Azərbaycanda ilk “ağıllı kənd”in inşasına başlanılıb
Azərbaycanın ilk smart kəndində yaşıl və alternativ enerji, “ağıllı idarəetmə” sistemi istifadə olunacaq. İlkin mərhələdə ümumilikdə 450-ə qədər üç, dörd və beşmərtəbəli evlərin inşası nəzərdə tutulub. Ölkədə bu yeniliyin perspektivi varmı? Ekspertlər dəyərləndirməyə tələsmirlər.
- Azərbaycanda köhnə polietilen torbalardan yol çəkiləcək
- “Biz hər şeyi bacarırıq”: Abxaziyada əmək miqrantlarının vəziyyəti
- İşıq söndüyü zaman necə yaşayasan? Abxaziyadan hekayələr
İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın nəzarətinə qayıdan Füzuli rayonunun ilk yaşayış məntəqəsi Dövlətyarlı “ağıllı kənd” olacaq.
“Ağıllı” kənd layihəsinə əsasən, burada yaşıl və alternativ enerjidən istifadə olunması planlaşdırılır. Bunun üçün günəş panelləri sahəsi yaradılacaq. İnvestisiya layihəsinin gücü 50 meqavat olacaq. Sahədə 20 nəfər yerli sakin işləyəcək.
Ölkənin ilk “ağıllı kəndində” ümumilikdə 450 üç, dörd və beşmərtəbəli binanın inşası nəzərdə tutulub. Burada həmçinin məktəb və uşaq bağçası da olacaq, kəndin mərkəzində bazar meydanı yaratmaq planlaşdırılıb.
Kənd ətrafında “ağıllı kənd təsərrüfatı” sahəsi yerləşəcək. Beləliklə, sakinlərin rahat yaşaması və kənd təsərrüfatı ilə məşğul olması üçün bütün lazımi işlər həyata keçiriləcək.
“Ağıllı kənddə” biznes-layihələr həyata keçiriləcək. Kartofçuluq sahəsində əlavə dəyər zənciri üzrə müəssisələrin yaradılması planlaşdırılıb. Bu müəssisələrdə 40 daimi və 300-ə qədər mövsümi iş yeri yaradılacaq.
Kənd ərazisində quşçuluq təsərrüfatında da 85 daimi iş yerinin yaradılması nəzərdə tutulub.
Dövlətyarlıda kənd turizmi infrastrukturunun formalaşdırılması və otel infrastrukturunun yaradılması planlaşdırılıb.
Azərbaycan prezidenti İlham Əliyev Füzuli rayonuna səfəri çərçivəsindəyeni “ağıllı kəndin” təməlini qoyub.
Ekspertlərin şərhi
İqtisadçı Elmir Səfərlinin fikrincə, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri vasitəsilə regionda bütün isteksal və xidmət obyektləri birləşmiş formada idarə olunacaq.
“Bu, öz növbəsində regionda güclü texnoloji layihələrin tətbiqi üçün şərait yaradacaq. Əlbəttə ki, həm yerli, həm də xarici investorlar üçün ən mühüm göstəricilərdən biri regionun inkişaf perspektividir. Əgər çox qısa desək, smart-şəhər və smart-kənd layihələri gələcəkdə Qarabağa sərmayə cəlbində xüsusi rol oynaya bilər”, – ekspert qeyd edib.
Müxalif Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının lideri Qubad İbadoğlu “ağıllı kənd” layihəsini cəlbedici hesab edir. Onun sözlərinə görə, bu yolla beynəlxalq maliyyə institutlarından vəsait cəlb etmək mümkündür:
“Bu cür layihələri təqdim etdiyiniz zaman Dünya Bankından, Avropa Yenidənquma və İnkişaf Bankından, Asiya Bankından kredit almağa nail olmaq və mənimsəmək mümkündür. Çünki yaşıl iqtisadiyyata kredit ayrılır, qrantlar verilir. Azərbaycanda dövlət orqanları buna qədər də vəsait cəlb etmək üçün bu cür layihələrdən istifadə ediblər və ehtimal edirəm ki, “ağıllı kənd” layihəsini də korrupsiya layihəsinə çevirə bilərlər”.
İqtisadçı Rəşad Həsənov isə ilk növbədə infrastruktur haqda düşünməyin vacib olduğunu düşünür: “Məsələn, internetin əlçatımlığı belə məsələlərə aiddir. Azərbaycanın əksər regionlarında internet yeganə provayder tərəfindən təmin edilir”.
Ekspertin sözlərinə görə, hətta Azərbaycanın böyük şəhərlərinin əhalisi əksərən rəqəmsal texnologiyalardan istifadə edə bilmirlər:
“Təsəvvür edin ki, ölkədə dövriyyədə 11 milyon bank kartı var, amma 90 faiz onlardan ancaq pul nağdlaşdırmaq üçün istifadə edir. Bu gün Azərbaycan vətəndaşları öz pensiyalarını və sosial müavinətlərini kartlar vasitəsilə alırlar, amma dərhal pulu nağdlaşdırırlar və sonra saatlarla bank növbələrində dayanırlar ki, ödənişləri etsinlər. Pandemiya dövründə bu məsələdə müsbət irəliləyiş oldu, amma orta yaşlı insanlar əsasən müasir və rəqəmsal texnologiyalara meyilli deyillər”.