Azərbaycanda mülayimləşmə
Bu il bahar bayramı olan Novruz qeyri-adi soyuq keçdi. Amma yağış və küləyin fonunda ölkədəki siyasi ab-hava uzun müddətdən sonra nəhayət mülayimləşməyə başladı.
Martın 17-də Azərbaycan prezidenti məhkum olunmuş 148 şəxsin, o cümlədən də beynəlxalq hüquq-müdafiə təşkilatları tərəfindən siyasi məhbus hesab olunanların əfv edilməsi haqqında fərman imzaladı. Xatırladığım qədər, bu, rekord sayda siyasi məhbusun eyni anda, özü də heç bir ərizə yazmadan və ümummilli liderin məzarı üstünə gül dəstəsi qoymadan azad edilməsinə dair ilk nümunədir. Əvvəllər bunu təsəvvür etmək belə çətin idi.
Hadisənin miqyasını anlamaq üçün “soyuqluğun tarixçəsini, yəni Azərbaycanda vətəndaş sektoru və QHT-lərə qarşı kampaniyanın başlanğıcını yada salaq. 2014-cü ilin yazından başlayaraq, Azərbaycanda vətəndaş cəmiyyətinin tanınmış nümayəndələri və jurnalistlər vergi idarələrinin və hətta prokurorluğun diqqət obyektinə çevrildilər. Bu kampaniyanın ilk qaranquşu olaraq “Zerkalo qəzetinin jurnalisti Rauf Mirqədirovun adını çəkmək olar, onu 2014-cü ilin aprel ayında Türkiyədən deport edərək, dərhal da Azərbaycanda Ermənistanın xeyrinə casusluq ittihamı ilə həbs etdilər. Bundan sonrakı təxminən bir il ərzində yüzə yaxın QHT fəalı (Qərbdən qrant alan), jurnalist və müxalif gənclər hərəkatı üzvləri saxlanıldı.
Hakimiyyət “ərəb baharı və “Facebook inqilabının Azərbaycana nüfuz etməsinin mümkünlüyündən ciddi narahatlıq keçirirdi. Bu hadisələrin ərəfəsində prezident administrasiyası rəhbəri Ramiz Mehdiyev dövlət KİV-lərində məqalə dərc etdirərək, ABŞ Dövlət Departamentini Azərbaycanda QHT vasitəsilə vəziyyəti destabilizasiya etmək cəhdində ittiham etdi.
O vaxtlar bir çoxları bu qərbyönlü təşkilatlara qarşı yönələn repressiyaları Ukraynadakı böhranla əlaqədar Rusiya-ABŞ qarşıdurması ilə izah edirdi. ABŞ uzaqda, Rusiya isə yaxındadır, yəni buna görə də biz şimaldan gələn şantaja boyun əyərək, qərb QHT-lərini bağladıq.
Həqiqətən də tezliklə Azərbaycanla ABŞ arasındakı münasibətlərdə gərginlik yaşandı. Senator Kristofer Smitin başçılıq etdiyi ABŞ Helsinki Komissiyası Konqresə Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun layihəsi təqdim etdi.
Burada o da qeyd olunurdu ki, Azərbaycan hökuməti siyasi məhbusların azad edilməsində əhəmiyyətli irəliləyiş nümayiş etdirəndən, vətəndaş cəmiyyətinin təqibinə son qoyandan, azad və ədalətli seçkilər keçirəndən sonra sanksiyalar götürülə bilər.
Buna cavab olaraq, Azərbaycan parlamentinə ABŞ ilə bütün sahələrdə münasibətlərin dayandırılmasını nəzərdə tutan “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında qanun layihəsi təqdim olundu.
Çoxları bu gərginliyi Rusiya tərəfindən edilən təzyiqlə əlaqələndirirdilər. İş orasındadır ki, Rusiya Cənubi Qafqazı özünün ənənəvi təsir dairəsi hesab edir və Qərbin müxtəlif QHT və qrantlar vasitəsilə təsirinin artmasına qısqanclıqla yanaşır. O, Gürcüstan və Ukraynada baş verən hadisələrin təkrarlanmasını istəmir. Bu versiya kifayət qədər inandırıcı görünür, xüsusən də Rusiyanın da fəal iştirak etdiyi Suriyadakı hadisələri nəzərə alsaq.
Bizdə bütün günahları Rusiyanın boynuna atmaq adətdir. Özüm üçün qeyri-adi olsa da, Rusiyanın vəkili rolunda çıxış etməyə çalışacam. Beləliklə, əgər Rusiya Qərbin QHT və vətəndaş sektoru vasitəsilə təsirinin məhdudlaşdırılmasında maraqlıdırsa, belə bir sual yaranır: onda niyə tamamilə Rusiyanın nəzarəti altında olan Ermənistan və Qırğızıstan kimi ölkələrdə Amerika və Avropa QHT-ləri fəaliyyətini maneəsiz davam etdirir və eyni zamanda ölkəyə valyuta vəsaiti gətirərək, iş yerləri ilə təmin edir?
Və əksinə, Rusiyadan o qədər də güclü asılılığı olmayan Azərbaycan və Özbəkistan kimi ölkələrdə həmin bu qərb QHT-lərin fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılır? Daha inandırıcı görünən cavab ondan ibarətdir ki, sadəcə avtoritar hakimiyyətlər öz hakimiyyəti və puluna görə qorxur, vətəndaş cəmiyyətini məhdudlaşdırmaq və mümkün qədər daha çox öz nəzarəti altına almaq istəyirlər.
Bəs belə olan halda siyasi mülayimləşməni nə ilə izah etmək olar? Bunun bir neçə versiyası var:
1. Rusiya öz vədlərinə əməl etmədi. Ən əsası da Qarabağ məsələsində. Buna görə də Azərbaycan hakimiyyəti “inciyərək, Qərbə tərəf reverans etdi.
Bu versiya şəxsən mənə o qədər də inandırıcı görünmür. Düşünmürəm ki, bizim hakimiyyət Rusiyanın Qarabağda nəyisə Azərbaycanın xeyrinə dəyişmək vədlərinə inanacaq qədər sadəlövhdür. Xüsusən də nəzərə alsaq ki, ilin əvvəlində Rusiya Ermənistana silah almaq üçün 200 milyon dollar məbləğində kredit ayırıb. Və bu tam gözlənilən idi.
2. Azərbaycan iqtisadi təzyiqə davam gətirə bilmədi. Neftin qiyməti son bir il ərzində 120 dollardan 33 dollara qədər düşdü. Milli valyuta il ərzində iki devalvasiya yaşadı. Yeni İl çıxışında prezident öz hakimiyyəti dövründə ilk dəfə olaraq etiraf etdi ki, “gəlirlərimiz kəskin şəkildə azalıb. Amma “Formula-1 üzrə Avropa qran-prisi, İslam Həmrəyliyi Oyunları, Şahmat Olimpiadası və bu kimi iri idman yarışlarının keçirilməsinin iddialı layihələri qüvvədə qalır. İlham Əliyev hakimiyyəti dövründə ilk dəfə olaraq hökumət bununla bağlı beynəlxalq maliyyə institutlarına kredit almaq üçün müraciət etmək fikrinə düşüb. Söhbət dörd milyard dollardan gedir. Amma təbii ki, həm BVF, həm də Dünya Bankı insan haqlarının vəziyyəti ilə bağlı suallar verəcək.
Bu versiya kifayət qədər inandırıcı görünür. Hətta hakim klana və oliqarx ailələrinə yaxın olan və artıq gəlir verməyən sahələrin maliyyələşdirilməsinin kəskin şəkildə azalması artıq iştahanı da azaltmağın vacibliyindən xəbər verir. Amma şəxsən prezident Əliyev Novruz bayramı günündə bildirdi ki, “Azərbaycan heç kimdən kömək istəmir, biz sadəcə yeni iqtisadi model üzərində işləyirik. Bu zaman o qeyd etdi ki, “beynəlxalq maliyyə institutları naliyyətlərimizi yüksək qiymətləndirir və bizimlə əməkdaşlığa hazırdır. Yəni bu versiya inandırıcı görünsə də yeganə deyil.
3. Azərbaycan prezidenti İlham Əliyev ilk dəfə uzun müddətli fasilədən sonra nüvə təhlükəsizliyi üzrə zirvə toplantısında iştirak üçün ABŞ-a rəsmi səfər etməklə bağlı dəvət aldı. Səfər çərçivəsində prezident Obama və digər liderlərlə görüş gözlənilir. Əliyev ora “müsbət imiclə getmək istəyir ki, insan haqları ilə bağlı heç bir xoşagəlməz suallar olmasın.
Bu versiya yuxarıdakı versiyanı tamamlaya bilər. Xüsusən də nəzərə alsaq ki, Əliyev kifayət qədər uzunmüddətli fasilə etdi və Qərbin siyasi məhbusların azad edilməsi ilə bağlı tələblərini dərhal yerinə yetirmədi. Həm də hamını və dərhal azad etmədi. Jurnalistlər Xədicə İsmayıl və Seymur Həzi, müxalifətçi lider İlqar Məmmədov (onun eyni proses üzrə “əlbiri olan Tofiq Yaqublu efv edildi), keçmiş səhiyyə naziri Əli İnsanov və başqaları hələ də həbsdədirlər.
Bir çox beynəlxalq hüquq-müdafiə təşkilatları “Azərbaycandakı mülayimləşməni alqışlayan bəyanatlarla çıxış etdilər. Amma hələ də müxalif jurnalistlərin və xaricdə müalicəyə ehtiyacı olan Arif və Leyla Yunus cütlüyünün ölkədən çıxışına qadağa var və bu siyahıya getdikcə yeni adlar əlavə olunur. Hələ də qərbyönlü QHT-lərin hesabları dondurulmuş qalıb, hələ də qrantların alınması üçün keçilməz qanunlar mövcuddur, hələ də qrant alan bütün fəalların ictimai qınaq obyektinə çevrilməsi tətbiq edilir.
Buzlar əriyirmi? Yaşayarıq, görərik.