Azərbaycanda erkən nikahlar – problem dərinləşirmi?
Azərbaycanda erkən nikahlar
“Məndən on yaş böyük kobud adamdı, ondan çox qorxurdum. Bir dəfə məni vurmuşdu da. Anam bildi, amma nişan pozulmasın deyə heç nə demədi. Bütün günü mesaj yazırdı, gec, ya da soyuq cavab yazanda, əsəbiləşirdi ki, mənimlə nişanlın kimi yox, yad adam kimi davranırsan. Bir söz deyə bilmirdim, amma o, mənim üçün doğrudan da yad adam idi…”
16 yaşında ikən ailəsi tərəfindən zorla nişanlandırılan Gülər (ad şərtidir) danışır. Onun sözlərinə görə, özündən böyük bacısı da 18 yaşına çatmamış nişanlandırılıb. Bəxtləri gətirib ki, ailələri hər ikisinin nikahı üçün bir neçə il gözləməyi qəbul edib – Gülərin 18 yaşı tamam olana, bacısı Aytən (ad şərtidir) isə universiteti bitirənə qədər.
Gülər Azərbaycanın Aran bölgəsindəki rayonlardan birində anası, kiçik qardaşı və əlil atası ilə birgə yaşayırdı. Bacısı isə Bakıda tələbə idi. Deyir ki, ailənin sosial vəziyyəti çox ağır olub. Elə buna görə də anası onu da, bacısını da “yaxşı yer”dən elçi düşən kimi nişanlamaq qərarına gəlib.
- Gürcüstanda 14 yaşlı qızı qaçırıb qətlə yetirməkdə şübhəli bilinən şəxs həbs edilib
- “Valideynlər övladları ilə danışmağa utanırlar”. Gürcüstanda yeniyetmələrin cinsi tərbiyəsi üçün cizgi filmlər
- Azərbaycanda 14 yaşlı qızı erkən evlilikdən yerli hakimiyyət xilas edib
2 il nişanlı qalan Gülər 18 yaşına az qalmış Bakıya, bacısının yanına qaçır. Burada zorakılığa məruz qalan qadınlara kömək etməyə çalışan sosial işçi Sənubər Heydərova ilə tanış olur.
“Qızlar evliliklərinə az müddət qala cəsarətlənib, ailələrindən uzaqlaşdılar. Evlənməməkdə qərarlı idilər. Mənim yanıma gələndə onlara qalmaq üçün yer tapdım, ikisinin də psixoloq yanına getməsinə, reabilitasiya prosesindən keçməsinə kömək elədim”, – Sənubər Heydərova danışır.
Gülər və Aytənin ailəsi onlardan xəbər ala bilməyincə polisə müraciət edir. Həmin vaxt qızların daha çox travma almaması üçün ailə ilə də, polislə də Sənubər Heydərova özü danışır.
“Ailə iddia edirdi ki, mən onların qızlarını qaçırmışam. Mən də izah edirdim ki, heç kimi qaçırmamışam, sadəcə onlar evlənmək istəmirlər. Bu proseslər vaxtı Gülərin 18 yaşı tamam oldu, şəxsiyyət vəsiqəsini almağa birlikdə getdik”, – deyə o danışır.
Hər iki bacı zorla evləndirilməkdən canlarını qurtara bilirlər.
Erkən evliliklərin statistikasını ancaq təxmin etmək mümküdür
Azərbaycan qanunvericiliyinə görə, kişi və qadınlar üçün nikah yaşı 18 yaşdır. Xüsusi hallarda valideynlərinin icazəsi və müvafiq icra hakimiyyəti strukturlarının rəyi əsasında 17 yaşında nikah baş tuta bilər.
Erkən nikahlar rəsmi qeydiyyata alınmadığı üçün ölkədə azyaşlıların evliliyi ilə bağlı hər hansı statistika mövcud deyil.
Yalnız azyaşlıların xəstəxana şəraitində dünyaya gətirdiyi uşaqların sayı ilə erkən evliliklərin statistik mənzərəsini təxmin etmək olar. Məsələn, 2022-ci ildə Azərbaycanda 2011 uşaq 15-17 yaşlı qızlar tərəfindən dünyaya gətirilib. Bu da həmin il doğulan bütün uşaqların iki faizi deməkdir.
Ötən il 15-17 yaşarası ana olanlardan 120 nəfər ikinci dəfə uşaq doğub. Bu yaşlarda daha 11 nəfərsə artıq üçüncü dəfə ana olub. Erkən yaşda ana olanların 32 faizi şəhərlərdə, 68 faizi kəndlərdə yaşayır.
Azərbaycanda azyaşlılar tərəfindən doğulan uşaqların pik həddə çatdığı 2011-ci illə (4392) müqayisədə ötən il yarıbayarı azalma olsa da, son iki ildə bu göstərici yenidən artmağa başlayıb. 2021-ci ildə 15-17 yaşlı qızlar tərəfindən 1650 uşaq dünyaya gətirilib ki, bu da ötən illə müqayisədə 361 uşaq çoxdur.
1990-cı ildə isə bu göstərici cəmi 151 olub.
Ekspertlərin bildirdiyinə görə, bu rəqəmlər də Azərbaycanda erkən evliliklər problemini çox cüzi əks etdirir. Çünki azyaşlılar tərəfindən doğum hallarının da heç də hamısı xəstəxana şəraitində həyata keçirilmir. Ucqar kəndlərdə ev şəraitində yeniyetmələrin dünyaya uşaq gətirməsi halları rəsmi qeydiyyatdan kənarda qalır. Əksər hallarda bu uşaqlar anaları yetkinlik yaşına çatandan sonra dövlət qeydiyyatına aldırılırlar.
Üstəlik erkən yaşda ərə gedən qızların heç də hamısı dərhal dünyaya uşaq gətirmir.
“Sovet təcrübəsi göstərir ki, mariflənmə və hüquqi nəzarətlə problemi azaltmaq olar”
“Sovet təcrübəsi göstərir ki, mariflənmə və hüquqi nəzarətlə problemi azaltmaq olar”
“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri və uşağ sığınacağının rəhbəri Kəmalə Ağazadənin sözlərinə görə, erkən nikahlar məsələsində mühit, sosial və mental faktorlar da önəm daşıyır. O deyir ki, əsasən ucqar rayon və kəndlərdə daha çox dini inancları olan şəxslər erkən evliliyi məqbul sayır.
“Bəziləri isə fəxrlə deyir ki, nənələrimiz də 9-10 yaşında ərə gediblər. Düşünürlər ki, əvvəl belə olubsa, indi də belə davam eləməlidir. Bunun qarşısını almaq üçün ən əsası marifləndirmədir. Məsələn, SSRİ təcrübəsi göstərir ki, mariflənmə və hüquqi nəzarət çərçivəsində erkən evlilik problemini xeyli azaltmaq mümkündür.
O dövrdə insanlarda həm də qeyri-qanuni hallardan şikayət vərdişi var idi. İnsanlar ətraflarında rastlaşdıqları belə hallar haqda lazımi qurumlara bildirirdilər. İndi belə təbliğatların mütəmadi aparılmasına, cəmiyyət fərdlərinin məsələyə həssas yanaşmasına demək olar ki, şahid olmuruq”, – deyə o bildirir.
“18 yaşında 3 uşağı ilə birgə sığınacağa gəlmişdi”
Sığınacaq rəhbəri onu da qeyd edir ki, erkən nikahlar heç də həmişə birbaşa ailənin istəyilə baş vermir. Onun sözlərinə görə, yeniyetmə qızlar bəzən ailədaxili şiddətdən qaçıb, ərə gedirlər, düşünürlər ki, bu çıxış yoludur.
“Bizə müraciət edən keçmiş benefisiarlardan biri 18 yaşında ikən artıq üç uşaq dünyaya gətirmişdi. Ucqar olmayan Bakı ətrafındakı rayonlardan birindən gəlmişdi. Danışırdı ki, evlərində hər gün dava-dalaş, fiziki şiddət vardı. O da düşünüb ki, ərə getsə, evdəki dava-dalaşdan uzaqlaşacaq. Amma yağışdan qaçarkən, yağmura düşüb.
Ərə getdiyi şəxslə rəsmi nikahları yox idi. Kişi onu mütəmadi olaraq döyür, uşaqlarının yanında alçaldırmış. Evdən qaçandan sonra qızın valideynləri ilə heç bir əlaqəsinin qalmadığını bildiyi üçün yeniyetmə ilə çox rahatlıqla pis rəftar edirmiş”.
18 yaşında artıq üç uşaq anası olan bu qız övladları ilə birgə evdən qaçıb və sığınacağa üz tutub.
Ağazadə əlavə edir ki, nəinki nikaha cəlb edilən azyaşlıların həyatı, onların dünyaya gətirdikləri uşaqların da həyatı alt-üst olur, onlar çoxsaylı travmalarla böyüyürlər. Çünki, travmalı analardan dünyaya gələn körpələr ətraflarında özləri üçün doğru rol-model nümunəsi tapa bilmirlər.
Erkən nikahlar üçün üzrlü səbəb?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitənin açıqlamasına görə, bu il “üzrlü səbəblər müəyyən edildikdən sonra 271 yetkinlik yaşına çatmayan şəxsə icra orqanları tərəfindən nikaha icazə verilib”.
Sosial işçi Sənubər Heydərova deyir ki, üzrlü səbəblər dedikdə nəzərdə tutulan hallar erkən evliliyə icazə vermək üçün qeyri-adekvat bəhanələrdən ibarətdir:
“Çox vaxt yerli icra orqanlarından alınan bu icazələr, əsasən nişanlı olan azyaşlıların ailəsi tərəfindən edilir ki, bəs, atam, babam… xəstədir, yaşlıdır… toyu görmədən ölməsin. Bu cür hallarda erkən evliliyə icazə verməklə bu aktı legallaşdırırlar. Bir ara Milli Məclisdə müzakirə edirdilər ki, bu üzrlü səbəb məsələsi ləğv edilsin. Bir neçə dəfə danışılandan sonra mövzu tamam yaddan çıxdı”.
Vəkil Zibeydə Sadıqovanın sözlərinə görə, yerli icra orqanlarından erkən nikaha icazə almaq üçün hüquqi əsas kimi yalnız qızın hamiləliyi göstərilə bilər:
“Təkcə 2012-ci ildə Cinayət Məcəlləsinə əlavə edilən 176-1 – qadını nikaha daxil olmağa məcbur etmə maddəsinin ikinci bəndinə əsasən (eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə) dörd min manata qədər cərimə və ya dörd ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Amma burada dəqiq və detallı göstərilmir ki, bu cəza kimlərə şamil olunur? Nikaha məcbur edən valideynlərəmi, hadisəni bildiyi halda susan, hətta dəstək olan qohumlaramı, azyaşlı ilə evlənən şəxsəmi? Üstəlik, bu az ağır cinayət əməli sayılır. Bütün bu boşluqlar qanun üzrə icra mexanizminin az qala yox səviyyəsində olduğunu göstərir”.
“Cəzasızlıq mühiti problem dərinləşdirir”
Hüquqşünasın sözlərinə görə, bütün bu boşluqlar üzündən qanun işlək deyil.
“Nə şəxsi təcrübəmdə, nə də həmkarlarımın təcrübəsində azyaşlını nikaha daxil olmağa məcbur etmə maddəsi ilə cəzalandırılan birinə rast gəlməmişəm. Bu yöndə olan şikayətlərin qeyri-ciddi araşdırılması qadınlarda ruh düşkünlüyü yaradır və sonradan onlar şikayətlərindən əl çəkirlər”, – deyə Zibeydə Sadıqova əlavə edib.
Sosial işçi Sənubər Heydərova da Azərbaycanda erkən nikahla bağlı həbslə cəzalandırılanlar barədə eşitməyib:
“Erkən nikaha sövq etməyə görə həbslər olsa, problemin real həlli mümkün olar. Ailələrin azyaşlı qızlarını mentalitet, adət-ənənə, dəyərlər adı altında ərə verməsi üçün məhz cəzasızlıq mühiti şərait yaradır”.