Bakıda minlərlə etirazçı parlamentə girdi, Ermənistanla müharibəyə başlamağı tələb edənlər gözyaşardıcı qazla qovuldular
Bakıda şəhidləri qarşılamaq üçün küçələrə çıxmış insanlar daha sonra toplaşıb, şəhərin mərkəzinə “Qarabağ bizimdir” şüarı ilə yürüş ediblər.
Karantin rejiminin hələ də qüvvədə olmasına, insanların evdən çıxma qadağasının qalmasına baxmayaraq, Bakıda minlərlə insan paytaxtın mərkəzindən hökumət evinə qədər yürüşə başlayıblar.
Azadlıq meydanına toplaşanlar oradan Şəhidlər Xiyabanına doğru şüarlar səsləndirərək irəliləyiblər.
Nümayişçilər Prezident Administrasiyasının qarşısından keçərək, “Ya Qarabağ, ya Ölüm”, “Karantin bitsin, döyüş başlasın”, “Ali Baş komandan, silah ver bizə!” şüarları səsləndiriblər.
Gecə saat dörd radələrində nümayişçilər parlament binasına girərək, “səfərbərlik!” şüarını səsləndirdilər.
Ərazidə çox sayda polis olmasına baxmayaraq, onlar aksiya iştirakçılarına mane olmayıb və parlamentin mühafizəsi üçün heç bir tədbir görməyib. Qısa müddət sonra isə polislər binaya girib zor tətbiq edərək, insanları parlamentdən çıxarıblar. Bəzi nümayişçilər Milli Məclisin qarşısındakı polis maşınını da çeviriblər.
Polis su şırnaqlarından istifadə edərək, meydanda qalan insanları dağıdıb. Aksiya iştirakçılarından saxlanılanlar var. Onların sayı hələlik dəqiqləşdirilmir.
İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.Döyüşdə Azərbaycan 12-i şəhid verib.Onlardan biri general-mayor Polad Həşimovdur.