Azərbaycanın yeni parlamenti ilə tanış olaq: kimdir bu adamlar?
Azərbaycan parlamentinin – Milli Məclisin tərkibi 9 fevralda keçirilən növbədənkənar seçkilərin nəticələri necə oldusa, eləcə də olacaq – söhbət ATƏT müşahidəçilərinin və Azərbaycandakı praktiki olaraq bütün müstəqil müşahidəçilərin qeyri-demokratik adlandırdığı nəticələrdən gedir. Amma Azərbaycanın Konstitusiya Məhkəməsinin qərarı fərqlidir.
Müxalifətin etirazlarının xeyri olmadı. Bəs Azərbaycanın növbəti beş ili birgə keçirəcəyi parlament kimlərdən ibarətdir?
İlk növbədə bu parlamentin əksəriyyəti köhnələrdən təşkil olunub.
Köhnə qvardiya
Parlamentin əvvəlki tərkibi prezidentin islahatlarına uyğun olmadığı üçün “özünü buraxmaq” qərarı qəbul etmişdi. Bununla belə “köhnə” deputatlardan 79 nəfəri yeni parlamentdə də yer aldı, bu da ümumilikdə 125 yerlik parlamentin təxminən üçdə ikisi deməkdir. 4 mandat səsvermə zamanı baş verən pozuntular araşdırılandan sonra Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edildi.
İqtidarda olan Yeni Azərbaycan Partiyası kimləri islahatlara uyğun görüb?
Bunlar hökumətin təklif etdiyi bütün qanun layihələrini yekdilliklə qəbul edən – iqtidar partiyasının üzvləri və ya hakimiyyətə hədsiz loyal olan insanlardır.
Məsələn, tez-tez gülüş obyektinə çevrilən Siyavuş Novruzov, 2000-ci ildən deputat olan və eks-prezident Heydər Əliyev dövründə Yeni Azərbaycan Partiyasında vəzifə tutanlardan biri. Hazırda iqtidar partiyasının icra katibi olan Novruzov növbəti dəfə deputat seçildiyi xəbəri açıqlanandan sonra “ümummilli liderin xeyir-duasını almaq üçün” eks-prezidentin məzarını ziyarət edib.
Üç çağırış parlament spikeri olan Oqtay Əsədov yenə də deputat qalacaq, amma daha spiker olmayacaq. Parlamentin yeni spikeri son üç çağırış deputat olan Bakı Slavyan Universitetinin prorektoru Sahibə Qafarovadır.
Artıq dörd çağırış deputat olan, iqtidar partiyası ilə çox yaxın münasibətə sahib Zahid Orucun da mandatı özündə qalıb. O, 2013-cü və 2018-ci il prezident seçkilərində iştirakı və İlham Əliyevi dəstəkləməsi ilə yadda qalıb.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun 82 yaşlı atası Fəttah Heydərov parlamentin ən yaşlısıdır. O, bütün çağırışlarda (1995-ci ildən bəri) parlamentin deputatı olub və Azərbaycanın “Ağsaqqallar Şurasının” sədridir.
• Azərbaycanda seçkilərə sözardı. Nə və niyə tərs getdi?
• Şərh. Azərbaycanda nə baş verir: yuxarıların inqilabı, yoxsa imic korreksiyası?
• Azərbaycanda parlament seçkiləri – seçki 2020
İslahatçılar
42 “yeni” deputat arasında “islahatçıları” seçmək olar. Bir çox ekspertlərin fikrincə, hökumət onlara ümid edir. Onların hamısı “xarici” təhsillə və yüksələn karyera ilə fərqlənirlər. Bir də Vikipediyaya əlavə olunan ətraflı bioqrafiyaların əks olunduğu yeni məqalələrlə.
Bunlardan biri məsələn, deputat Vüqar Bayramovdur. O, müxtəlif beyin mərkəzləri ilə əməkdaşlıq edib və məşhur qərb jurnallarında dərc olunur. Bayramov pezident İlham Əliyevin təklif etdiyi “Strateji yol xəritəsinin” həmmüəlliflərindən biridir.
Ya da Dağlıq Qarabağ icmasının yeni seçilmiş rəhbəri Tural Gəncəliyev. Şuşa şəhərində doğulmuş 40 yaşlı Gəncəliyev Xarici İşlər Nazirliyində uğurlu karyera qurub, Azərbaycanın Kanadadakı və Çexiyadakı səfirliklərində işləyib.
Bu siyahıda ən müzakirə olunan isim Nigar Arpadaraidir. Bu da seçkidə onun rəqibi olan tənqidçi bloger Bəxtiyar Hacıyev sayəsində olub. O, ardıcıl şəkildə rəqibi Arpadaraini saxta qalibiyyətdə ittiham edib və edir.
Nigar Arpadarai Formula-1 yarışmasının Bakı turunun marketinq və piar işləri üzrə səlahiyyətli vəzifələrdə çalışıb. Bəzi media orqanları onu Azərbaycanın qabaqcıl PR mütəxəssislərindən biri adlandırıb. Bu vəzifəsinə qədər o, NAR mobil operatorunda işləyib və bu şirkətin rebrendinqini həyata keçirib.
Müxalifət
Müxalifətin yeganə deputatı “Respublikaçı Alternativ” (ReAl) partiyasının üzvü Erkin Qədirlidir. Onun seçilməsi qızğın mübahisələr və tənqidlərlə müşayiət olunub, çünki seçkilərə qədər Qədirli bəyan edib ki, seçkilər demokratik olmasa, mandatdan imtina edəcək. Çoxları hesab edir ki, hakimiyyət onunla “razılaşıb” və nəticələri onun xeyrinə saxtalaşdırıb. Amma partiyadaşları ilə məsləhətləşəndən sonra Erkin Qədirli qələbəsinin ədalətli olduğu üçün mandatına sahib çıxmaq qərarına gəlib.
Keçmiş prezidentliyə nazmizəd Razi Nurullayev formal olaraq müxalifətçi hesab edilir. O, AXCP sədri Əli Kərimlinin müavini olub, amma Kərimlidən narazı olan partiyadaşları ilə iclas çağıraraq ondan ayrılıb və özünü partiya sədri elan edib. Ədliyyə Nazirliyi bu iclasın protokolunu tanıyıb.
Razi Nurullayev 2008-ci il prezident seçkilərindəki kampaniyası zamanı Pakistandan nüvə silahı almaq niyyətini açıqlamışdı və sosial şəbəkələrdə lağlağı obyektinə çevrilmişdi. Həmin seçkidə özü namizə olsa da, seçiciləri İlham Əliyevə səs verməyə çağırırdı.
“Massovka”
Bunlar bioqrafik məlumatlarına və karyera dinamikalarına görə parlamentin köhnə tərkibinə yaxın deputatlardır. Onlar islahatçı roluna yaramırlar, amma əksəriyyəti artıq rəhbər vəzifə tutur, hakimiyyətə loyaldır, orden və medalla təltif olunublar.
Məsələn, iqtidar partiyasının ən gənc deputatı 26 yaşlı Səbinə Xasayeva haqda çox az şey məlumdur;
İqtidar partiyasından olan deputat Ramil Həsən Moldova məhkəməsi və Həsənə maliyyə hesabatları ilə təsdiqlənməsə də, guya 11 min dollar əməkhaqqı aldığı haqda arayış verən “Etna Group” şirkəti ilə yaşadığı qalmaqalla məşhurdur;
Afət Həsənova hələ sovet hakimiyyəti zamanı vəzifə sahibi olub, az əvvələ qədər isə Quba və Bakının Suraxanı rayonunun icra hakimiyyətlərində rəhbər vəzifədə çalışıb;
Əminə Ağazadə Pirallahı qəsəbəsinin prokuroru, “NİDA”, Leyla və Arif Yunuslar, Quba iğtişaşları və digər “siyasi” işlərdə dövlət ittihamçısı kimi çıxış edən İbrahim Ləmbəranskinin həyat yoldaşıdır.
Həqiqətdə nə dəyişib?
Azərbaycanda ekspertlər daxili siyasətdə heç bir keyfiyyət dəyişikliyi gözləmirlər.
Bakı Dövlət Universitetinin keçmiş dosenti, hazırda “Baku Research Insitute” təşkilatının əməkdaşı Altay Göyüşov hesab edir ki, həm funksionallıq, həm də hakimiyyət qollarının bölünməsi nöqteyi-nəzərindən parlamentin yeni çağırışı əvvəlkindən heç nə ilə fərqlənmir:
“Yeni çağırış yenə də ingilis dilində “rubber stamp body” adlanan vəziyyətdə qalacaq: de-yure hakimiyyətə sahib, de-fakto isə icra hakimiyyətinə tabe olan institut. Həmçinin “islahat” təbliğatı məqsədi ilə hakimiyyət parlament mövzusundan istifadə edəcək. Məsələn, parlament spikerinin qadın olması faktından”.