Azərbaycanda daxili turizm: zorla məhəbbət olmaz?
Koronavirus pandemiyası üzündən xarici ölkələrə səfərlər xüsusi şərtlərlə mümkün olduğundan və məhdud xarakter daşıdığından, bu yay azərbaycanlılar yerli istirahət mərkəzlərində dincəlməyə üstünlük veriblər. Bəs onlar göstərilən xidmətdən razıdırlarmı? JAMnews Azərbaycanda daxili turizmin imkanlarını və insanların buna münasibətini araşdırıb.
- “Səfər məqsədi – vaksinasiya”: Ermənistana İrandan turist axını
- Poti Gürcüstanın kasıb varlı şəhəri
- Azərbaycanda hamı aviabiletlərin bahalığından şikayətlənir: bəs çarə nədədir?
Hotellər nə təklif edir?
Azərbaycanın regionlarına üz tutan yerli sakinlərin qarşısında duran ilk sual bu olur: harada qalmalı? Regionlarda hotellər çox olmasa da, son illər ərzində onların sayı əvvəlkinə nisbətən xeyli artıb. Lakin yerli turistlər hoteldə otaq, yaxud ayrıca ev dilemmasında bir çox hallarda ikinci variantı seçirlər.
“Hotellərdə otaqların qiyməti ucuz deyil. Misal üçün, 3 ulduzlu mehmanxanada bir gecə qalmağın qiyməti təxminən 60 manatdan başlayır. Qiymətə bəzən səhər yeməyi də daxil edilir, amma bəzi hallarda heç bunu da vermirlər”, – deyə, həmsöhbətimiz Namiq bildirir.
Onun fikrincə, rayonlarda hotel o qədər də uğurlu seçim deyil:
“Birincisi, sən həmin otaqda ən uzağı yata bilərsən. Yəni bütün gününü təbiətdə, küçədə keçirməyə məhkumsan. Ayrıca ev tutanda isə şərtlər tamamilə dəyişir”.
Kirayə evlər
Regionlardakı turistik mərkəzlərdə hər addımbaşı kirayə evlərin təklif edildiyi elanlara rast gəlmək olar. Bəs bu evlərin özəlliyi nədir?
Qax rayonunun İlisu kəndində kirayə evlər təklif edən iş adamı Vüqar Novruzov JAMnews-a deyib ki, onun turistlərə təklif edə biləcəyi üç yaxşı təmirli yeni evi var:
“İlisu kəndi turistlərin yay aylarında üstünlük verdikləri istiqamətlərdəndir. Burada torpaq alaraq, yanbayan 3 ev tikmişik. Onlar bir-birinin eynidir və hər biri 3 ailə, yaxud 8 nəfər üçün nəzərdə tutulub. Əlbəttə, kimsə arzu etsə, lap tək də qala bilər, təki pulunu ödəsin”.
V.Novruzovun sözlərinə görə, bu cür evin bir gecəsi turistə 100 manata başa gəlir. Hər cür şəraiti, həyətində yelləncəyi, manqalı, söhbət üçün ayrıca eyvanı olan bu evləri uzun müddətə götürənlərə xüsusi endirimlər edilir:
“Məsələn, əgər heç olmasa 3 gün qalacaqsınızsa, qiymət 90 manata enir, bir həftə qalan qonaq hər gecəyə 80 manat ödəyir”.
Restoranda kiçik mehmanxana
Turizm bölgələrində yerləşən restoranlar eyni zamanda mehmanxana xidməti də təklif edirlər.
Zaqatalanın Car kəndində yerləşən iaşə obyektlərindən birinin administratoru Elşən deyir ki, onlar turistlərə birbaşa restoranın həyətində yerləşən üç kiçik ev təklif edə bilərlər:
“Bu evlərin qapısı birbaşa restoranın həyətinə açılır. Qiymətlərimiz baha deyil. Misal üçün, iki ailənin rahat yerləşə biləcəyi evlərdə bir gecə üçün cəmi 60 manat ödəmək lazımdır. Amma xidmətə səhər yeməyi, yaxid da başqa təklif daxil deyil”.
Həmin kənddə kirayə evlər restorandakı evlərdən nisbətən bahadır. Burada hər gecə üçün 80-90 manat ödəmək lazımdır.
“Yeməkdən başqa əyləncə yoxdur”
Bəs hoteldə, yaxud kirayə evdə yerləşmiş turistlər gəldikləri yerlərdə necə əylənirlər?
İyulda istirahət üçün ailəsi ilə birlikdə Qax rayonuna yollanmış Rüstəm etiraf edib ki, bu bölgədə istirahət dedikdə hamının ağlına ilk növbədə yemək-içmək gəlir:
“Qax rayonunun İlisu kəndində kirayə ev tutmuşduq. Bura ilk dəfə deyildi gəlirdim və son gəlişimdən sonra keçən 5 il ərzində heç nəyin dəyişmədiyini gördüm.
Turistlərin axın etdiyi bu bölgədə istirahət üçün nəzərdə tutulmuş məkanlar yalnız kafelər və restoranlardır. Yəni aktiv istirahət etmək istəyirsinizsə, özünüzdən nələrsə uydurmalısınız və burada sizə nələrinsə təklif ediləcəyinə arxayın olmamalısınız”.
Qəhvə həvəskarı olduğunu deyən həmsöhbətimiz bildirir ki, bütöv bir rayonda qəhvəxana tapa bilməyib:
“Gülməlidir, amma Qax boyda rayonda qəhvə içməyə bircə yer də yoxdur. Təsəvvür edin ki, qəhvəxana axtarışlarında 40 kilometr aralıda yerləşən Zaqatala rayonuna getməli olduq. Yəni bizdən başqa qəhvə içmək arzusunda olan turist yoxdur?”
“İstirahət zonaları çox bahadır”
Bəzi turizm bölgələrində isə turistlər üçün xüsusi istirahət məkanları, attraksionların olduğu guşələr yaradılıb. Qəbələ rayonunda yerləşən “Qəbələnd” istirahət mərkəzində dincəlmiş Səbuhi təəssüratları ilə bölüşüb.
“Qəbəland” alışıb yanır. Tövsiyəm odur ki, uşaqlarınızı ora aparanda, cibinizi düşünüb gedin.
Əvvəllər burada giriş pulsuz idi. İndi isə hər böyük istifadə edib-etməməsindən asılı olmayaraq, əyləncə mərkəzinə girirsə, adambaşı 15 manat ödəməlidir. Uşaqlara isə yalnız 3 yaşdan aşağı giriş pulsuzdur. Bir də nəyə görəsə, qiymət uşağın boy-buxununa görə təyin olunur. Bizim iki uşağın hər biri üçün də əlavə 10 manat tələb etdilər. Nəticədə, 50 manat giriş pulu ödədim, geri qayıtmaq mənasız idi.
50 manata o halda təəssüf etməzsən ki, attraksionların hamısından pulsuz istifadə edə biləsən. Məsələn, tir, kartinq, hovuza tullanma və SEGA oyun salonundan istifadəyə görə içəridə əlavə pul istənilir. Yəni giriş puluna bu əyləncələr daxil deyil.
Ən pisi isə odur ki, 50 manata bütün pulsuz attraksionlardan istifadə edə bilmirsən. Səbəb çoxunun işləməməsi və ya yararsız halda olmasıdır”, – həmsöhbətimiz deyib.
“Ekonom” sinifli turlar
Sosial şəbəkələrin Azərbaycan seqmentində turizm bölgələrinə turlar təklif edən xeyli səhifələr mövcuddur. Bu səhifələrin müəllifləri çox cəlbedici qiymətə müxtəlif istiqamətlərə səyahətlər təklif edirlər.
“Məsələn, Xaçmaz rayonuna, Nabrana səfər üçün adambaşı 18 manat tələb olunur. Bu qiymətə yalnız rahat avtobuslarda gediş-gəliş daxildir. Yolüstü çay içməyə dayanırıq, Nabranda isə əyləncələrdən əlavə, nahar yeməyi də verilir və təbii ki, bunun üçün də əlavə pul ödənilməlidir”, – belə səhifələrdən birinin administratoru Lalə JAMnews-a deyib.
Turistlər bu cür xidmətlərin ucuzluğundan razı olsalar da, digər şərtlər onları razı salmır.
“Düzdür, qiymət çox cəlbedicidir, sərfəlidir. Amma böyük bir qrupla, tanımadığın adamlarla yol yoldaşı olmaq özü-özlüyündə komfort yaratmayan haldır. Kimsə gecikir, başqası harasa getmək istəmir, bir başqası konkret əyləncə növünün olmamasına görə dava salır. Bir sözlə, əsəbləri möhkəm adamlar bu turlardan istifadə edə bilər”, – Rasim adlı turist deyib. Onun fikrincə, turizm mərkəzləri də müasir tələblərə cavab vermir:
“İllərdir ki, bizim turizm bölgələrində heç nə dəyişmir. Halbuki, indiki şəraitdə daha çox iş görmək olardı. İnsanlar xarici ölkələrə getmir, rayonlara üz tutub. Amma qiymətlərin yüksək olması, müəyyən xidmətlərin göstərilməməsi insanı məyus edir. Zorla məhəbbət olmaz ki…”