Azərbaycan- Ermənistan sərhədində təhlükə artır: hər iki tərəfdən ölənlər var
İyulun 14-də, Azərbaycan-Ermənistan sərhədindəki eskalasiyanın dördüncü günündə vəziyyət çox gərgin olaraq qalır. Müxtəlif məlumatlara görə, hər iki tərəfdən artilleriya tətbiq olunur, kəndlərin də yerləşdiyi böyük əraszilər atəş altındadır.
Bakı 12 azərbaycanlı hərbçinin, o cümlədən də yüksək ranqlı zabitlərin həlak olduğu haqda məlumat verib.
Yerevandan bildirildiyinə görə, onlar iki hərbçi itiriblər.
Hər iki tərəf bir-birini gərginliyi başlatmaqda günahlandırır və bildirirlər ki, qarşı tərəfin itkiləri elan olunandan daha çoxdur.
Sərhəddə eskalasiya iyulun 12-də Azərbaycanın Tovuz rayonu və Ermənistanın Tavuş vilayətinin sərhədində baş verən hadisədən başlayıb.
Azərbaycan tərəfi bəyan edib ki, Ermənistan qoşunları “mövqeləri ələ keçirmək məqsədilə hücuma keçib”.
Ermənistanın Müdafiə Nazirliyi isə Azərbaycan hakimiyyətini günahlandırıb. Əvvəlcə bildirilirdi ki, Azərbaycan hərbçiləri Ermənistan sərhədini pozmağa cəhd göstərib. Daha sonra Ermənistan hakimiyyəti Azərbaycan tərəfdən Ermənistan mövqelərinin artilleriya atəşinə tutulduğu haqda bildirib.
“İki ölkə bir-biri ilə aralarındakı bütün birbaşa əlaqə kanallarından istifadə etməlidir”, – beynəlxalq reaksiya
Avropa İttifaqı hər iki tərəfi silahlı qarşıdurmaya son qoymağa və bundan sonrakı gərginliyin qarşısının alınması üçün tədbirlər görməyə çağırıb.
Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçi rolu oynayan ATƏT-in Minsk Qrupunun həmsədrləri də oxşar bəyanatla çıxış ediblər.
Həmsədrlər bildiriblər ki, onlar hər iki tərəflə əlaqədədirlər, amma onları aralarında mövcud olan birbaşa əlaqə kanallarından yararlanmağa çağırırlar.
ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Rusiya prezidentinin mətbuat katibi narahat olduqları haqda bəyanatla və hər iki tərəfə təmkinli olmaq çağırışı ilə çıxış edib.
Rusiyanın liderliyi altında fəaliyyət göstərən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı dərhal atəşkəs rejiminin bərpa olunması çağırışı səsləndirib. Ermənistan bu təşkilatın üzvüdür.
Hər iki tərəfin rəsmi mənbələrinin məlumatları əsasında Azərbaycan-Ermənistan sərhədində baş verənlərin icmalı.
• Ermənistan: təhsil – münaqişənin görünməz qurbanı
• Şərh: Ən böyük biclik düzlükdür
Bakıdan informasiya
İyulun 14-də Azərbaycan mediasının və sosial şəbəklərinin əsas müzakirə mövzusu Ermənistanla sərhəddə baş verən hadisələrdir.
Həmin gün səhər erkən Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib ki, Ermənistan SQ hissələri Azərbaycanın Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutublar.
Tezliklə hərbi əməliyyat zonasında həlak olan general haqda məlumat yayılıb. Bu haqda cəbhə xəttinin yaxınlığında Tovuz rayonu ərazisində keçirilən brifinqdə Azərbaycanın müdafiə nazirinin müavini Kərim Vəliyev bildirib.
O, həmçinin deyib ki, həlak olanlar sırasında Azərbaycan ordusunun polkovniki, iki mayoru, iki giziri və bir MAXE var.
Vəliyev bildirib ki, iyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonunda qızğın döyüşlər davam edib və Ermənistan tərəfdən azı 100 nəfər həlak olub, texnika məhv edilib.
İyulun 14-də Tovuz rayonunun Ağdam kəndinin atəşə tutulması nəticəsində 75 yaşlı əlil Əziz Əzizovun həlak olduğu haqda xəbər verilib.
Şahidlərin danışdıqları
Telekanallar hadisələrin episentrində yerləşən kəndlərdən xəbərlər yayırlar. İnsanlar bildirirlər ki, evlərini tərk etmək niyyətində deyillər və öz torpaqlarında qalacaqlar.
Bu videoda əks olunan müsahibədə sakinlər deyirlər: “Ayın 12-i günorta radələrindən ermənilər sərhəddə sakitliyi pozdular. Buna baxmayaraq, bizim camaat öz evindədir, əkinlə-biçinlə məşğul olurlar. Ordumuz da düşmənə layiqli cavabı verir. Mən orduya inanıram”.
Azərbaycanın Baş Prokurorluğu Ermənistan hərbçilərinin Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayət törətdiyini bəyan edib. Hadisə yerində istintaq qrupu işləyir, sənədləşdiriləndən sonra cinayət işi qaldırılacaq və beynəlxalq hüquq normaları çərçivəsində tədbirlər görüləcək – Baş Prokurorluğun məlumatında deyilir.
Ukrayna, Moldova və Türkiyə Azərbaycanın ərazi bütövlüyünün vacibliyini vurğulayıblar
Azərbaycanda Ukrayna, Moldova və Türkiyə xarici işlər nazirliklərinin bəyanatları rəğbətlə qarşılanıb. Bu ölkələr bəyan ediblər ki, iki ölkə arasındakı münaqişənin tezliklə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq aləmin tanıdığı sərhədlər çərçivəsində həll olunmasını diləyirlər.
Sosial şəbəkələrdə gedən müzakirələrin icmalı
Birinci trend: Lavrovun (Rusiya xarici işlər naziri) planı
“Tovuzda baş verənlər “Lavrovun planının” gizli reallaşdırılmasıdır. Rusiya qoşunlarının təmas xəttinə yerləşdirilməsinə qətiyyən imkan vermək olmaz”.
İkinci trend: düşmən cəzalandırılmalıdır
“Hər bir sıravi əsgərimizin ölümü faciədir, ağrıdır. Amma zabitlərin öldürülməsi bu qudurğanlığın başqa səviyyəsidir, buna görə düşmən cəzalandırılmalıdır, həm də Paşinyanın son zamanlarda açıq-aşkar saya saymadığı sülh danışıqlarına artıq baş yelləmədən. Odur ki, indi artıq hesab edirəm ki, başqa yol yoxdur. Dörd il əvvəlki kimi qonşuların, NATO, ATƏT, BMT, Vaşinqtonun xahişi ilə dayanmaq olmaz. Nəhayətdə onlardan heç biri bu qədər müddətdə ədalətin müharibəsiz bərqərar olması üçün heç nə etməyib”.
Üçüncü trend: orduda xidmət edən övladları üçün qorxu
“Övladları xidmətdə olan valideynlər yumşaq desək, bütün bu günlər ərzində çox narahatdırlar. Həmişə olduğu kimi bircə gün də xidmətdə olmayan, barıt qoxusunu bilməyən, orduya yararsız biletləri olan bəxtəvərlər şüarlarla çıxış edir, camaatı döyüşə səsləyirlər”.
Yerevandan informasiya
14 iyul sabahı Yerevanda gecə Ermənistan SQ rəqib tankının hərəkət etdiyini görüb və atəş açaraq onu dayandırıblar. Bu haqda Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan Facebook səhifəsində yazıb.
“Hazırda sərhəddə nisbi sakitlikdir”, – Stepanyan yazıb.
O həmçinin sərhəddə baş verən hadisələrlə bağlı video-material paylaşıb və videoda baş verənləri izah edib:
“Ermənistan Silahlı Qüvvələrinin hissələri Azərbaycanın Tavuş vilayətinin sərhədyanı yaşayış məntəqələrini atəşə tutduğu dayaq məntəqələrini məhv edir. Final hissəsinə diqqətlə baxın”.
İyulun 14-də bir qədər sonra Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycana məxsus pilotsuz uçan aparat sərhədyanı Berd kəndinə zərbə endirib:
“Rəqib hücum PUA-ı ilə Berd şəhərinin mülki infrastrukturlarını hədəf alıb. Zərərçəkən yoxdur”.
Sərhəddə eskalasiyanın ilk iki günü ərzində nazirliyin məlumatına əsasən, digər sərhədyanı kəndlər – Movses, Çinari, Aygepar və Nerkin Karmiraxpür də atəşə tutulub.
Ermənistan XİN məsuliyyəti Azərbaycanın üzərinə qoyub.
“Bakı məqsədyönlü şəkildə mükli infrastrukturu və əhalini hədəfə alaraq, gərginlik coğrafiyasını genişləndirərək Ermənistan-Azərbaycan sərhədində öz təcavüzkar əməllərini davam etdirir”, – XİN mətbuat xidmətinin məlumatında deyilir.
Oradaca “təcavüzkar əməllərə eyni cavabın veriləcəyi” vəd edilib.
Şahidin danışdıqları
Hadisələrin episentrində olan Berd şəhərinin sakini Hamlet Melkumyan danışıb ki, vəziyyət ümumilikdə sakitdir.
“Hamı öz işi ilə məşğuldur. İnsanlar gərginlik dövründə hazırlıq haqda unutmurlar, bilirlər ki, nə etmək lazımdır. Ancaq məktəblilər arasında narahatlıq var. Hərçənd onlar qorxmurlar və vəziyyət gərginləşərsə zirzəmilərdə gizlənməyə hazırdırlar”.
Hökumət saytlarına haker hücumları – izlər Azərbaycana aparır
Vəziyyət yalnız Ermənistan-Azərbaycan sərhədində yox, kiber-məkanda da gərgindir.
İyulun 14-də gündüz məlum olub ki, Ermənistanın baş nazirinin rəsmi saytı sındırılıb. Nikol Paşinyanın mətbuat xidməti hələlik vəziyyəti şərh etmir.
Bundan başqa Ermənistan hökumətinin saytı da hücuma məruz qalıb. Hər iki sayt yüklənir.
Ermənistan ekspertləri bildirirlər ki, hücumların izi Azərbaycana gedir.
Sosial şəbəkələrdə gedən müzakirələrin icmalı
Birinci trend: rəqib qəddar və xaindir, amma Ermənistan ordusu vəziyyətə nəzarət edir
“Əlbəttə ki, bütün bunlarla qürrələnmək lazım deyil. Amma ordumuzun effektiv olduğuna sevinmək lazımdır”.
İkinci trend: iki tərəfdən də ölənlərin olmasına heç kim sevinməməlidir
“Düşünürəm ki, məni daşlayacaqlar, amma yenə də rəqib tərəfdən ölüm xəbərlərinə insanların sevinməsi ilə bağlı mədəniyyət mənim üçün anlaşılan deyil”.
Üçüncü trend: onlara bu da azdır
“Bütün təxribatçı əməllərə mümkün qədər sərt cavab vermək lazımdır. Yoxsa son zamanlar azərbaycanlılar həddən artıq çox təhdid etməyə başlayıblar, məlum da deyil ki nə ilə!”
Ümumilikdə Facebook-un Ermənistan seqmentinin istifadəçiləri arasında Azərbaycana qarşı aqressiv ritorika getdikcə artır.