Azərbaycanda pensiyaçılara pul paylanacaq
Azərbaycan prezidenti ölkədəki bütün əmək pensiyaçılarına 200 manat [$117,6] həcmində birdəfəlik maddi yardım edilməsi haqda sərəncam imzalayıb. Bu məbləğ dörd yerə bölünəcək və pensiyaçılar bərabər bölünmüş hissələri hər üç aydan bir alacaqlar. Ekspertlərin fikrincə, bu addım dövlət büdcəsinin gözlənilən böyük profisiti və kəskin qiymət artımı ilə bağlıdır.
- Xəzər dənizindəki böyük layihədə 1,7 milyard dollarlıq korrupsiya faktı aşkarlanıb
- Türkiyə lirəsinin ucuzlaşması: səbəblər iqtisadidir, yoxsa siyasi?
- “Forbes”: Gürcüstanda qırıcı təyyarələrin istehsalını Azərbaycan maliyyələşdirə bilər
Azərbaycan prezidenti İlham Əliyev “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sənədə əsasən, nəzərdə tutulmuş indeksləşdirməyə əlavə olaraq, 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 manat [$117,6] məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi təmin ediləcək.
Eyni sərəncamda pensiyanın sığorta hissəsinin və pensiya kapitalının indeksləşdirilməsi də nəzərdə tutulub.
2022-ci ilin əvvəlində Azərbaycanda pensiyaların minimum həcmi 20% artırılıb. Əgər 2021-ci ildə ölkədə minimal pensiya 200 manat [$117,6] idisə, yanvarın 1-dən 240 manata [$141,2] yüksəlib.
Ekspertlər pensiyaya əlavə olaraq ödənən birdəfəlik yardımın dövlət büdcəsinin gözlənilən böyük profisiti ilə bağlı olduğu fikrində yekdildirlər. 2022-ci ildə Azərbaycanın dövlət büdcəsində neftin 1 barreli 50 ABŞ dolları həcmində nəzərdə tutulub. Hazırda Azərbaycan neftinin dünya bazarındakı qiyməti 100 dollara yaxınlaşır. Neft satışından daxil olan vəsait Azərbaycanın dövlət büdcəsinin böyük hissəsini təşkil edir.
Birdəfəlik ödənişin başqa bir səbəbi də ilk tələbat mallarının qiymətlərinin kəskin artması ilə bağlıdır. 2022-ci ilin yanvarında Azərbaycanda çörək 30 faiz bahalaşıb.
Ekspert şərhi
Müxalif Respublikaçı Alternativ Partiyasının liderlərindən biri Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda 2016-cı ilə qədər maaş və təqaüdlərin indeksləşdirilməsi rəsmi inflyasiya rəqəmləriə uyğun aparılırdı:
2015-də baş verən devalvasiyalar inflyasiyanı kəskin artırdı, 2016-cı ilin rəsmi inflyasiya rəqəmi 12,1% oldu, bunu görən hökumət indeksləşmənin formulunu dəyişdi – 2016-cı ildən sonra maaş/təqaüdlərin indeksləşməsi illik nominal gəlir, əməkhaqqı artımının səviyyəsinə uyğun aparılmağa başlandı ki, insanlara daha az kompensasiya ödəmək mümkün olsun. Yəni, hökumətin əsas istəyi insanlara veriləcək indeksləşmənin azaldılması, qənaət edilməsi idi – çünki, əməkhaqqının nominal illik artımı hər il 3% civarında olurdu”.
Əmək pensiyaçılarının pensiyasının indeksləşdirilməsi və birdəfəlik ödəniş qərarını şərh edən Cəfərli qeyd edib:
“Təqaüdlərin indeksləşməsini elan etdilər. 3,4% indeksləşmə olacaq, yəni, 300 manat təqaüd alan indi 310 manat 20 qəpik təqaüd almalıdır. Gördülər ki, bu lap ağ oldu, qiymətlər kəlla-çarxa çıxıb, insanların gözləntisi başqa idi, ona görə də, təqaüdçülərə birdəfəlik 200 manatlıq yardım ediləcəyi ilə bağlı qərar verildi. Qərara görə bu vəsait birdəfəyə ödənməyəcək, hər rüb 50 manat olmaqla il ərzində 4 dəfə təqaüdə əlavə olaraq ödəniləcək.
Yaxşı, sual yaranır, niyə bunu normal təqaüd artımı kimi indeksləşməyə əlavə etmirlər?! Cavabı sadədir: Bu yanaşmanı qanuna salıb indeksləşməni, məsələn, nominal əmək haqqının illik artımının 2 misli və ya 3 misli kimi etsəydilər, gələn il də eyni göstəricilərlə indeksləşmə olmalı idi. Ona görə də, bu ödənişi qanunla deyil, prezident sərəncamı ilə edirlər ki, onun nüfuzuna müsbət təsir etsin, həm də hər il təqaüd artımı ancaq və ancaq prezidentdən asılı olsun. Halbuki, bu, qanunlarla tənzimlənməli, heç kəsin yanaşmasından asılı olmamalıdır”.