Azərbaycanın adının dəyişdirilməsi təklif olunur. Bu kimə lazımdır? Şərhlər
Azərbaycanın adının dəyişdirilməsi təklif olunur
Milli Məclisdə keçirilmiş debatlar zamanı deputat Qüdrət Həsənquliyev Azərbaycan Respublikasının adının dəyişdirilərək “Şimali Azərbaycan Respublikası”na çevrilməsi təklifi ilə çıxış edib. Onun sözlərinə görə, bütün dünya bilməlidir ki, “200 il əvvəl Azərbaycan torpaqları İran rejimi tərəfindən işğal olunub”. Bu təklif siyasətçilər, ekspertlər arasında, həmçinin cəmiyyətdə müzakirələrə səbəb olub.
- “Laçın dəhlizinin bağlanması tələbi populizmdir”. Bakıdan şərh
- Naxçıvanda nə baş verir? Bakıda muxtariyyətin ləğvi ehtimalı haqda danışırlar
- “Zəngəzur dəhlizilə bağlı Azərbaycan Rusiya ilə danışıqlar aparır”. Bakıdan şərh
Azərbaycan parlamentində keçirilmiş debatlar zamanı deputat Qüdrət Həsənquliyev ölkənin adının dəyişdirilməsi təklifi ilə çıxış edib:
“Hesab edirəm ki, biz yeni Konstitusiya tərtib etməliyik. İlk olaraq ölkəmizin adını dəyişdirməliyik. Ölkəmizin adı Şimali Azərbaycan olmalıdır.
Bütün dünya bilməlidir ki, 200 il əvvəl Azərbaycan torpaqları İran rejimi tərəfindən işğal olunub. Necə ki, dünyada Şimali Koreya və Cənubi Koreya var, bizdə də belə olsun.
Azərbaycan 200 il əvvəl iki imperiya tərəfindən bölünüb. Bu addım həm də Cənubi Azərbaycanlılar üçün stimul olar”.
“Təzə söhbət deyil”
Jurnalist Qəzənfər Həmidoğlunun fikrincə, Azərbaycan Respublikasının adının dəyişdirilməsi, “Şimali Azərbaycan” adlandırılması təklifi təzə söhbət deyil, üç-dörd ildən bir ölkənin ictimai-siyasi gündəmini məşğul edir.
“İranla münasibətlər gərginləşəndə, Güney Azərbaycanla bağlı hansısa eksses baş verəndə və yaxud Azərbaycan Respublikasında siyasi gündəliyin əsas mövzularından diqqəti yayındırmaq istədikdə, belə “rebrendinq”i milli məsələ kimi polemika predmetinə çevirməyə cəhd edilir”, – o deyib.
Jurbanalist xatırladır ki, düz 10 il əvvəl – 2012-ci ilin fevralında da Milli Məclisdə oxşar təklif səsləndirilmişdi:
“O vaxt YAP-ın icra katibinin müavini olan Siyavuş Novruzov təklifi belə dəstəkləmişdi: “Dünya praktikasında Şimali və Cənubi Koreya, Şimali və Cənubi Kipr kimi dövlət nümunələri var. Azərbaycan Respublikasının da parçalanmaya məruz qalmış dövlət kimi Şimali Azərbaycan Respublikası adlandırılması daha məqsədəuyğun olardı”.
Şimali Azərbaycan adını gündəmə gətirənlər öz təkliflərini adətən belə arqumentləndirirlər: “ölkənin bir cənubu da var” və beynəlxalq aləm bundan xəbərdar olmalıdır.
İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda Tehranı qıcıqlandıracaq istənilən təşəbbüsü, hətta siyasi bikarçılıqdan törəyən avantürist təklifi belə dəyərləndirmək olar. Amma Azərbaycanın adı ciddi ictimai-siyasi-hüquqi və beynəlxalq məsələdir, əgər milli və geosiyasi zərurəti varsa, isbatı üçün daha tutarlı arqumentlər ortaya qoyulmalıdır.
Ölkənin və xalqın bölündüyünü dünyanın diqqətinə çatdırmaq, düşmənlərin gözünə soxmaq və Güneyi stimullaşdırmaq aspektləri, eləcə də siyasi konyunktura narrativləri vacib və yetərli arqument sayıla bilməz, zira Azərbaycan Respublikası kimi qalaraq da bu işləri görmək olar”.
Qəzənfər Həmidoğlu təkliflərdə səslənən nümunələri də uğurlu hesab etmir:
“Beynəlxalq praktikaya gəldikdə, “şimal” elə də uğurlu epitet deyil, naqolay assosiasiya yaradır və rəsmən də yoxdur. Məsələn, Şimali Koreya və ya Cənubi Koreya rəsmi dövlət adı deyil, Koreya yarımadasında ikiyə bölünmüş iki dövlət var: Koreya Xalq Demokratik Resbublikası və Koreya Respublikası. Yaxud reallıqda iki Kipr olsa da, BMT yunan Kiprini və ya Kipr Respublikasını tanıyır, Şimali Kipr Türk Respublikasını tanımır. İrlandiya adası da iki yerə bölünüb: İrlandiya Respublikası və Şimali İrlandiya. Burda da şimalın bəxti uğursuz olub, Şimali İrlandiya Böyük Britaniya Krallığına daxildir”.
“Azərbaycanın adını yox, imicini dəyişmək lazımdır”
Müxalifətçi fəal, keçmiş siyasi məhbus İlham Hüseyn isə deputatın fikrinə birmənalı şəkildə qarşıdır:
“Bunlar hələ də başa düşmürlər ki, Azərbaycanın adını yox, imicini dəyişmək lazımdır. Ölkənin adının üstünə düşmüş korrupsiya, hüquqsuzluq, saxtakarlıq ləkəsini yumaq lazımdır. Avtoritarizm “tatu”sunu silib, demokratiyanın portretini çəkməyə ehtiyac var.
Əks halda, Azərbaycan adının dörd tərəfinə “şimal” yazsan da, heç nə dəyişməyəcək. Ölkənin Şimali Koreyaya çevirilməsini alqışlayıb, adının Şimali Azərbaycan qoyulmasını təklif etmək “cəsarət” tələb edir”.
“Adımızın Azərbaycan Respublikası kimi qalmasını daha məqbul hesab edirəm”
Türkoloq Faiq Ələkbərli Azərbaycan Respublikasının adına “şimal” sözünün əlavə edilməsini doğru hesab etmədiyini deyib. Onun sözlərinə görə, 1918-ci ildə əsası qoyulan Azərbaycan Cümhuriyyətinin adında əsas mahiyyət bütün Azərbaycanın birləşdirilməsi idi:
“Həmin dövrdə İranda Qacar hakimiyyətini zəbt edən milliyətçi qüvvələr Azərbaycan sözünü qəbul edə bilmirdilər. Onlar Xalq Cümhuriyyətini Şimali Azərbaycan adlandırılmasını təklif edirdilər. Onlar hesab edirdilər ki, şimalda yeni yaradılan dövlət Təbrizə və azərbaycanlıların yaşadığı digər ərazilərə də iddia qaldıra bilər. “Azərbaycan” sözü şimal və cənubda yaşayan bütün azərbaycanlılara şamil olunub. “Şimali Azərbaycan” sözü azərbaycanlıların coğrafi cəhətdən məhdudlaşdırılması anlamına gəlir. Cənubi Azərbaycanda yaşayan soydaşlarımız nə vaxtsa öz dövlətini qurmağa nail olsalar, onda bu dövlət “Güney Azərbaycan” adlana bilər. Bu, ayrı bir məsələdir. Lakin bu gün adımızın “Azərbaycan Respublikası” kimi qalmasını daha məqbul hesab edirəm və bu, bizim üçün daha doğru addım ola bilər. Çünki bu, cənubda yaşayan soydaşlarımıza imkan yaradır ki, özlərini dövlətimizin bir parçası hesab etsinlər, eləcə də gələcəkdə öz dövlətini yaradıb Azərbaycan Respublikası ilə birləşsinlə