Azərbaycanlı müxalif bloqer Tbilisidə ölü tapılıb. Təfərrüatlar
Azərbaycanlı müxalif bloqer Hüseyn Bakıxanov iyulun 29-da axşam Tbilisidə ölü tapılıb.
Gəncin meyiti yaşadığı evdə aşkarlanıb. Amma H.Bakıxanovun dostlarının dediyinə görə, ölüm versiyalarından biri binadan yıxılmasıdır.
Bu informasiyanı bloqerin azərbaycanlı dostları, o cümlədən jurnalist Əfqan Muxtarlı yayıb. Muxtarlı “Facebook”da yazıb ki, “polis Bakıxanovun hündürlükdən yıxıldığını təsdiqləyib”.
Hüseyn Bakıxanov Tbilisidə məskunlaşmış azərbaycanlı siyasi miqrant idi və burada siyasi sığınacaq axtarırdı. Ölümündən bir müddət öncə, iyulun 12-də Bakıxanovun başına şübhəli hadisə gəlib, o, bu hadisəni videoya çəkib və “YouTube”a yerləşdirib:
Video “Azərbaycan hökuməti tərəfindən sui-qəsd, yoxsa təsadüf?” adlanır. H.Bakıxanov deyir ki, Tbilisinin mərkəzində beş nəfər azərbaycanlı ona hücum edib. O, həmin adamları hadisədən iki-üç gün əvvəl görüb.
“Onlar gözlənilmədən məni təqhir etməyə başladılar və mən cavab verəndə hücum edirdilər”, – bloqer deyib.
Video “təcili yardım” maşınında çəkilib. H.Bakıxanov deyir ki, o, özü polis və “təcili yardım” çağırıb.
Videoda H.Bakıxanov deyir ki, o, Azərbaycandan qaçıb və Gürcüstanda qaçqın statusu vəsiqəsi almağına cəmi bir neçə gün qalıb.
Hadisəni və informasiyanı Gürcüstanın “Formula” telekanalına müsahibəsində bloqerin qohumu Aftandil Məmmədov da təsdiqləyib və polis tərəfindən dindirilib. O, H.Bakıxanovun ölümünün Azərbaycan hökumətinin marağında olduğunu və hücum edənlərin Azərbaycan hökuməti tərəfindən göndərilmiş ola biləcəyini istisna etmir.
A.Məmmədov təsdiqləyib ki, Hüseyn Bakıxanov Azərbaycan hökuməti tərəfindən təqibə məruz qaldığı və öz ölkəsində həbsdə olduğu üçün Gürcüstandan siyasi sığınacaq istəyib.
Hadisə haqda ilk olaraq hazırda Almaniyada yaşayan azərbaycanlı jurnalist Əfqan Muxtarlı məlumat yayıb. O bildirib ki, H.Bakıxanov Azərbaycan polisi tərəfindən təqib olunub. Muxtarlı həmçinin qeyd edib ki, Bakıxanov “iyulun 12-də döyülüb, sonra onun daxili orqanlarının müayinəsini keçirməkdən imtina ediblər”.
Hüseyn Bakıxanov Bakıda 2021-ci il 7 may etiraz aksiyası zamanı saxlanılıb və 15 sutka həbs cəzasına məhkum edilib. Azadlığa çıxandan sonra o, jurnalistlərə bildirib ki, polis tərəfindən işgəncələrə məruz qalıb. O, həmçinin polisin onu zorlama ilə hədələdiyini də deyib.
“Tbilisidə olduğu zaman o, öz kanalında daima Azərbaycan hökumətini, Azərbaycan KİV-ni tənqid edib”, – Əfqan Muxtarlı “Facebook”da yazıb.