Azərbaycanda son 5 ildə rus sektorunda uşaqların sayı 50 min nəfər artıb
Azərbaycanda rus sektoru
Azərbaycan məktəblərində dövlət hesabına rus sektorlarının qalması zaman-zaman mübahisələrə səbəb olur. Cəmiyyətin bir qismi dövlət hesabına rus dilində təhsilin ləğv edilməsinin tərəfdarıdır. Amma statistika ildən-ilə rus sektoruna tələbatın artdığını göstərir.
- “Abzas Media”nın direktoru və baş redaktoru həbs edilib
- “Bizim İvanişvilidən başqa oliqarxımız yoxdur” – Gürcüstan prezidenti Bidzina İvanişvilini açıq tənqid edib
- Yerevanda məişət zorakılığı qurbanlarına necə kömək edirlər? Şəxsi hekayələr
Səmra Ağayevanın qızı rus dilində təhsil alır. Deyir ki, rus dili Qafqaz regionu üçün hələ də aktualdır. Ona görə də qızı dörd yaşında olanda onu rus dilli bağçaya yazdırıb ki, məktəbə başlayanadək rus dilini öyrənsin. Amma uşaq rus dilini öyrənərkən, Azərbaycan dilini tamam unudub. Buna görə də Səmra qızını məktəbdə də rus bölməsinə qoymaq qərarına gəlib. Beləcə qızı Xırdalan şəhərində yerləşən 2 saylı orta məktəbin rus bölməsində ibtidai təhsilə başlayıb:
“Xırdalanda rus dilində təhsil verən cəmi iki məktəb var. Hər ikisində də rus sektoruna iki sinif ayrılıb. Bütün bu siniflərdə sıxlıq var. Qızım iki il 48 sinif yoldaşı ilə birgə təhsil aldı. Bu hesabla dərs saatı ərzində bir uşaqla məşğul olmağa bir dəqiqə belə çatmır. Müəllimə dərs proqramını tədris eləməkdən ötrü məcbur olmuşdu ki, özünə köməkçi tutsun. Rus dili, riyaziyyat kimi əsas fənləri uşaqlar yaxşı mənimsəsinlər deyə musiqi, rəsm, idman dərsləri keçilmirdi. Şagirdlər çox vaxt tənəffüsə belə çıxmırdılar. Müəllim də əziyyət çəkirdi, uşaqlar da”, – Səmra danışır.
O deyir ki, elə ilk günlərdən rus sektorunda olan problemləri görməyə başlayıb. Bunlardan ən əsası da müəllim çatışmazlığıdır.
“İbtidai sinif müəlliməmiz çox güclü idi. Amma məsələn, Azərbaycan dili müəlliməsi löhvəyə ev tapşırığını yazanda az qala hər dəfə hərf səhvi buraxırdı. Şikayət edəndə də, deyirdilər ki, başqa müəllim yoxdur. Qızım hələ ibtidai sinifdədir, yuxarı siniflərdə oxuyan uşaqların valideynləri deyir ki, getdikcə lap pis olacaq. Rus sektorunda fizika, riyaziyyat, biologiya və s. fənlərindən dərs deməyə müəllim tapmaq olmur. Azərbaycan dilli müəllimləri dəvət edirlər, onlar da rus dilində fənni normal izah edə bilmirlər”, – deyə narazılığını bildirir.
Azərbaycanda dövlət hesabına orta və ali təhsil Azərbaycan və rus dilində aparılır. Səmra Ağayeva düşünür ki, rəsmi dövlət dilindən başqa heç bir dilin tədrisi dövlət hesabına olmamalıdır:
“Bu cür bərbad vəziyyətdə dövlət hesabına rus sektorunu saxlamaqdansa, elə birdəfəlik bağlasalar daha doğru olar, məncə. Kimsə uşağının rus bölməsində oxumasını istəyirsə, özəl məktəblərə qoya bilər. İngilis, fransız, alman və s. dillərdə tədris ödənişli olduğu kimi rus dilində də belə olmalıdır. Onsuz da dövlət məktəblərində rus sektorunda vəziyyət getdikcə pisləşir. Mən də qızımı bu ildən özəl liseyə qoymalı oldum”.
Övladı rus bölməsində təhsil alan digər valideyn Zemfira Əliyeva isə hesab edir ki, dövlət hesabına rus dilli təhsil qalmalıdır, amma ona “ögey münasibət” dəyişməlidir.
“Rus sektorunda uşaqlar daha müstəqil yetişir, onlara basqı daha azdır və buna görə də dünya görüşləri daha yaxşı inkşaf edir”, – o deyir.
Zemfira hesab edir ki, rus bölməsində oxumaq gələcəkdə daha çox iş imkanı vəd edir, çünki Azərbaycanda rus dili hələ də çox vacibdir.
“Bakının mərkəzində adi mağazada satıcı işləmək üçün də rus dili biliyi tələb olunur. Buna görə də ölkədə rus bölməsinə tələbat çoxdur. Dövlət bu tələbatı nəzərə almalıdır. Tələbata uyğun sayda müəllim kadrları yetişdirilməlidir ki, siniflərdə sıxlıq yaranmasın, 40-50 uşaq bir sinifdə oxumasın. Həm də yuxarı siniflərdə fənn müəllimi qıtlığı yaşanmasın”, – deyə o bildirir.
Hazırda Azərbaycanda 4 min 432 orta məktəbdən 329-u tamamilə rus bölməsindən ibarətdir. Statistika göstərir ki, ölkədə rus bölməsinə tələbat ildən ilə artır.
Elm və təhsil nazirinin müavini İdris İsayevin 2023-cü ilin birinci yarısında açıqladığı rəqəmlərə görə, Azərbaycanda hazırda rus dilində təhsil alanların sayı 160 min nəfərdir. 2018-ci ildə bu rəqəm 90, 2019-cu ildə 120 min nəfərə qədər olub. Bu isə son beş ildə rus bölməsində təhsil alan uşaqların sayının 50 min nəfərə qədər artması deməkdir.
Azərbaycan Dillər Universitetində şöbə müdiri, təhsil üzrə ekspert Vüsalə Ağabəyli də deyir ki, rus bölməsinə tələbatın artdığını müşahidə edir. Onun sözlərinə görə, bir neçə il öncə rus sektoru və rus dilinə maraq çox azalmışdı. Son illər isə bu təlabat artan xətlə irəliləyir.
Mütəxəssis qeyd edir ki, 10-15 il bu sahənin daralması, məzunların və müəllimlərin sayının azalması hazırda rus bölməsi üzrə müəllim qıtlığına səbəb olub:
“Rus bölməsinə şagird sayı ildən-ilə artsa da, həmin şagirdlərə tədris prosesi aparacaq müəllimlər azlıq təşkil edir. Bu hal tədrisin keyfiyyətinin də azalmasına səbəb olur”.
Vüsalə Ağabəyli valideynlərin övladlarını rus bölməsində təhsilə yönəltməsinin müxtəlif səbəblərinin olduğunu da deyir:
“Bəzən kor-təbii şəkildə, sırf rəqabət və natamamlıq kompleksinin təminatı üçün valideynlər rus bölməsinə müraciət edir. Digər tərəfdə isə mövcud ədəbiyyatın, tədqiqat işlərinin ya rus, ya türk, ya da ingilis dillərində olduğunu düşünərək övladlarının gələcəyini daha optimal qurmağa çalışan valideynlər dayanır. Bu baxımdan da, ingilis və türk dillərində təhsil ödənişli olduğu üçün, övladlarını rus dilində təhsilə yönəldirlər”, – ekspert deyir.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Aqiyə Naxçıvanlı Azərbaycan məktəblərində rus dilli təhsilə daha çox diqqət ayrılmasının tərəfdarıdır. Deputat bildirib ki, dil seçimi ailənin istəyi, arzusu ilədir.
“Ailəyə öz uşağını hansı dildə oxutmaq rahatdırsa, əlbəttə ki, övladını həmin dildə məktəbə qoyacaq. Mən rus məktəblərinin bağlanmasının qətiyyən tərəfdarı deyiləm. Qoy seçim könüllü olsun. Rus dilində ədəbiyyat daha rahat tapılır, klassikləri oxumaq rahat olur. Biz özümüz rus dilində oxumuşuq. Uşaqlarımızı hazırlamaq daha rahat olsun deyə onları rus məktəbinə göndəririk. Bu, o demək deyil ki, biz ana dilimizi unuduruq, ana dilinə üstünlük vermirik. Qətiyyən belə deyil. Deyirlər ki, insan nə qədər başqa dillərdə bilsə, o qədər varlıdır. Bu nöqteyi-nəzərdən seçim sərbəst ola bilər”, – deyə deputat bildirib.