Azərbaycanda ailənin xərclərinin yarısı qidalanmaya sərf olunur: bu yaxşıdır, ya pis?
Azərbaycanda orta statistik ailənin aylıq xərclərinin təxminən yarısı qida məhsullarına sərf edilir. Bunu dövlətin açıqladığı statistika deyir. Avropa ölkələri ilə müqayisədə bütün xərclərlə qidalanmaya sərf olunan pulun nisbəti dəfələrlə çoxdur. Belə böyük fərqin səbəbi nədir? JAMnews bunu aydınlaşdırmağa çalışıb.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, 2021-ci ilin ilk iki ayı ərzində Azərbaycan əhalisinin gəlirlərinin xərcləndiyi əsas istiqamətlər məlum olub.
Xərclərin yarısı qidaya sərf olunur
Belə ki, ölkədə orta statistik ailə hər ay bütün xərclərinin 46,9 faizini qida məhsullarının alışına yönəldir. Xərclərin 6,3%-i içkilər və tütün məmulatlarının, 16,5 faizi geyim və ayaqqabıların alınmasına gedir.
Maraqlıdır ki, xərclərin siyahısında kommunal xərclər yoxdur. Lakin “digər mallar”ın alınması üçün bütün xərclərin 16,7%-nin sərf olunduğu bildirilir.
- Pandemiya azərbaycanlı idmançıları taksi sürücüsü və poçtalyona çevirib
- Dondurulmuş mövsüm. Pandemiya Gürcüstanın qış kurortlarına necə təsir edib?
- “İtaliya sindromu” nədir – moldovalı miqrant qadınlar nələrdən keçir?
Qeyd edək ki, hazırda Azərbaycanda minimum aylıq əməkhaqqı 250 manat [123,5 avro], 2020-ci ilin dekabr ayına orta aylıq əməkhaqqı isə 703,5 manatdır [346,55 avro].
Azərbaycanda qiymətləri Almaniyadakı qiymətlərlə müqayisə etməyi sevirlər. Bu səbəbdən, biz də xərcləri həmin ölkədəki xərclərlə müqayisə etmək qərarına gəldik.
Bəs Almaniyada necədir?
2019-cu ilin statistikasına görə, Almaniyada orta statistik ailənin aylıq gəliri təxminən 5861 avroya bərabərdir (bütün vergilər çıxılandan sonra). İcarə haqqı və ya başqa mənbələrdən qazancı olmayan, yalnız maaşla dolanan almanlar isə ayda orta hesabla 3580 avro qazanırlar.
Bu ölkədə xərclərin ən böyük hissəsini (34,6 faiz) kommunal xərclər təşkil edir. Su, qaz və elektrik enerjisinə orta statistik alman ailəsi ayda 890 avro ödəyir.
Qida, içki və tütün məmulatları xərcləri isə alman ailəsinin bütün aylıq sərfiyyatının 13,8 faizidir, yəni buna orta hesabla 356 avro ödənilir.
Qeyd edək ki, Azərbaycandakı statistikada içkilər və tütün məmulatları ayrı bənddir və bunları da qida xərclərinə əlavə etsək, göstərici 53,2%-ə yüksəlir.
Almaniyada xərclərin ən az hissəsini təhsil xərcləri tutur. Belə ki, bu Avropa ölkəsində orta və ali təhsil, nadir istisnalar olmaqla, tamamilə pulsuzdur. Orta alman ailəsi hər ay təhsilə cəmi 21 avro xərcləyir.
“Yalnız yaşamaq deyil, keyfiyyətli həyat”
İqtisadi ekspert Əli Əhmədovun sözlərinə görə, ailənin bütün xərclərində qidalanmaya sərf edilən pulun məbləği birbaşa həyat səviyyəsinin göstəricisidir.
“Həyat səviyyəsi yüksəldikcə, insanların qazancı artdıqca qidaya xərclənən pulun nisbəti azalır. Bütün dünyada insanlar ilk növbədə fizioloji tələbatlarını ödəməyə çalışırlar, yalnız bundan sonra qalan pul digər istiqamətlərə xərclənir.
Diqqət yetirsək, görərik ki, minimum istehlak zənbilinə Azərbaycanda və Avropa ölkələrində daxil edilən zəruri ehtiyacların tərkibi də fərqlidir. İnkişaf etmiş ölkələrdə buraya istirahət, turizm, teatr, kino və s. də daxildir. Yəni söhbət yalnız yaşamaqdan getmir, həm də keyfiyyətli həyatdan gedir”, – Ə.Əhmədov JAMnews-a müsahibəsində bildirib.
Onun fikrincə, Azərbaycanda paytaxt əhalisi ilə regionlarda yaşayan əhalinin gəlirlərindəki böyük fərq də nəzərə alınmalıdır. Belə ki, son məlumatlara görə, Bakıda orta aylıq əməkhaqqı 960 manat [472,9 avro] təşkil edirsə, regionlarda həmin göstərici cəmi 460 manatdır [226,6 avro].
“Xatırladığım qədərilə Azərbaycanda qida məhsullarına xərclər heç vaxt bütün xərclərin 45%-dən aşağı düşməyib. Hətta neft gəlirlərinin yüksək olduğu, əhalinin avtomobillərə, səyahətə böyük pullar xərclədiyi illərdə belə bu göstərici təxminən həmin arealda olub”, – ekspert deyib.
“İstehlak vərdişləri dəyişir”
“Son illər ərzində Azərbaycanda istehlak vərdişlərinin dəyişdiyini qeyd etmək lazımdır. Əgər əvvəlki illərdə orta statistik azərbaycanlı istehlakçının istehlak zənbilinin 80%-i ərzaq məhsullarından ibarət idisə, illər keçdikcə bu rəqəm 60, hətta 50 faizə qədər azalıb”, – bunu JAMnews-a ekspert, “CapitalNews” portalının rəhbəri Ülviyyə İsmayılova deyib.
Onun fikrincə, azalmaya səbəb istehlakçıların xərclərin paylanmasına daha düşüncəli yanaşmasıdır.
“Azərbaycanda iri ərzaq supermarketlərinin fəaliyyətə başlaması ilə əhalinin maliyyə-ərzaq savadının yüksəlməsi nəzərə çarpdı. Bundan sonra istehlakçılar xərclərində qida məhsullarına düşən payı daha rasional şəkildə planlaşdırmağa başladılar”, – Ü.İsmayılova söyləyib.