Azərbaycan və Türkiyə liderləri Zəngilanda yeni beynəlxalq hava limanını açıblar
Zəngilanda beynəlxalq aeroportun açılışı
İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın nəzarəti altına qayıdan Zəngilanda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə beynəlxalq hava limanının açılışı baş tutub. Ekspertin fikrincə, bu aeroport sadəcə aeroport deyil, həm də hərbi-strateji infrastrukturun mühüm tərkib hissəsidir.
Hava limanının açılışından sonra mətbuat üçün yayılan bəyanatda İlham Əliyev bildirib ki, Azərbaycan və Türkiyənin qardaçlığı “dünya və regiona ölkələrinə siqnaldır”.
Rəcəb Tayyib Ərdoğan öz növbəsində qeyd edib ki, “bəzi ölkələrin Zəngəzur dəhlizi ilə bağlı qorxuları tamamilə əsassızdır”.
- Azərbaycan və Ermənistan münasibətlərində kritik iki ay. Bakıdan təhlil
- Ermənistan-Azərbaycan: sülh sazişi yolunda əsas maneələr
- Türkiyənin təşəbbüsü dünya üçün son şans ola bilər – Bakıdan şərhlər
Bu, 2020-ci il 44 günlük müharibədən sonra Azərbaycanın nəzarəti altına qayıdan ərazilərdə artıq ikinci beynəlxalq aeroportdur. 2021-ci ilin oktyabrında ilk aeroport Füzuli rayonunda açılıb. Üçüncü aeroport 2025-ci ildə Laçın rayonunda hazır olmalıdır.
Bu aeroportlar Azərbaycanın nəyinə lazımdır?
“İşğaldan azad edilmiş torpaqlarda inşa edilən aeroportlar bir tək hava limanı deyil, həm də hərbi-strateji infrastrukturun tərkib hissəsidir, – deyə Respublikaçı Alternativ Partiyasının liderlərindən biri Natiq Cəfərli bildirib.
“Hava limanı korrupsiya mənbəyidir, pul silirlər”, deyənlərə gülməyim gəlir, sanki onlar hökumətin bütün layihələrinə tam nəzarət edə, korrupsiyanın qarşısını tam ala biliblər, bir tək hava limanları qalıb.
Zatən indiki sistem büdcəni də, Neft Fondunun vəsaitlərini də nəzarətsiz, hesabatsız xərcləməyə öyrəşib, zatən korrupsiya ilə bəslənən, aşağıdan ta yuxarıya siyasi loyallığı korrupsiya ilə təmin edən sistemdir, bir tək pul silmək üçün hava limanlarını inşa etməyə nə ehtiyac var ki?!
Çox güman, bu aeroportlar Azərbaycanın qurduğu “de-facto” və “de-jure” ittifaqlarla birgə alınmış qərar, bölgənin təhlükəsizlik konsepsiyasına uyğun olan infrastruktur layihələridir”, – deyə Cəfərli əlavə edib.
Yeni hava limanı haqda
Zəngilan Beynəlxalq Hava Limanının asfalt-beton örtüklü uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr təşkil edir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edəcək.
Perronun sahəsi 60 min kvadratmetrdir. Hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək.
Müasir dünya tələblərinə cavab verən beynəlxalq aeroportun terminalı saatda 200 sərnişinə xidmət göstərmək imkanına malik olacaq. Terminal daxilində VIP-zal, kafe, tibb məntəqəsi və ofis otaqları mövcuddur.
Azərbaycan və Türkiyə prezidentlərinin bəyanatları
Aeroportun açılış mərasimindən sonra Cəbrayıl rayonunda Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında tet-a-tet görüş baş tutub.
Görüşdən sonra prezidentlər mətbuat üçün bəyanat yayıblar.
“Bu gün bizim rəsmi mərasimimiz Cəbrayıl şəhərində keçirildi. Əslində, Cəbrayıl şəhəri yoxdur, çünki bax burada, oturduğumuz yerdə binalar olub, insanlar yaşayıb, həyat qaynayıb. Amma erməni işğalı dövründə ermənilər bizim bütün şəhərlərimizi, kəndlərimizi yerləbir etmişlər… Ancaq biz qayıtmışıq, qan tökərək qayıtmışıq, savaşaraq, döyüşərək qayıtmışıq və bu gün artıq həyat bu bölgəyə qayıdıb, Ağalı kəndinin timsalında biz bunu görürük”, – deyə Əliyev bildirib.
“Bu gün Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi. Keçən il biz Şuşada Şuşa Bəyannaməsini imzaladıq və Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu. Bütün sahələrdə müttəfiq oldu və bu, həm xalqlarımıza ciddi gözaydınlığıdır, eyni zamanda, bölgəyə və dünyaya ciddi mesajdır”, – o əlavə edib.
Əliyevin sözlərinə görə, bir çox ölkələrdə böhran yaşanır, “ölkələr idarəolunmaz vəziyyətə düşür, iqtisadi çətinliklər, sıxıntılar insanların haqlı etirazına səbəb olur. Türkiyə isə inamla irəliləyir, nəhəng layihələr gerçəkləşdirir, bölgədə söz sahibidir, dünyada önəmli güc mərkəzidir. Hər kəs bununla hesablaşmalıdır və hər kəs bilməlidir ki, bu uğurların səbəbkarı mənim qardaşım Rəcəb Tayyib Ərdoğandır”.
“Bundan sonra bölgədə gedən işlər, əlbəttə ki, Türkiyə və Azərbaycanın fəal iştirakı və izni ilə aparılacaq. İstər siyasi təşəbbüslər, iqtisadiyyat, enerji, nəqliyyat – bütün bu sahələrdə bizim işbirliyimiz artıq regional çərçivədən çıxıb, beynəlxalq səviyyəyə qalxıbdır”, – deyə Azərbaycan prezidenti qeyd edib.
Rəcəb Tayyib Ərdoğan öz çıxışında vurğulayıb ki, “belə müasir hava limanının açılığında” iştirak etməkdən məmnundur.
“Sağıma, soluma baxıram, işğal dövründə Cəbrayılı nə hala salmışlar. Mən Qardaşımdan soruşdum, dedim, bu ATƏT, Avropa İttifaqı buraları gəlib görmədimi? Yox, gəlmirlər. Niyə gəlmirlər? Çünki öz üzqaralarını görəcəklər, Qərbin etdiklərini görəcəklər. Onlar burada dəstəklədikləri həmin işğal dövründə Cəbrayılı, Qarabağın digər bölgələrini nə hala gətirdiklərini görəcəklər”, – deyə Türkiyə preezidenti bildirib.
“Türkiyə şirkətlərinin Qarabağın bərpasında iştirak etməsindən qürur duyuruq. Biz görürük ki, insanlar nəhayət vətənlərinə qayıdırlar. Ağalı ağıllı kəndi isə artıq heç kənd də deyil, ağıllı şəhərə çevrilir.
Yolda gələrkən hörmətli Qardaşım bəzi məsələləri də mənə izah etdi. Misal üçün, burada ən önəmli məsələ sudur. Qısa müddətdə burada su anbarının inşası ilə bu problem də aradan qaldırılacaq. Beləliklə, bu tarlalarda kənd təsərrüfatının inkişafı sayəsində çox ciddi nəticə əldə edəcəklərini söylədilər, həqiqətən bizim də gördüyümüz və inandığımız budur.
Zənn edirəm ki, bir ildən sonra gələndə Cəbrayıl yolunun çox fərqli vəziyyətdə olacağını görəcəyik. Ötən səfərimdən bir il sonra burada asfaltlanma işlərinin aparıldığını, körpülərin inşa olunduğunu, bu gün təməlini qoyduğumuz dəmir yolu ilə bağlı addımların atıldığını gördük”, – deyə o əlavə edib.
Zəngəzur dəhlizi məsələsinə toxunduğu zaman Ərdoğan deyib: “Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq mənə görə reallıqdan uzaqdır”.