Bakıdakı mitinqdə saxlanılanlar şəhərdən kənara aparılıb və orada sərbəst buraxılıblar - Yenilənib
“Respublikaçı alternativ” və “Müsavat” müxalifət partiyalarının razılaşdırılmamış mitinqi fevralın 16-da saat 15:00-da Mərkəzi Seçki Komissiyasının binasının qarşısında başlamalı idi.
Şəhər rəhbərliyi bu mitinqə yalnız o şərtlə icazə verib ki, tədbir şəhər ətrafında yerləşən Lökbatan qəsəbəsində keçirilsin. Lakin müxalifətçilər bununla razılaşmayıblar və şəhərin özündə toplaşmağa qərar veriblər.
22.00
Bakıda mitinq günündə saxlanılanların hamısı sərbəst buraxılıb. Polis avtobuslarla onları şəhərdən xeyli uzağa aparıb.
“REAL” partiyasının lideri İlqar Məmmədovun sözlərinə görə, onu dord saat avtomobildə “gəzdiriblər” və Bakı-Şamaxı yolunda düşürüblər.
17:00
Təyin olunmuş vaxtda MSK qarşısında onlarla müxalifətçi və fəal, o cümlədən də jurnalist toplaşıb. Əraziyə çox sayda polis və xüsusi təyinatlı səfərbər edilib.
Polis bütün ərazini mühasirəyə alıb, iştirakçılar gəldikcə saxlanılıb və avtobuslara doldurulub. Onların bir hissəsi şəhərdən xeyli kənara, hətta başqa rayonların ərazisinə aparılaraq yolda buraxılıblar.
İlkin məlumata əsasən, saxlanılarlar 50 nəfərdən çoxdur.
13:30
Mitinqin başlanmasına iki saat qalmış MSK binasının ətrafına polis toplaşmağa başlayıb.
Aksiyanın keçiriləcəyi yerə aparan yolda evdən çıxdıqdan dərhal sonra “Respublikaçı alternativ”in lideri İlqar Məmmədov, “Müsavat”ın lideri Arif Hacılı, “Müsavat”ın bir neçə fəalı və mitnqin daha bir sıra potensial iştirakçısı saxlanılıb.
Çoxdan vəd edilən mitinq
Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da baş tutub. Seçkilərdə “Yeni Azərbaycan” iqtidar partiyası növbəti dəfə qələbə qazanıb.
Müxalif və müstəqil namizədlərin əksəriyyəti seçkilərin nəticələrini saxtalaşdırılmış və qeyri-demokratik hesab edib. Seçkiləri izləyən beynəlxalq təşkilatlar da bununla razılaşır. Amma Azərbaycan hakimiyyəti seçkilərin ədalətli keçdiyini bildirir.
• Bakıda polis seçki saxtakarlığına qarşı etiraz aksiyasını dağıdıb. Video
• Parlamentə keçən yeganə azərbaycanlı müxalifətçi tənqid hədəfinə çevrilib
• Azərbaycanda ailə hakimiyyətinə alternativ haqda – İlqar Məmmədovla müsahibə
Fevralın 11-də müstəqil namizədlərdən ibarət bir qrup Mərkəzi Seçki Komissiyasının binası qarşısında etiraz aksiyası keçirib, amma polis aksiyanı sərt şəkildə dağıdıb.
Hələ seçkilərdən əvvəl Respublikaçı Alternativ (ReAl) Partiyasının lideri saxtalaşdırma baş verərsə, mitinq təşkil edəcəkləri haqda bildirmişdi. Bununla belə “ReAl” üzvü Erkin Qədirli parlamentə keçə bilib və seçkilərdə qələbə qazanan yeganə müxalif namizəd olub.