Azərbaycanda yolların yaxşılaşdırılması üçün 500 tondan çox plastik tullantı sərf olunacaq. Həmin tullantılardan 1690 kilometr yol çəkiləcək. Bu cür yolun 1 kilometrinin çəkilməsinə 740 mindən çox istifadə olunmuş polietilen torba işlənəcək.
Azərnaycanda infrastruktur şəbəkəsinin yenilənməsi məqsədilə Şotlandiyanı təmsil edən bir şirkətlə dəyəri 1 milyon funt sterlinq olan müqavilə imzalanıb.
Müqavilənin şərtlərinə görə, ölkə daxilində 1690 km uzunluğunda plastik yolun çəkilməsi planlaşdırılır. Bunun üçün təkrar emal olunmayan 500 tondan çox plastik tullantı Azərbaycanın yollarını yaxşılaşdırmaq üçün istifadə ediləcək.
İşi yerinə yetirəcək şirkətin baş icraçı direktoru və həmtəsisçisi Tobiy MakKartni bildirib ki, “GlobalData”nın hesabatına görə, Azərbaycanda tikinti sənayesi 2021-ci il ərzində təxminən 10% artacaq.
İcraçı şirkətdən verilən məlumata əsasən, çəkilən hər kilometr yola 740 541 ədəd birdəfəlik plastik torbadan istifadə olunur.
APA xəbər verir ki, Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp da müqaviləni yüksək qiymətləndirib. O, Britaniyanın digər şirkətlərini də Azərbaycanla əməkdaşlığa çağırıb: “Azərbaycan Çinlə Avropanı birləşdirən Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin mərkəzindədir və digər regional ölkələrə daxil olmaq üçün yaxşı imkanlar təqdim edir”.
Hazırda plastik yollar dünyanın bir neçə ölkəsində, o cümlədən ABŞ-da, Braziliyada, Türkiyədə, Norveçdə, Barbadosda, İspaniyada, Cənubi Koreyada və Estoniyada tikilməkdədir.