“Azərbaycan mərhələ-mərhələ Xankəndiyə yön alır”. Bakıdan şərh
Eko-aktivistlər Laçın dəhlizini bağlayıblar
Dekabrın 12-də səhər azərbaycanlı fəallar Xandəndidən Ermənistana gedən yeganə yolu bağlayıblar. Etirazçılar Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkovun hadisə yerinə gəlməsini, həmçinin Azərbaycan mütəxəssislərinin Qarabağdakı qızıl yataqlarına buraxılmasını tələb edirlər. Ekspertin fikrincə, bu cür hibrit əməliyyatlarla “Azərbaycan mərhələ-mərhələ Xankəndiyə yön alır”.
- Rusiya və Azərbaycan arasında qalan kəndlilər
- “Qarabağ erməniləri” məsələsi sülh müqaviləsinə maneə törədə biləcəkmi? Bakıdan şərh
- Xocalıda Azərbaycan məmurları sülhməramlıların komandanlığı ilə görüşüb
Bu gün, dekabrın 12-də yerli vaxtla saat 10:30-da azərbaycanlı ictimai və ekoloji fəallar Xankəndini Ermənistanla birləşdirən yeganə yolu – Laçın dəhlizini bağlayıblar.
Azərbaycan tərəfi 2020-ci ilin payızında müharibə başa çatdıqdan sonra Qarabağda müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı kontingentinin (RSK) komandanlığından Azərbaycan mütəxəssislərinin regionun bu hissəsindəki faydalı qazıntı yataqlarına buraxılmasını tələb edir.
Ötən həftə Azərbaycanın bir sıra dövlət idarələrinin əməkdaşları Laçın yolunda, Şuşa şəhərinin girəcəyi yaxınlığında RSK komandanı Andrey Volkovla, daha sonra isə sülhməramlıların rəhbərliyi ilə Xocalıda görüşüblər. Mediada gedən məlumata görə, bu görüşdə Qarabağdakı faydalı qazıntı yataqlarının monitorinqi ilə bağlı razılıq əldə olunub, burada rəsmi Bakıya görə, qeyri-qanuni qızıl hasilatı aparılır. Azərbaycan tərəfi ölkənin beynəlxalq səviyyədə tanınmış ərazisində hasil edilən qızılın yük maşınları ilə Ermənistana daşındığını bildirir.
Etirazçıların tələblərinə baxmayaraq, aksiyanın başlanmasından 10 saat sonra azərbaycanlı fəallar Volkovla görüşə bilməyiblər. Bu material təhvil verilənə qədər aksiya davam edirdi və bütün bu müddət ərzində Laçın dəhlizi bağlı idi.
Bu gün Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib, daha sonra Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb. Kremlin məlumatına görə, hər iki halda söhbət üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsindən gedib.
Ekspert şərhi
Siyasi müşahidəçi Aqşin Kərimov hesab edir ki, etiraza səbəb Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının hərəkətləri olub:
“10 Noyabr Bəyanatının təməllərinə qarşı meydan oxuyan Rusiya sülhməramlıları təlimatları Moskvadan alırlar və ordu Kremlin əmrləri fonunda Bakı ilə gərginlikdə xüsusi vasitəyə çevrilir.
Azərbaycanla Rusiya arasında Bəyanatın əsasən 4-cü bəndi üzrə – erməni silahlıların Azərbaycan ərazilərindən çıxarılması – problemlər mövcuddur, bu fikir ayrılıqları Kremli digər səmtlər üzrə təxribatlar törətməyə təşviq edir.
Rusiya sülhməramlı kontingent və Qarabağdakı erməni əhalinin izdivacından elə bir fiqur dünyaya gətirmək istəyir ki, bu, perspektivdə Moskvanın Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsindəki dominantlığını saxlasın”.
Kərimov əmindir ki, Rusiya gedişatlardan gec-tez sülhməramlı kontingentin Qarabağdan çıxarılacağını, bunun əvəzində başqa bir təzyiq vasitəsi yaratmaq üçün Moskvanın “B” planına əl atmalı olduğunu anlayır.
“Kreml üçün məqbul variantlardan biri rus iş adamlarının Xankəndiyə, Xocalıya köçünü təşkil etməkdir ki, buradan da o, başqa məqsədə çıxış əldə etməyi hədəfləyir”.
Siyasi icmalçı Şuşa-Xankəndi yolundakı gərginliyin davam etdiyi zaman Rusiya prezidenti Vladimir Putinin Azərbaycan lideri İlham Əliyevə zəng etməsi məsələsinə də toxunub:
“Bu zəng həmin hesablaşmanın ali səviyyədə anonsu sayıla bilər, hərçənd ki, hər iki prezident bir çox məsələdə razılıq əldə edib.
Azərbaycan qarşılıqlı maraqların məntiqini öz suverenliyinin tamhüquqlu təmininin sərhədləri ilə qarışdırmır. Yəni Moskvaya özünün qurduğu oyunlarla Azərbaycanın suverenliyi məsələsində pay almaq nəsib olmayacaq.
Azərbaycan, sadəcə olaraq, Moskva ilə iqtisadi-siyasi əməkdaşlığın ikitərəfli münasibətlərin hüquqi prosedurlar əsasında inkişafının tərəfdarıdır”.
Kərimov Azərbaycanın Rusiya qarşısında qoymuş ola biləcəyi şərtləri sadalayıb:
“1. Sülhməramlıların komandanı dəyişdirilməli, hərbi qüvvələrin fəaliyyəti 10 Noyabr Bəyanatında təsbit edilən notlara köklənməlidir;
2. Rusiya qızılın başgicəlləndirici cazibəsindən bihuş olub Azərbaycana qarşı fəaliyyət göstərməkdənsə, praqmatik əməkdaşlıq mühiti üçün normal təkliflər səsləndirməlidir”.
Siyasi icmalçı qeyd edib ki, Azərbaycan mərhələ-mərhələ Xankəndiyə, Xocalı istiqamətinə yön alır və proses Bakının suverenlik hüququnun konstitusion təmini ilə yekunlaşacaq.
Bizə abunə olun — Twitter | Facebook | Telegram | Instagram | Youtube