Azərbaycanda əhalinin siyahıya alınması başa çatır, amma çoxları prosesdən kənarda qalıb
Azərbaycanda əhalinin siyahıya alınması keçirilir. Sabah proses artıq başa çatacaq, amma sosial şəbəkələrdəki sorğuların nəticələrinə baxsaq, siyahıya alanlar çoxlarının qapısını döyməyib.
• Azərbaycandakı gürcülər: özünəməxsusluq və yadlıq arasında
• Özgə üçün doğduğun arzulanan uşaq. Ermənistanda surroqat analıq
Təfərrüat
Azərbaycanda əhalinin siyahıya alınması 10 ildən bir həyata keçirilir. Hazırkı siyahıya alma ölkə müstəqil olandan sonra üçüncüdür. Proses 2019-cu il oktyabrın 1-dən başlayıb.
Bu iş üçün büdcədən 21 milyon manat [12 milyon dollardan çox] vəsait ayrılıb. Yaş, təhsil, milli mənsubiyyət və bir çox digər təfərrüatlarla bağlı 52 sual hazırlanıb. 34 min nəfərə yaxın sorğu həyata keçirən könüllü işə cəlb olunub ki, bütün Azərbaycanda evləri gəzib, sakinləri danışdırsınlar və məlumatları qeyd etsinlər.
Siyahıyaalma oktyabrın 10-a qədər davam etməli idi. Amma sonra müddət oktyabrın 15-ə qədər uzadıldı.
Hərçənd Bakı sakinlərinin çoxu deyir ki, bütün bu vaxt ərzində onların evinə heç kim gəlməyib, heç kim zəng vurmayıb və heç bir sual verməyib.
80 faiz “sayılmayıb”
Sosial şəbəkələrdəki sorğulara əsasən, 80 faizə yaxın insan siyahıya alma prosesindən kənarda qalıb. Əyalatlərdə isə çoxları ümumiyyətlə ölkədə siyahıya alma keçirildiyindən xəbərsiz olub.
İqtisadçı Toğrul Maşallı da siyahıya almadan kənarda qalanlardan biridir. O bu haqda Facebook səhifəsində yazıb və Dövlət Statistika Komitəsinin sosial şəbəkədəki səhifəsini “tag” edəndən az sonra nəhayət, görəvlilər onun evinə gəlib.
“Məsələnin mahiyyəti onda deyil ki, məhz məni siyahıya alsınlar. Birinci növbədə bu, etimad məsələsidir. Mən digər iqtisadçılar kimi demək olar ki, hər gün komitənin saytından istifadə edirəm. Belə çıxır ki, onlar həyasızca yalan danışa bilirlər və onların məlumatlarına inanmaq olmaz. Ümumiyyətlə, məhz bu cür siyahıyaalmaya görə bizdə sosial siyasət də, məşğulluq siyasəti də yanlış aparılır, çünki biz real məlumatları əldə edə bilmirik”, – Maşallı yazıb.
Bu məsələdə daha az prinsipial olanlar sadəcə faktı qeyd edir və siyahıya almanın ümumiyyətlə lazım olub-olmadığı ətrafında mübahisə edirlər:
“Bizim blokda divara [elan] yapışdırıblar ki, bizi sayacaqlar, amma heç kim gəlməyib, zəng vurmayıb və uçub gəlməyib”;
“Hüquqi dövlətdə nəzarət edən orqan büdcə pullarının haraya xərcləndiyini araşdırardı. Amma bizdə hər şey o qədər boş verilib ki, bu haqda danışmaq belə sadəcə öz əsəblərini korlamaq deməkdir”;
“Mən bu yaxınlarda siyahıya alan şəxsin sadəcə inşaat şirkətinin ofisinə gəlib, tikdikləri binadakı mənzil sahiblərinin siyahısını götürüb getdiyini gördüm. Dedi ki, ailə üzvlərini, fəaliyyət sahəsini və yaşlarını özləri əlavə edəcəklər”;
“Bütün bunlar boş söhbətlərdir. Sadəcə əhalinin sayının prezidentin dediyi kimi 10 milyon nəfər olduğunu təsdiqləyəcəklər. Vəssalam, iş bitdi”.
“Sayılanlar” danışır
Siyahıya alanların diqqətindən kənar qalmayanlar da öz təəssüratlarını bölüşüblər. Təəssüratlar isə çox müxtəlifdir:
“Bizə iki kişi gəldi, adlarımızı və doğum tarixlərimizi soruşdular və getdilər. Başqa heç bir sual vermədilər”;
“Bizə isə düz iki dəfə gəldilər və bütün ailə üzvlərini, o cümlədən də artıq başqa ölkə vətəndaşı olan bacımı da qeydiyyata aldılar”;
“Mən ümumiyyətlə qapını açmadım siyahıya alanlar gələndə, onlarla danışmağa həvəsim yox idi”.
Xülasə, siyahıya alma zamanı diqqətdən kənarda qalanlar da, qalmayanlar da bu prosesin başdan sovdu keçirildiyi fikrində uzlaşırlar.
Siyahıya almanın rəsmi nəticələri yalnız 2022-ci ildə açıqlanacaq.