İlham Əliyev 92,05 faiz səslə liderdir
Azərbaycanda prezident seçkilərinin nəticələri
Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, növbədənkənar prezident seçkilərində Azərbaycanın hazırkı prezidenti İlham Əliyev səs çoxluğu toplayaraq liderdir.
- İlham Əliyevin qalibiyyət formulu: parçalanmış müxalifət, dağıdılmış media, minnətdar xalq
- Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir
Fevralın 8-də gecə saatlarında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar prezident seçkilərinin ilkin yekun nəticələri ilə bağlı mətbuat konfransı keçirib. O, 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsinin 6102-dən (93,35 faiz) nəticələrin MSK-ya daxil olduğunu bildirib. Qeyd edib ki, həmin protokollar üzrə etibarlı hesab edilmiş səslərin sayı 4 milyon 651 min 473-ə bərabərdir. Bu etibarlı səslər namizədlər arasında aşağıdakı kimi bölünüb:
- Lider namizəd Əliyev İlham Heydər oğlu – 4 milyon 281 min 625 səs (92,05 faiz);
- Əliyev Fuad Ağası oğlu – 24 min 799 səs (0,53 faiz);
- Həsənquliyev Qüdrət Müzəffər oğlu – 81 min 799 səs (1,76 faiz);
- Musayev Elşad Nəbi oğlu – 31 min 33 səs (0,67 faiz);
- Mustafa Fazil Qəzənfər oğlu – 92 min 980 səs (2 faiz);
- Nurullayev Razi Qulaməli oğlu – 37 min 386 səs (0,80 faiz);
- Oruc Zahid Məhərrəm oğlu – 101 min 851 səs (2,19 faiz).
Yekun nəticə fevralın 9-da elan olunacaq
Məzahir Pənahov bildirib ki, beləliklə, çox az sayda məntəqə üzrə məlumatlar MSK-ya daxil olmayıb. Hesab edirəm ki, artıq səhərdən biz bu dairə seçki komissiyalarının protokollarını qəbul edəcək və həmin protokollar üzrə lider namizədin səslərini müəyyənləşdirəcəyik. Ayın 9-da dairə seçki komissiyalarının protokolları əsasında seçkinin nəticələrini ictimaiyyətə təqdim edəcəyik. Bundan sonra daxil olan sənədləri araşdırıb MSK-nın iclasına çıxaracaq və səsvermənin nəticələri ilə bağlı yekun protokolu təsdiqləyib qəbul edəcəyik. Beləliklə, MSK səviyyəsində seçkilərə yekun vurub protokolu təsdiq üçün Konstitusiya Məhkəməsinə göndərəcəyik.
Konstitusiya Məhkəməsi MSK-nın təqdim etdiyi sənədləri araşdırıb qərar qəbul edəcək. Konstitusiya Məhkəməsinin qərarı qətidir və bu qərardan sonra lider namizəd seçilmiş hesab olunur. O, andiçmə mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başlayacaq.
MSK-nın sədri qeyd edib ki, seçkilər çox yüksək səviyyədə hazırlanaraq keçirilib. Bu seçkilərdə Azərbaycan seçiciləri konstitusion hüquqlarını həyata keçirərək səs veriblər.
Qeyd edək ki, ölkə üzrə seçkilərdə iştirak hüququ olanların 76,73 faizi, yəni 4 milyon 971,032 min seçici səs verib.
Kim artıq Əliyevi təbrik edib?
Hələ Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini elan etməzdən əvvəl Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Belarus prezidenti Aleksandr Lukaşenko, Macarıstan baç naziri Viktor Orban və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi qələbə münasibətilə təbrik ediblər.
İlkin nəticələr elan edildikdən sonra təbriklər sırası davam edib. İndiyədək İlham Əliyevi İraq prezidenti Əbdüllətif Camal Rəşid, Pakistan prezidenti Arif Alvi, Venesuela prezidenti Nikolas Maduro, İran prezidenti İbrahim Rəisi, Ukrayna prezidenti Vladimir Zelenski, Rusiya prezidenti Vladimir Putin, Çin lideri Si Tsinpin təbrik ediblər.
Qanun pozuntularını əks etdirən video və fotolar yayılıb
Səsvermə prosesində müstəqil jurnalistlər tərəfindən bir sıra seçki məntəqələrində pozuntulara dair foto və videolar yayılıb. Bu görüntülərdə eyni şəxslərin bir nrçə məntəqədə səs verməsi, bir neçə nəfərin eyni zamanda səsvermə kabinəsinə daxil olması, seçki qutusuna topa bülleten atılması, faktiki yaşayış yeri barədə sənəd təqdim etmədən qeydiyyatda olmadığı məntəqədə səs verməsi, seçicilərə küncləri əvvəlcədən kəsilmiş seçki bülletenlərinin verilməsi, yad şəxslərin seçki məntəqələrində olması və jurnalistlərin kim olduqları barədə suallarına cavab vermədən məntəqədən qaçması kimi faktlar əks olunub.
Media reyestrində qeydiyyatı olmayan jurnalistlərin çəkiliş aparmasına icazə verilməyib
Jurnalistlər bəzi seçki məntəqələrində onların səsvermə prosesini işıqlandırmasına icazə verilmədiyini də bildiriblər. Bir sıra seçki məntəqələrində jurnalistlərə Media Reyestrində qeydiyyatda olmadıqlarınıı bəhanə gətirərək onların çəkiliş aparmasına icazə verilməyib. Baxmayaraq ki, MSK Turan agentliyinə seçkilərin gedişini izləmək üçün jurnalistlərin Media Reyestrində qeydiyyatdan keçməsi tələb olunmadığını bildirib.
“Mərkəzi Seçki Komissiyası dəfələrlə bəyan edib ki, media seçkilərdə azad və sərbəst fəaliyyət göstərir. Jurnalistlər öz press vəsiqəsini təqdim edərək sərbəst şəkildə fəaliyyət göstərə bilərlər. Bəzən jurnalistlər vəsiqəni təqdim etmirlər və onların kim olduğunu bilmirlər deyə anlaşılmazlıq yaranır”, – deyə MSK-dan bildirib və əlavə olunub ki, qeyd olunan hallar araşdırılacaq.
Müstəqil müşahidəçilər seçki məntəqələrindən çıxarıldıqlarını bildiriblər
Bəzi müşahidəçilər də seçki məntəqələrindən uzaqlaşdırıldıqlarını açıqlayıblar. Müşahidəçi Cavid Nəbiyev Bakının 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsindən çıxarıldığını açıqlayıb.
Nəbiyevin sözlərinə görə, o, yalnız seçki prosesini müşahidə edib və heç bir qanun pozuntusuna yol verməyib. Lakin məntəqə seçki komissiyası onun barəsində protokol tərtib edib və o, məntəqədən kənarlaşdırılıb.
Oxşar hadisə həmin rayonun 1-ci məntəqəsində də qeydə alınıb. Orada müşahidəçi polisin iştirakı ilə məntəqədən çıxarılıb.
23-cü Dairə Seçki Komissiyasından “Turan”a bildirib ki, müşahidəçilər “seçki prosesinə əngəl törətdikləri” üçün kənarlaşdırılıblar.
Müxalifət seçkinin nəticələrini tanımır
Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) növbədənkənar prezident seçkilərinin nəticələrini tanımadığını bəyan edib.
Partiyanın bəyanatında ədalətli siyasi rəqabət üçün şəraitin olmaması, hökumət tənqidçilərinə və jurnalistlərə qarşı repressiyalar həyata keçirdiyindən bu seçkiləri boykot etdiyi xatırladılır.
AXCP bəyan edir ki, 7 fevral tarixində keçirilmiş prezident seçkiləri tam rəqabətsiz, hüquq və azadlıqların tam məhdudlaşdırıldığı, qorxu və təhdid, inzibati terror mühitində keçirildiyi üçün gerçək seçki olmayıb.
“Elan edilən nəticələr xalq iradəsinin ifadəsi deyil və qeyri legitimdir”, – partiyanın bəyanatında deyilir.
Müsavat Partiyası da növbədənkənar prezident seçkilərinin azad və ədalətli keçirilmədiyini bəyan edib.
Partiyanın mətbuat xidmətindən təqdim olunan sənəddə deyilir ki, “növbədənkənar prezidenti seçkiləri əvvəlcədən hər hansı ictimai diskussiyalar aparılmadan, növbədənkənar seçkilərin təyin edilməsinin səbəbləri xalqa izah edilmədən təyin edilib”.
“Bu qərar faktiki olaraq ölkə rəhbəri İlham Əliyevin 5-ci dəfə prezident olması üçün rəqabətsiz şərait yaradılmasına xidmət edib”, – daha sonra sənəddə deyilir.
Eyni zamanda bildirilir ki, Azərbaycan hakimiyyəti son illərdə ölkədə bərabər siyasi rəqabət şəraitinin tamamilə aradan qaldırılması və təkpartiyalı siyasi sistemin yaradılması istiqamətində fəaliyyətini davam etdirib.
“Müsavat Partiyası növbədənkənar prezident seçkilərinin nəticələrinin ləğv edilməsini, Azərbaycan xalqının azad iradəsini əks etdirən və beynəlxalq standartlara cavab verən, demokratik seçkilər vasitəsilə prezident seçkilərinin keçirilməsini tələb edir”, – sonda sənəddə vurğulanır.