Azərbaycanda bişirilən “günəş” çörəyi
Azərbaycanda bişirilən “günəş” çörəyi. Qusarda kiçik çörəkxanada yumru, nazik, böyük fətirə oxşayan ləzgi çörəyi bişirilir.
Ləzgi çörəyi başqa çörəklərdən həm forması ilə fərqlənir, həm ovulub tökülmür, həm də uzun müddət qaldıqda keyfiyyətini itirmir.
Ləzgilər rəsmi məlumata görə Azərbaycanda yaşayan ən çoxsaylı milli azlıqdır. Əsasən ölkənin şimalında məskunlaşıblar. Onların öz dili, mədəniyyəti, ənənələri, o cümlədən də mətbəxi var.
Ləzgi çörəyi “xar” (orjinal adı “khar”) adlanan kürədə bişirilir. Çörək bişirən qadınların dediyinə görə, əvvəllər xar yerdən olurdu. Yaşlı qadınlar onlara rahat olsun deyə yerdə oturub bişirirdilər.
Sonra vaxt keçdikcə bu kürəni, ayaqlı tikməyə başlayıblar. İndi demək olar ki, bütün evlərdə və çörəkxanalarda hündür “xar”dan istifadə edirlər.
Xar sözü ancaq ləzgi dilində olduğu üçün tələffüzü bir az çətindir. Ona görə də bu sözü tələffüz edə bilməyənlər xərək deyir. İndinin özündə də el arasında ləzgi çörəyi xərək çörəyi adlandırılır.
Xərək sözünün necə formalaşmasını çoxları bilməsə də, bəziləri bunu tibbdə istifadə olunan xərəklə əlaqələndirir. Onların fikrincə, kürəyə yapmaqdan ötrü xəmiri götürən “kürək” xəstə daşınan xərəyi xatırladır.
Bu kürənin tikilməsində palçıq, saxsı və keçi tükündən istifadə olunur. Əvvəlcə saxsı xırda-xırda əzilir, içinə keçi tükü əlavə olunmuş palçıqla qarışdırılır. Keçi tükü və saxsı bu kürənin daha uzun ömürlü olmasını, çörək bişirilən zaman istidən çatlamamasını, davamlılığını təmin edir.
Ləzgi çörəyi bişirilən kürənin altında od qalanır. Kürənin qaynar olması, alovun xüsusi bacadan keçərək çörəyin üstünü örtməsi vacibdir.
Bu qayda ilə bişirilən çörək günəşə bənzəyir. Bu da təsadüfi deyil. Ləzgi çörəyinin bişirilməsi adətində ləzgi mifologiyasının izlərinə rast gəlmək olar. Çoxallahlılıq dövründə ləzgilərin sitayiş etdikləri baş allah Günəş hesab olunurdu. Çörəyi parlayan günəşə bənzətmək də qədim ayinlərin sədası kimi bu günlərə qədər gəlib çatıb.
Ləzgi çörəyinin bir çox növləri var. Ağ, qara, kəpəkli, yağlı və cır çörək. Bir də cır çörəyin ( mayasız olan çörək) ağ və qara forması. Daha çox ağ un növündən istifadə olunur. Başqa növlərini yerli camaat ya evlərində bişirir, ya da xüsusi çörəkxanalara sifariş edirlər.
Bu çörəkxanada 10 nəfərə yaxın qadın çalışır. Hərənin öz işi var. Bəziləri xəmiri hazırlayır, bəziləri kündə tutur, bəziləri də çörəyi bişirir.
Xəmiri hazırlayan Səkinə xalanın sözlərinə görə, qışda ləzgi çörəyinə tələbat yay aylarına nisbətən az olur. Yayda bu çörəyi daha çox turistlər.
Xəmiri hazırlayanda bir kisə una 2 vedrə – 10 litr həcmində su, 1 qutu iri duz və 1 qutu mayadan istifadə olunur. Xəmir xüsusi qurğuda yoğrulur, hazır olandan sonra Səkinə xala onları kündə formasında kəsib çörək bişirən qadınların yanına yığır.
Sonra nazik formada xəmir yayılır, üstü heyva çubuqlarından hazırlanmış döymə aləti ilə naxış formasında döyəclənir. Bunu ona görə edirlər ki, çörək bişən zaman xəmir şişməsin.
15 ildir burda xəmir yoğuran Səkinə xala gün ərzində 10-12 kisə unun çörəyini bişirir: “Bayram vaxtlarında dayanmağa vaxt tapmırıq. Bayramlarda çörəyə daha çox təlabat olur”.