Azərbaycan tankeri və “kölgə neft axını”: Britaniyanın sanksiyaları nə deyir?
Böyük Britaniyanın Azərbaycana qarşı sanksiyaları
Bakı susur, London danışır: Böyük Britaniya Rusiya neftinin daşınmasında iştirak etdiyinə görə Azərbaycana məxsus “Zəngəzur” tankerinə, iki şirkətə və 5 iş adamına qarşı sanksiyalar tətbiq olunub.
Rəsmi Bakının bu sanksiyalara münasibəti hələ də susqunluqla əvəz olunur.
Sanksiyaların mərkəzində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə (Caspian Shipping Company) məxsus “Zəngəzur” tankeridir. Gəminin son bir ildə Rusiyanın Primorsk limanına 11 dəfə, Türkiyənin STAR neft emalı zavodunun yerləşdiyi Nemrut limanına isə 6 dəfə səfər etdiyi məlum olub.
Britaniya hökuməti bu tədbirləri Rusiyanın Ukraynadakı müharibəsini maliyyələşdirən “kölgə flot”a qarşı atılmış ciddi addım kimi təqdim edib. Baş nazir Kira Starmerin ofisindən verilən açıqlamada deyilir: “Bu, Putinin yaxın ətrafı tərəfindən idarə olunan kölgə neft şəbəkəsinə zərbədir. Bu neft satışları Kremlə qanunsuz müharibəni davam etdirmək üçün vəsait qazandırır”.
Sanksiyalar yalnız gəmi deyil: Şirkətlər, şəxslər və Dubay-Honk Konq əlaqələri
Britaniya sanksiyalar siyahısına iki şirkət – BX Energy və Nord Axis LTD – və beş Azərbaycan vətəndaşını da daxil edib: Etibar Eyyub, Tahir Qarayev, Əhməd Kərimov, Anar Mədətli və Tələt Səfərov.
OCCRP-nin araşdırmalarına görə, bu şirkətlər Honq Konqda qeydiyyatdan keçib və Dubayda yerləşən digər firmalar tərəfindən idarə olunur. Etibar Eyyub hər iki şirkətlə əlaqələndirilir.
Müstəqil analitik Maximilian Hess bu addımı Azərbaycanın Qərblə yaxın enerji əlaqələri fonunda “açılmış xəbərdarlıq atəşi” adlandırır:
“Bu, Azərbaycanın Rusiya üçün sanksiyalardan yayınma səylərini davam etdirməsi halında, diplomatik mövqeyi və ümumilikdə iqtisadiyyatına ciddi risklərin ola biləcəyinə dair açıq siqnaldır”.
STAR: Avropa üçün rus neftinin qapısı
Hadisələrin arxasında dayanan əsas obyektlərdən biri də Türkiyənin qərbində yerləşən və Azərbaycan dövlətinə məxsus STAR neft emal zavodudur. Global Witness təşkilatının yaydığı məlumatlara görə, STAR zavodu 2024-cü ilin ilk rübündə Avropa İttifaqına (Aİ) 1.2 milyon ton neft məhsulu ixrac edib. Bu məhsulların 90%-i Rusiya mənşəli xam neftdən emal olunub.
Bu faktlar Azərbaycanın enerji diplomatiyasını sual altına qoyur. Ölkə Qərbin Rusiya neftinə tətbiq etdiyi sanksiyaların arxa qapısına çevrilir. Jonathan Noronha-Gant bunu belə ifadə edir:
“Azərbaycan Rusiyanı əvəz etməli idi, amma əksinə, Putinin xam nefti üçün Avropaya açıq bir arxa qapı oldu. Bu ticarət Aİ-nin sanksiyalarını alt-üst edir və Azərbaycan rejimi bundan milyardlar qazanır”.
Qərbdə bu vəziyyət hüquqi olmasa da, etik cəhətdən ciddi ziddiyyət doğurur. Misal üçün, STAR məhsullarının təxminən 10%-i Aİ-yə BP tərəfindən icarəyə götürülmüş tankerlərlə daşınıb. Halbuki BP 2022-ci ildə bəyan etmişdi ki, “tam və ya qismən Rusiyada istehsal olunan təyyarə yanacağını almayacaq.”
Rəsmi Bakıdan cavab yoxdur: susmaq razılıqdır?
Sanksiyalar elan olunandan bəri Azərbaycan Xarici İşlər Nazirliyi, SOCAR, Caspian Shipping Company və AzərTAc bu məsələ barədə heç bir açıqlama verməyib. XİN-in rəsmi hesablarında sanksiyaların elan edildiyi həftə ərzində heç bir mövqe paylaşılmayıb.
Bəzi analitiklər bunu Bakının sanksiyaları rədd etmədən, amma reaksiya da vermədən situasiyanı “soyutmaq” cəhdi kimi qiymətləndirirlər. Bəziləri isə bunu “önəmsizləşdirmə strategiyası” kimi şərh edir. Hər iki halda, nəticə odur ki, cəmiyyətə və beynəlxalq ictimaiyyətə bu proseslə bağlı şəffaf məlumat verilmir.
Geosiyasi fon: Avropa ilə enerji əməkdaşlığı sarsılır?
Aİ və Azərbaycan 2022-ci ildə Qaz Anlaşması imzalamışdı – məqsəd Rusiyadan enerji asılılığını azaltmaq idi. Lakin 2024-cü ilin məlumatları göstərir ki, Aİ-yə gedən Azərbaycan qazı ilə yanaşı, Bakının emal etdiyi Rusiya nefti də bu yollarla Avropaya daxil olur.
Bu paradoksal vəziyyət Avropa siyasətçiləri üçün də çətin seçimlər doğurur. Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas 2025-ci ilin aprelində Bakıya səfərində belə demişdi:
“Siz Aİ-yə enerji təhlükəsizliyinin möhkəmləndirilməsində yardım etmisiniz…”
İndi isə həmin enerji təhlükəsizliyi, görünür, Putinin “qanlı nefti” ilə təmin olunur.
Enerji geosiyasəti, ya etik çıxılmazlıq?
Böyük Britaniyanın Azərbaycana qarşı tətbiq etdiyi bu sanksiyalar sadəcə bir tanker və beş şəxsə qarşı deyil – bu, Bakıya qarşı yönəlmiş geosiyasi xəbərdarlıqdır. Azərbaycanın enerji sahəsində oynadığı “ikili oyun” həm Avropa üçün etik ikrah, həm də Rusiya üçün faydalı bir iqtisadi kanal yaradıb.
Azərbaycan hökuməti ya şəffaflıq və həmişəki diplomatik balans yolunu seçəcək, ya da beynəlxalq təzyiqlərin artması riskini qəbul etməli olacaq.
Böyük Britaniyanın Azərbaycana qarşı sanksiyaları