Azərbaycanda karantin fonunda repressiyalar davam edir
Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq üçün elan edilən karantin rejimi fonunda repressiyalar davam edir
Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, keçmiş siyasi məhbus Faiq Əmirli “karantin rejimini pozmaq” ittihamı ilə 30 sutka həbs cəzası alıb.
NİDA gənclər hərəkatının fəalı, keçmiş siyasi məhbus İlkin Rüstəmzadə polis tərəfindən təzyiqə, şantaja və təqibə məruz qaldığını bildirib.
Daha əvvəl martın 22-23-də karantin rejiminin pozulması ittihamı ilə digər AXCP üzvü Anar Məlikov 10 sutka cəza alıb, “Müsavat” partiyasının liderlərindən biri, keçmiş siyasi məhbus Tofiq Yaqublu isə xuliqanlıqda ittiham olunaraq haqqında istintaq müddətində 3 ay həbs qətimkan tədbiri seçilib.
Avropa Şurasının Parlament Assambleyasında bunu “yeni repressiya raundu” adlandırıblar və bildiriblər ki, prezident İlham Əliyev pandemiyadan müxalifətə təzyiq vasitəsi kimi istifadə edir.
“Görünür ki, Azərbaycan hakimiyyəti siyasi repressiyanın növbəti raunduna başlayır. Bu, ölkənin Avropa Şurasındakı gələcəyi üçün yaxşı heç nə vəd etmir”, – AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzaçisi Torxuldur Sunna Evarsdottir şərh edib.
Aprelin 8-i səhər saatlarına olan rəsmi məlumata görə, Azərbaycanda 822 koronavirusa yoluxma halı qeydə alınıb. Səkkiz nəfər ölüb, 63 nəfər sağalıb.
Müxalifətçiyə 30 sutka
Faiq Əmirli Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin köməkçisidir. 2016-cı ilin avqustunda o, dini düşmənçiliyi qızışdırma və vergidən yayınma ittihamları ilə 3 il və 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi. 2017-ci ilin sentyabrında həbs cəzası şərti cəza ilə əvəzləndi və Əmirli azadlığa çıxdı.
Əmirlinin həyat yoldaşı bildirib ki, onu aprelin 8-də evinin qarşısında mülki geyimli adamlar zorla avtomobilə mindirərək, naməlum istiqamətə aparıblar.
Aprelin 9-da məhkəmə Faiq Əmirlini 30 sutka inzibati cəzaya məhkum edib. Bu haqda Əmirlinin həyat yoldaşı və digər yaxınları, partiyadaşları sosial şəbəkələrdə yazıblar. Əmirlinin “karantin rejimi qaydalarını” məhz necə pozduğu məlum deyil.
- “Yaxşı ki, hər şeyi öz gözlərimlə gördüm” – Azərbaycanda karantindən hekayə
- “Elə kobud cavab verdilər ki, elə bil borc istəyirəm” – pandemiya Azərbaycanda ticarət işçilərinə necə təsir edib?
- Koronavirus haqda hər şey
Fəalın mühasirəyə alınması
İlkin Rüstəmzadə iğtişaşların təşkili ilə bağlı uydurma ittihamla 6 il həbsdə qalıb və 2019-cu ilin sonunda azadlığa buraxılıb. Azərbaycanda koronavirus pandemiyasına görə karantin elan ediləndən sonra o, dövlətdən vətəndaşlara pul kompensasiyalarının verilməsi, bu müddət ərzində kommunal xərclərin və bank kreditlərinin ödənməsindən azad edilməsini tələb edən onlayn-petisiya hazırlayıb.
Rüstəmzadə baş verənləri həmin petisiya ilə əlaqələndirir. Onun sözlərinə görə, aprelin 8-də polis əvvəlcə onun valideynlərinin evinə gedib, daha sonra hazırda kirayə qaldığı evi mühasirəyə alıb.
Bundan başqa, bir neçə gün ərzində internetdə Rüstəmzadənin həyat yoldaşı ilə bağlı nalayiq səhifələr yaranmağa başlayıb.
Bütün bunlardan sonra fəalın kirayə qaldığı evin sahibi də onların evdən çıxmasını tələb edib.
Azərbaycanda gücləndirilmiş karantin rejimi tətbiq olunub.
Metro, parklar, bağlar bağlıdır, əksər kommersiya obyektlərinin, müəssisə və təşkilatların fəaliyyəti dayandırılıb.
Aprelin 5-dən vətəndaşların hərəkətinə məhdudiyyət tətbiq olunub – müəyyən sahələrdə çalışan insanlardan başqa hər kəs evdən çıxmaq üçün hakimiyyətdən sms-lə icazə almalıdır. Qayda pozucular cərimələnir.
Bununla belə, ölkədə rəsmən fövqəladə vəziyyət elan olunmayıb.
Hakimiyyət ziyan çəkən sahibkarlara və işsiz qalan vətəndaşlara kompensasiya ödənəcəyinə dair söz verib.