Azərbaycanda su iki qat bahalaşıb, bəs keyfiyyəti necə?
Bakıda su təchizatı mövzusu Azərbaycan mediasında nadirən müzakirə olunur. 2021-ci ilin əvvəlində suyun ikiqat bahalaşdığı məlum olanda mövzu gündəmə gəldi. “Azərsu” şirkətinin müraciətindən sonra Tarif Şurası belə qərar verib – şirkət təmsilçilərinin bildirdiyinə görə, xidmətlərin keyfiyyətini mütəmadi yüksəltmək çətindir və dövlət büdcəsindən daha az vəsait götürmək istəyərdilər.
Biz Azərbaycan paytaxtının sakinlərinin su ilə yaxşı təchiz edilib-edilmədiyini müəyyən etməyə çalışacağıq. Onlar “Azərsu”nun artıq suyun kubmetrinə görə 35 əvəzinə 70 qəpik olan xidmətlərindən razıdırlarmı?
Dünya Ehtiyatları İnstitutunun məlumatına əsasən, Azərbaycan su ehtiyatlarına görə dünyada 46-cı yerdədir. Bütün regionda Azərbaycan ən az şirin su ehtiyatına sahibdir, baxmayaraq ki, ekspertlərin ehtiyatla istifadə etməyi tövsiyə etdikləri yeraltı mənbələr hesabına vəziyyəti dəyişmək istəyirlər.
Hakimiyyət də problemin olduğunu etiraf edir% 2020-ci ilin avqustunda baş nazirin müavini Şahin Mistafayev bildirib ki, su ehtiyatları ilə bağlı vəziyyət gərgindir.
Dövlət strukturlarının nümayəndələri deyirlər ki, relyefə görə bütün Bakını fasiləsiz su ilə təmin etmək çətindir – bəzi rayonlar yüksəkliklərdə yerləşirlər və oralara su vermək çətindir.
Bakıda faktiki olaraq bütün şəhər sakinləri üç kateqoriyaya ayrılırlar: su xəttindən gələn suya fasiləsiz çıxışı olanlar, qismən çıxışı olanlar (su gün ərzində bir neçə saat gəldiyi zaman) və ümumiyyətlə su təminatı ilə “əhatə olunmayanlar”.
Bu xəritədə bakılılar arasında apardığımız kiçik sorğunun nəticələri əks olunub. Hər bir rəngli nöqtə respondentin ünvanıdır. Qırmızı su xətti yoxdur, narıncı su qrafik üzrə gəlir, göy su bütün sutka boyu gəlir.
Qrafik üzrə su
On il əvvəl mənim rayonumda suyu saatla verirdilər. Sakinlərdən biri səhər və axşam evinin yanındakı köşkdə mühəttiki qoşurdu. Suyu zəif təzyiq üzündən çıxa bilmədiyi yerə vuran “su mühərrikləri”Bakı üçün indi də adi haldır.
Beləliklə, “müharrikin nəzarətçisi”, ya da onun arvadı, yaxud oğlu müharriki qoşurdu və sakinlər tələsik çimir, yemək hazırlayır və su çəlləklərini doldururdular. Suyun qrafiklə verildiyi zaman bütün günü həmin qrafikə uyğunlaşdırmaq lazım gəlir, məsələn, duş qəbul edə bilmək üçün daha tez durmaq, ya da axşam çimə bilmək üçün evə tez gəlmək.
Bir neçə il əvvəl suyu bütün sutka verməyə başlayıblar – “Azərsu”nun geniş reklam elədiyi yenidənqurma işləri bizim rayonu da əhatə edib.
Ümumilikdə son illərdə vəziyyət yaxşılaşıb. Məsələn, 2010-cu ildə yeni Oğuz-Qəbələ-Bakı su xəttinin istifadəyə verilməsi şəhərin bir nüçə rayonunun “su problemini” həll edib.
Oğuz-Qəbələ-Bakı xəttindən başqa Bakı Şollar kanalı, şəhərin yaxınlığında yerləşən Ceyranbatan su anbarı və Kür çayının suyu hesabına da su ilə təmin olunur.
Bununla belə hakimiyyətin hələ 2013-cü ilə qədər reallaşdırılacağını vəd etdiyi kimi bütün şəhərin bütün sutka ərzində fasiləsiz su ilə təminatı üçün su yenə də çatmır.
Su xəttinin əsasən ümumiyyətlə olmadığı şəhərkənarı qəsəbələrdə vəziyyət daha pisdir.
Nigar Musayeva az əvvəl Tbilisiyə köçüb. O, hər dəfə kranı açanda sevinir ki, istədiyi vaxt duş qəbul edə bilər:
“Bakıda gün ərzində bir neçə saat su verirdilər, səhər və axşam. Bak yox idi, buna görə də vannanı su ilə doldururduq ki, heç olmasa əlimizi yuya bilək. Bəzən heç normal əl-üzümüzü yuya bilmirdim, evə axşam ondan sonra gələndə buz kubları ilə üzümü silməklə yola verirdim. Axşam saat yeddiyə qədər çirkli qablar çanaqda yığılıb qalırdı. Bütün bunlar alçaldıcı idi. Mən çıxıb getdim, anama isə ürəyim ağrıyır”.
Bakılılar su problemini necə həll edirlər
Ümumilikdə Bakıda su təchizatı hər bir ailənin öz şəxsi problemi kimi qəbul olunur və insanlar bu problemi ən müxtəlif yollarla həll edirlər.
Əgər su gündə bir neçə saat gəlirsə, deməli, onun saxlanması üçün kifayət qədər böyük çən lazımdır. Əgər su xətti yoxdursa, su çəni yenə də lazımdır, amma üstəlik su da tapmaq lazımdır.
Şəhər kənarlarında, inlanların əsasən fərdi evlərdə yaşadıqları yerlərdə sakinlər evlərin həyətlərində böyük su çənləri qoyurlar, ya da hovuz qazırlar – yer altında beton “qutular”.
Çəni mənzillərdə də quraşdırmaq mümkündür – məsələn, vanna otağının tavanında 200 litrlik, ya da daha böyüyünü evin damında.
Su xəttinin ümumiyyətlə olmadığı Bakının ucqarlarında çox vaxt quyu qazırlar. Məsələn, Buzovna qəsəbəsində quyu-mühərrik-çən birləşməsi çox populyardır. Yəni mühərriklə su quyudan çıxarılır və evin həyətindəki böyük çənə doldurulur. Bu su çimmək və qab yumaq üçün istifadə olunur, içməli suyu isə həftədə bir dəfə su maşını gələndə pulla alırlar.
Problemi həll etmək üçün daha bir yol yaxşı təzyiqi olan su xəttinə birbaşa gedib çıxmaq, müxtəlif evlərə “şaxələnənə qədər” öz borunu ana xəttə “dirəməkdir”.
Maştağa qəsədə sakini Orqan danışır:
“Həyətimizdə iki dənə çən var – birinə içməli, ikincisinə isə qalan şeylər üçün su doldururuq. İçməli suyu alırıq. Içməli suyu maşınla gətirirlər və 20 manata çəni üç aylıq doldururlar. Bu suyu qaynadıb içirik. Məişət ehtiyacları üçün olan suyu isə quyudan nasosla çəkirik”.
İçməli olmayan içməli su
Mən birinci dəfə xaricə gedəndə, hostelə yerləşdiyim zaman su içmək üçün mətbəxə getdim. Heç yanda su dolu qrafin tapmadığım üçün hostel sahibinə müraciət etdim. Yaşlı kişi mənə təəccüblə baxıb dedi ki, “kranı aç və iç”.
Mən əvvəlcə onun sözlərinə şübhə ilə yanaşdım, fikirləşdim ki, bu yolla suya qənaət edir, amma mən fincana su doldurub, dadına baxanda anladım ki, su həqiqətən də içməlidir.
Məsələ burasındadır ki, Bakı sakinlərinin mütləq əksəriyyəti kran suyunu içməməyə çalışır.
Su xəttindən gələn suyun içməyə yaramadığını qablaşdırılmış su bazarının inkişaf etmiş olması da təsdiqləyir – insanlar suyu üç və beş litrlik qablarda alırlar. Filtrlər çox populyardır – həm dolça şəklində məişət üçün, həm də birbaşa su xəttlərinə quraşdırılanlar. Ən pis halda suyu sadəcə istifadədən əvvəl qaynadırlar.
Nərgiz Bakının mərkəzində yaşayır. O deyir ki, su bütün sutka gəlir, amma onu içmək olmaz: “Hər şeydən əlavə, zaman-zaman sudan qəribə qoxu da gəlir”.
Dünyanın bir çox şəhərlərində iki növ su xətti var – təmizlənmiş içməli su xətti və məişətdə istifadə etmək üçün, texniki, təmizlənməmiş su xətti – qalan hər şey üçün.
Bakıda formal olaraq bütün su içməli su hesab olunur və hər yanda ondan istifadə edirlər: çox saylı avtomobil yuma məntəqələrində, ağac sulamaq üçün, fəvvarələrdə. Buna görə də statistik olaraq belə alınır ki, Bakı sakini orta hesabla suya London sakinindən iki dəfə artıq pul xərcləyir.
Nigar Məmmədova əri ilə birlikdə bu yaxınlarda mənzillərini dəyişiblər. Köçmələrinin əsas səbəblərindən biri suyun keyfiyyəti olub:
“Biz yeni tikilidə yaşayırdıq. Su fasiləsiz idi, amma o qədər çirkli idi ki, iyrənirdim. İçində qum, daş vardı. Kranların torlarını mütəmadi olaraq təmizləmək lazım gəlirdi. Üz dərimdə problemlər başladı, duşdan sonra bədənim qaşınırdı. İndi başqa rayona köçmüşük və çəkdiyimiz əzab sona çatıb. Su təmiz gəlir, dərimlə bağlı problemlər də keçib”.
Nigar Bakıda çoxları kimi su filtrlərindən istifadə edir. Həm də hər iki növündən:
“Mən dolça kimi filtrdən də istifadə edirəm, krana quraşdırılandan da. Yeni rayonda su o qədər yaxşıdır ki, bəzən hətta filtrlərin birindən istifadə edirəm. Hətta su xəttinə quraşdırılmış filtrin kassetini də artıq beşinci aydır ki dəyişmirəm, halbuki üç aya adətən çirklənirlər”.
Xlor qoxusu da bakılıların tez-tez səsləndirdiyi şikayətlərdən biridir. Kür çayından çox çirkli gələn suyu xlorlayırlar.
Xloq orqanizmə böyük həcmdə daxil olduğu zaman onkoloji xəstəliklərə səbəb ola bilər. Adətən suyu xlorla təmizləyən zaman onun həcminin mümkün normanı aşmamasına diqqət yetirirlər. Bununla belə, Qərbdə bu metod təhlükəli hesab olunur və ondan ozonlaşdırma (ozonun köməyilə suda bütün mikroorqanizmlər məhv edilir) xeyrinə imtina ediblər.
Bunun üçün “Azərsu” bahalı avadanlıq almalı olardı, bundan başqa, bu metod ciddi nəzarət tələb edir – deməli, ixtisaslaşmış personal lazımdır.
Odur ki, hələlik “su məmurları” əmin edirlər ki, su tam normaldır, onu içmək olar, filtr satıcıları isə şarlatan və dələduzlardır.
Azərbaycan paytaxtının sakinlərinin çoxu bu arada öz pulları, zamanları və səyləri hesabına “su probleminin” həllinə davam edirlər.