Azərbaycanda siyasi səssizliyin arxasında qorxumu var, laqeydlikmi?
Azərbaycandakı siyasi səssizliyin səbəbləri
Azərbaycanda siyasi tənqidçilərə dəstəyin niyə yalnız sosial şəbəkələrlə məhdudlaşdığı sual doğurur. Bu sükut hakimiyyətin yaratdığı qorxu atmosferinin nəticəsidir, yoxsa cəmiyyətin siyasi proseslərə qarşı getdikcə daha çox laqeyd qalmasının?
Bu material “AzadlıqRadiosu”nun yayımladığı təhlilə istinad edir.
Azərbaycanda son 18 ayda onlarla jurnalist, hüquq müdafiəçisi və siyasətçi müxtəlif ittihamlarla həbs edilib. Həbs edilənlər zorakılıq və işgəncə halları barədə məlumat versələr də, rəsmi qurumlar bu iddiaları inkar edir. Cəmiyyətdə bu hadisələrə reaksiya getdikcə sosial şəbəkələrlə məhdudlaşır, açıq dəstək və etirazlar isə zəifləyir.
Ekspertlər bu sükutu repressiyaların yaratdığı sistemli qorxu, ümidsizlik və informasiya blokadası ilə izah edirlər. Hakimiyyət siyasi plüralizm görüntüsü təqdim etsə də, müşahidəçilər ictimai-siyasi fəallığın minimuma endiyini vurğulayır.
Repressiyalar
Son 18 ayda 30-a yaxın jurnalist, siyasi fəal və hüquq müdafiəçisi saxlanılıb. Onların ailə üzvləri maliyyə blokadasına məruz qalıb, ölkədən çıxışları qadağan edilib. Saxlanmaları zamanı zorakılıq halları yaşanıb: başına torba keçirilən, gecə yarısı evinə basqın olunan insanlar, hətta azyaşlı övladlarının gözü qarşısında aparılanlar var.
Təcridxanadan da zorakılıq şikayətləri gəlir. Həbs edilənlər isgəncə, təhqir, zorlama hədələri barədə danışır. Rəsmilər isə bu iddiaları inkar edir.
Tofiq Yaqublu
Tofiq Yaqubluya dələduzluq və saxta sənəd ittihamları ilə verilən 9 illik həbs cəzasına etiraz olaraq 40 gün aclıq aksiyası keçirdi. Bu aksiyada cəmiyyətin dəstəyi əvvəllərki kimi kütləvi deyildi. Sosial mediada dəstək mesajları olsa da, meydanlarda, məhkəmə önündə toplaşmalara rast gələn olmadı.
Arif Hacılı: “Tənqid yeni həbs riskidir”

Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı hesab edir ki, insanlar narazılığını gizlədir, çünki bu narazılığı açıq ifadə etmək yeni həbs dalğasına səbəb ola bilər. Siyasi partiyalar da, əsasən, insanlara ehtiyatlı davranmağı təklif edir.
“Bütün bunlar ölkədə irtica rejiminin əvvəlki dövrlərə nisbətən daha sərt, daha kəskin forma almasının nəticəsidir. Əslində, Tofiq Yaqubluya, bütün siyasi məhbuslara Azərbaycan cəmiyyətindən dəstək yetərincədir. Yəni, insanlar onların həbsindən narazıdırlar, onların azadlığa buraxılmasını tələb edirlər. Ancaq bu tələblərin açıq şəkildə, məsələn, kütləvi aksiyalar şəkilində, başqa formada büruzə verilməsi nəticə etibari ilə yeni həbslərə səbəb olur”.
Samirə Qasımlı: Qorxu, apatiya və liderlik böhranı

Siyasi psixoloq Samirə Qasımlıya görə, Azərbaycan bu gün azadlıq və mübarizə baxımından ən tənha dövrünü yaşayır. O bildirir ki, bu səssizlik siyasi liderliyin dağılması, qorxunun sistemliləşməsi və ümumi apatiyanın hakim olmasının nəticəsidir.
“Hər gün kiminsə həbs olunduğunu eşidirik. Xüsusi sərt və qəddarlıqla baş verən bu həbslər onsuz da apatiyada olan, onsuz da qorxu mühitinin hakim kəsildiyi bir cəmiyyətdə qorxunu daha da gücləndirib. Xalq kənarda durub. Nə siyasi partiyalardan bir hərəkətlilik görürük, nə də siyasətin digər aktorlarından, subyektlərindən. Yəni, bu gün Azərbaycanda mübarizə aparan cameə sanki təklənib”.
Cavid Əsədov: Repressiyalar və ümidsizlik

Siyasi elmlər üzrə doktorant Cavid Əsədov bildirir ki, bu səssizliyin arxasında üç ciddi faktor dayanır: uzunmüdətli repressiyalar, siyasi ümidsizlik və informasiya blokadası. Onun fikrincə, cəmiyyət məlumat ala bilmədikcə etiraz imkanları da səngiyir.
“Hansısa vətəndaş çıxıb etiraz aksiyası keçirərsə belə, onu çəkib ictimailəşdirəcək jurnalistlərin sayı çox azdır. Onların əksəriyyəti ya həbs olunub, ya da ölkədən gedib. Nəticədə qorxu elə dərəcədə yayılıb ki, insanlar nəinki danışmağa, hətta bəzən müzakirə etməyə belə çəkinirlər. Bu artıq, məncə, fərdi yox, ictimai bir qorxudur. Səssizliyin sistematik bir formasıdır”.
Elçin Məmməd: “Ədalətə inam məhv olub”

Hüquq müdafiəçisi Elçin Məmməd deyir ki, insanlar ədaləti məhkəmələrdə axtarmırlar. Bir çox hallarda ədalət axtarışı Prezidentə və ya vitse-prezidentə şəxsi müraciətə çevrilib. Bəzən bu ümidlərə cavab alınmayanda insanlar daha çarəsiz aksiyaları – aclıq, intihara cəhd – yolu tuturlar.
“Bu da, təbii ki, çox böyük mənfi nəticələrə gətirib çıxaracaq və ölkədə insan haqları sahəsindəki durumu daha da xaosa sürükləyəcək”.
Hökumət rədd edir, beynəlxalq qurumlar tənqid edir
Rəsmi qurumlar siyasi plüralizmin mövcudluğunu, Ombudsman saxlanılanların şəraiti ilə maraqlanıldığını iddia edir. Amma “Amnesty International” və digər qurumlar Azərbaycanda etirazların boğulduğunu, isgəncənin yayğın olduğunu bildirir. Parlamentdəki müsbət görünümlü qeyri-plüralist mühit ATƏT-in son hesabatında “sadiq müxalifət” kimi qiymətləndirilib.
Nəsimi Məmmədli: “Hakimiyyət nəzarəti qorxuyla əvəz edir”

Siyasi şərhçi Nəsimi Məmmədli vurğulayır ki, hakimiyyətin siyasi görkəmi möhkəm olsa da, ictimai dayaqları kövrəkdir. Sərbəst toplaşma, seçki, medianın mövcudluğu qorxuya dayanır. Cəmiyyət isə ədalət tələbi deyil, səssizlik nümayiş etdirir.
“Görünən budur ki, hakimiyyət özünü rahat hiss etmir. Ümumiyyətlə, avtoritar idarəetmə sistemləri vətəndaşı əzmək üçün inzibati və polis gücünə sahib olsa da, ictimai-siyasi gücü zəif olur. Sərbəst toplaşma azadlığını təmin etməkdən çəkinir, azad, ədalətli, demokratik seçki keçirməkdən qorxur, vətəndaş iştirakçılığına, ümumiyyətlə, belə deyək, nifrət edir”.
Xaricdəki fəallara təzyiqlər
Sürgünlərdə olan fəallar özlərinə təzyiqlər, təqiblər edildiyini bildirirlər. Hökumətyönlü media bu şəxslərə qarşı kampaniyalar aparır. Aprelin 29-da ABŞ Konqresində Tom Lantos Komissiyasının dinləməsində vurğulanyıb ki, repressiyalar təkcə Azərbaycanda deyil, xaricdə də təzahür edir.
Azərbaycandakı siyasi səssizliyin səbəbləri