Azərbaycan sakinləri arasında ən geniş yayılmış psixi xəstəliklər depressiya və ona yaxın pozğunluqlardır və bu statistika artır. Bunu psixiatr, professor Gəray Gəraybəyli deyir. Psixiatrlar Assossiasiyasının rəhbəri Nadir İsmayılovun sözlərinə görə, 2017-ci ildə şizofreniyalı xəstələr ölkə əhalisinin ümumi sayının 0,6%-ni, depressiv pozğunluqları olanlar isə 10%-ni təşkil edirdi.
Gəraybəyli deyir ki, depressiyalar, əsas etibarilə, qadınlarda baş verir. Kişilərə isə daha çox nevrotik pozğunluqlar xasdır. O ki qaldı xəstələrin yaşına, daha çox gənclər və orta yaşlı insanlar xəstələnir.
Xəstə daha çoxdur, ya müalicə olunan?
Gəraybəyli hesab edir ki, psixi diaqnozların artması diaqnostika səviyyəsinin yüksəlməsi ilə əlaqədardır. Başqa sözlə, indi xəstəliyi artıq başlanğıc mərhələlərdə müəyyənləşdirmək mümkün olur.
Digər tərəfdən, professorun fikrincə, Azərbaycanda psixi xəstələrin real sayını müəyyən etmək qeyri-mümkündür. Ona görə ki, birincisi, insanlatr heç də həmişə simptomları tanımır, ikincisi isə, psixiatra yalnız “dəlilər” müraciət edir kimi yayılmış yanlış düşüncəyə görə. Buna görə də, çoxları bundan kənarda durur, utanırlar, simptomlara göz yumurlar, yaxud da özünümüalicə ilə məşğul olurlar və aptekdən hansısa dərmanları gözəyarı alırlar.
Lakin Psixi Sağlamlıq Mərkəzinin əməkdaşı Kəmalə Talıbovanın müşahidələrinə görə, son zamanlar Azərbaycanda bu stereotip tədricən “yoxa çıxır”. Mərkəzə daha çox insan müraciət etməyə başlayıb ki, bunu ayıb hesab etmirlər.