Azərbaycan Muay-tay Federasiyasının prezidentinə qarşı bıçaqlı hücum - "Killer göndəriblər"
Araz Musayevə qarşı bıçaqlı hücum
Antalyanın Kemer bölgəsində keçirilən IFMA U23 Elit Böyüklər Muay-tay Dünya Çempionatı zamanı bıçaqlanaraq ağır yaralanan Azərbaycan Muay-tay Federasiyasının prezidenti Araz Musayevə qarşı hücumla bağlı aparılan istintaq çərçivəsində biri Rusiyada olmaqla ümumilikdə 6 şübhəli saxlanılıb.
Hadisə 25 may tarixində, yarışların keçirildiyi Göynük qəsəbəsindəki Atatürk İdman Salonunda baş verib. Təxminən saat 15:00 radələrində Araz Musayev qarın nahiyəsindən iki dəfə bıçaqlanıb, eyni zamanda başından da zərbə alıb.
Yarış zalında olan təcili tibbi yardım briqadası ona ilkin tibbi yardım göstərib və o, əvvəlcə Kemer Dövlət Xəstəxanasına, daha sonra isə Antalya Şəhər Xəstəxanasına aparılıb. Musayev əməliyyat olunub, vəziyyətinin stabil olduğu, həyatı üçün təhlükə olmadığı bildirilir.
Musayevin ittihamları: “Killer göndərilib”

Araz Musayev “Unikal”a verdiyi açıqlamada hadisənin təsadüfi olmadığını və bu hücumun arxasında federasiya maraqları və şəxsi qərəzlər dayandığını bildirib:
“Antalya şəhərində dünya çempionatı keçirilir. Azər Həsənsoy və Elşən Abdulrəhimov ezam olunmuşdular ki, burada federasiyanı məndən alsınlar. Gəldilər, burada da mümkün olmadı. Əksinə, Kikboksinq Federasiyası dünya tərəfindən mənim nəzarətimə verildi. Ondan sonra istədilər dava salsınlar, gördülər alınmır. Ondan sonra killer göndərib məni vurdular”.
Musayev əlavə edib ki, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovun bu idman növlərindən məlumatı olmadığından verdiyi qeyri-qanuni qərarlar nəticəsində Dünya Muay-tay Federasiyası Kikboksinq idmançılarının Muay-tay Federasiyasının tərkibinə keçməsinə qərar verib.
O, başına və bədəninə aldığı bıçaq zərbələrinin, eləcə də beşbarmaqla vurulan zərbənin təsiri ilə ağır əməliyyat olunduğunu və hazırda vəziyyətinin orta-ağır olduğunu qeyd edib. Musayevin sözlərinə görə, hadisənin arxasında duran şəxslərdən bəziləri Rusiyadan göndərilib və o, bu təhlükəyə qarşı əvvəlcədən hazırlıqlı olub.
İttihamlara cavab: “Qəbul etmirik, pisləyirik”
Azərbaycan Kikboksinq Federasiyası isə Araz Musayevin ittihamlarına cavab olaraq bildirib ki, hadisəni törədən şəxslərlə nə Azər Həsənsoy, nə də Elşən Abdulrəhimovun əlaqəsi var:
“Federasiya olaraq Araz Musayevin vurulmasını pisləyirik”.
2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, hazırda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olan eks-millət vəkili Adil Əliyevdir. Adil Əliyev Azərbaycan dövləti adından Avropada, xüsusilə Almaniyada İlham Əliyevin maraqları üçün müstəqil səslərə, həmçinin biznesmenlərə qarşı hücumlarda da qeyri-rəsmi ittiham edilir. Bununla bağlı hər hansı məhkəmə işi olmasa da həm müxalifət, həm də iqtidar arasında yayılan və müzakirə edilən mövzulardan biridir.
Təhlükəsizlik kameraları və saxlanılan şəxslər
Təhlükəsizlik kameralarından əldə edilən görüntülərdə Araz Musayevin salonun girişində gözlədiyi, bu zaman bir şəxsin ona yaxınlaşaraq yumruq atdığı və bu zərbədən sonra yerə yıxıldığı görünür.
Kemer Prokurorluğunun təlimatı ilə İlçe Jandarma Komandanlığı tərəfindən istintaq başladılıb. Araz Musayevin ifadəsi və araşdırmalar nəticəsində 7 şübhəlinin kimliyi müəyyən edilib. Hücumu təşkil etməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı A.H. Kemer bölgəsində saxlanılıb.
Digər şübhəlilər – Özbəkistan vətəndaşları A.R., K.K., E.B. və Azərbaycan vətəndaşları M.İ.G., F.B. və R.S. müşahidəyə alınıb. Onların bəzilərinin hadisədən sonra kirayə avtomobillə qaçmağa çalışdıqları, geyim dəyişib, saç-saqqalını qırxdıqları, daha sonra isə taksi ilə Antalya Hava Limanına yollandıqları müəyyən edilib.
Beynəlxalq axtarış və ekstradisiya
Musayevə bıçaqla hücum etdiyi deyilən A.R. və K.K. hava limanında saxlanılıb. E.B.-nin isə Rusiyaya qaçdığı məlum olub. Onun tutulması üçün İnterpol vasitəsilə qırmızı bülleten çıxarılıb və E.B. Rusiyada hava limanında saxlanılıb. Hazırda onun ekstradisiyası üçün prosedur davam etdirilir.
Hava limanında bilet tapa bilməyən digər iki şübhəli – F.B. və R.S. isə görünüşlərini dəyişmək məqsədilə saç və saqqallarını qırxdıqdan sonra geri dönüblər. Onlar da hava limanında gecə saatlarında saxlanılıb.
Hazırda cinayət işinə dair istintaq davam edir, qaçmaqda olan M.İ.G.-nin tutulması üçün axtarış tədbirləri aparılır.
Müalicəsi davam edən Araz Musayevin yaxın günlərdə xəstəxanadan buraxılması gözlənilir.
Araz Musayevə qarşı bıçaqlı hücum