərginliyi başlayır”.
Dərsliklərin keyfiyyətini və dərs yükünün ağırlığını müxtəlif cür dəyərləndirirlər, amma mübahisəyə gəlməyən faktlar mövcuddur.
- Azərbaycan məktəblərində dərslər səhər saat 8 və ya 9-da başlayır, artıq beşinci ildən isə dərslər günorta 2-3-dən tez bitmir. Yəni 12 yaşlı uşaqlar hər gün məktəbdə azı 6 saat keçirir.
- Dərslər 10 dəqiqəlik ara tənəffüsləri və bir “böyük tənəffüslə” 45 dəqiqə davam edir. Bütün dərs boyu uşaqlar parta arxasında oturur.
- Ev tapşırığının yerinə yetirilməsinə beşinci sinif şagirdləri azı iki saat vaxt sərf edirlər. Müəllimlər daha az tapşırıq verə bilmirlər, çünki uşaqların tez-tez keçirilən və Təhsil Nazirliyinin nəzarət tdiyi testin öhdəsindən gəlməyəcəklərindən narahat olurlar.
- Valideynlər, xüsusən uşaqları Bakının “nüfuzlu” məktəblərində təhsil alırsa, erkən vaxtlardan repetiror tuturlar. Başqa şəhərlərdə repetitorlarla məşğələlər adətən son siniflərdə, ali məktəbə qəbul öncəsi başlanır.
Nəticədə orta statistik azərbaycanlı şagird bilavasitə dərslərə gündə azı səkkiz saat sərf edir. Bu, adətən imtahana hazırlıq zamanı tələbələrə aşılması məsləhət görülməyən son həddir. Sorğu etdiyimiz bütün uşaqlar və valideynləri bir şeydə uzlaşır: Azərbaycan məktəbində əlaçı olmaq üçün yuxu və yemək fasilələri ilə daima dərs oxumaq lazımdır. Səbəb olaraq iki amil göstərilir: proqramın mürəkkəb olması və məktəblərin müstəqil şəkildə bu proqramı uşaqların beyninə yeridə bilməməsi, yəni uşaqlar özləri başqa informasiya mənbələrindən – repetitorlardan və ya internetdən istifadə etməklə hazırlaşmalı olurlar.
Psixoloq Ellada Qorinanın bildirdiyinə görə, “məktəblilər üçün yük norması” anlayışı mövcuddur. Bu anlayış uşaqların və yeniyetmələrin psixoloji və fizioloji xüsusiyyətlərinə uyğun olaraq formalaşıb.
“Tədris olunan materialın həcminin azaldılması darıxmağa, marağın ölməsinə, nizam-intizamın pozulmasına və nəticədə də öyrənmək qabiliyyətinin pisləşməsinə gətirib çıxarır.Hədsiz yüklənmək isə stresə, sinir sisteminin zəifləməsinə, nasazlığa və yenə də öyrənmək qabiliyyətinin pisləşməsinə gətirib çıxarır”, – Qorina belə hesab edir.
Onun fikrincə, bu vəziyyətdə uşağa kömək etməyin yeganə yolu prioritetləri sıralamaqdır.
“Bu vəziyyətdə uşaqların və yeniyetmələrin cəmi iki çıxış yolu olur. Birincisi, ətrafdakıların təzyiqinə baxmayaraq, dərslərə laqeyd yanaşmaq. Bu, ətraf təzyiqin tədrisin özündən daha az stresə səbəb olduğu halda mümkündür.
İkinci halda isə uşaqlar tamam özlərini dərslərinə həsr edirlər. Ətrafın təzyiqi və ya öz uğursuzluğu qarşısında qorxu o qədər böyükdür ki, sağlamlığına zərbə vursa da, sosiallaşmasına və yaşıdları ilə münasibətlərinə mənfi təsir göstərsə də, müəyyən olunmuş proqrama uyğunlaşmağı seçirlər.
Valideynlər nəyin daha vacib olduğu üzərində ciddi düşünməlidirlər – uşağın fiziki və psixoloji sağlamlığı, yoxsa tədris normalarına əməl olunması”.
Nevroloq Dilarə Seyidbəylinin fikrincə, məktəbdə müasir uşaqların üzərinə həddən artıq böjyük yük qoyulur, bu da onların səhhətinə təsir etməyə bilməz.
“Dərslərdə onlara aşılanan biliklərin böyük həcmindən başqa uşaqlara onların imkanlarına uyğun olmayan həcmdə ev tapşırığı da verilir. Nəticədə uşaqlar həddən artıq yüklənir və mütəmadi stres altında olur, tez yorulurlar, bir çox məktəblidə əsəbilik, görmə qabiliyyətində problemlər, baş ağrıları yaranır”, – Seyidbəyli deyir.
“Nəvəm ikinci sinifdə oxuyur, mən bunu öz yaşadıqlarımızdan bilirəm və əmin edə bilərəm ki, heç bir uşaq ev tapşırıqlarının öhdəsindən təkbaşına gələ bilməz. Aşağı sinif şagirdləri ilə valideynlər məşğul olmalı olur”.
Təhsil Nazirliyinin məmurları tənqidlərə cavab olaraq adətən bildirirlər ki, başqa ölkələrdə uşaqları daha çox “yükləyirlər” və azərbaycanlı məzunlar da “əmək bazarının tələblərinə” uyğun olmalıdır.
Təhsil İnstitutunun direktoru Emin Əmrullayev:
“Azərbaycan məktəblərində tədris olunan biliklərin həcmi inkişaf etmiş ölkələrin səmərəlilik göstəricilərinə yaxınlaşmağa kömək edir. Bundan başqa, müasir əmək bazarının məktəb məzunlarının rəqabətə davamlı səviyyədə hazırlığına dair diktə etdiyi tələblərlə də hesablaşmaq lazım gəlir. Amma Təhsil Nazirliyi yük həcmini dəyərləndirir və təhsilin optimallaşdırılması üçün lazım olan addımları atır. Bunun üçün Azərbaycanda tədris ili iki həftə uzadılıb və 34 həftə təşkil edir”.
Tədris ilinə gəlincə, Azərbaycanda yay tətili çox uzundur: düz üç ay. Əvəzində isə payız və qış tətilləri beş gündən çox deyil. Yazda isə tətil elan eləməyin mənası yoxdur, çünki Novruz bayramı ilə əlaqədar olaraq onsuz da bir həftə istirahət nəzərdə tutulub.