“İndiki müharibənin fərqli nüansları var” – hərbi ekspert
Sentyabrın 27-si səhər saatlarından başlayaraq Dağlıq Qarabağda döyüşlər davam edir. 2016-cı ilin aprel ayında və 2020-ci ilin iyul ayında baş vermiş toqquşmalardan fərqli olaraq, bu dəfə həm Ermənistanda, həm də Azərbaycanda səfərbərlik elan edilib, döyüşlər bütün cəbhə xətti boyunca aparılır.
Yaranmış vəziyyət və onun gələcək perspektivləri haqqında hərbi ekspert Asəf Quliyev JAMnews-a şərh verib.
• Qarabağda döyüşlər və Rusiya – nə əlaqəsi var? Bakıdan şərh
• Gürcüstanlı siyasətçilər və ekspertlər Qarabağ münaqişəsi haqda. Şərhlər
A.Qulyevin sözlərinə görə, hər bir münaqişə kimi, Dağlıq Qarabağ münaqişəsinin də müxtəlif mərhələləri olub. “Sentyabrın 27-də bu münaqişənin yeni mərhələsi başladı. Bu mərhələni şərti olaraq “sülhə məcbur etmə” mərhələsi adlandırmaq olar. Niyə məhz belə? Məlumdur ki, bu münaqişə də mitinqlərlə başlayıb, maşınların daşlanması, müharibə və s. mərhələlərdən keçib. Mahiyyət etibarilə bu mərhələ də müharibədir. Amma indiki müharibənin fərqli nüansları var”, – ekspert bildirib.
“Ermənistan tərəfi beynəlxalq birliyin qərarlarına məhəl qoymurdu, hamı tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınan bölgəni ermənilərin ikinci dövləti elan etmişdi. Bu isə həm beynəlxalq hüquqa, həm də dünyanın indiki düzəninə sayğısızlıqdır. Məhz buna görə də, münaqişənin və yaxud müharibənin bu mərhələsi məhz sülhə məcbur etmədir”, – deyən Asəf Quliyevin fikrincə, BMT Təhlükəsizlik Şurasının erməni hərbi qüvvələrinin Azərbaycandan çıxarılması haqqında qətnamələri yerinə yetirilməlidir.
Ekspert qeyd edir ki, 2016-cı ilin aprel döyüşləri nəzərə alınmazsa, son illər ərzində aparılmış döyüşlərdə mövqe dəyişiklikləri olmayıb: “Tərəflər nəbz yoxlayırdı da deyə bilərik. Lakin 2016-cı ildə ilk xəbərdarlıq oldu. O vaxt Ermənistanda iqtidarda olan “Qarabağ klanı” bu təzyiqlərdən sonra hakimiyyətini itirdi. Erməni xalqı anladı ki, Sarkisyan rejimi Azərbaycanın revanşının qarşısında dayana bilməyəcək. Hakimiyyətə Paşinyan gəldi”.
“Paşinyan hakimiyyətə gələn zaman ümid var idi ki, xalqını bu bəladan qurtarmaq üçün addımlar atacaq. Ancaq görünən odur ki, özündən əvvəlki hakim elitanın təzyiqlərin buna imkan vermədi və Paşinyan daha destruktiv mövqe tutdu. Beləcə Azərbaycana başqa seçim yeri qoyulmadı”, – A.Quliyev əlavə edib.
Müsahibimizin sözlərinə görə, o özü də hadisələrin bu həddə qədər gərginləşəcəyini gözləmirmiş: “Çünki müharibə hər iki xalq üçün faciələr gətirəcək. Amma, görünür, Paşinyan bu həqiqəti dərk etsə də, hakimiyyət ehtirası daha güclü oldu və destruktivliyi gündən-günə artdı. Döyüşlər başalyandan sonra isə qarşı tərəfdən çox mülayim bəyanatlar gəlir”.
Müharibənin nə qədər davam edə biləcəyi ilə bağlı sualımıza cavab olaraq Asəf Quliyev deyib: “Döyüşlərin nə qədər çəkəcəyi yenə də erməni tərəfindən asılıdır. Əgər bu gün bəyan etsələr ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetiririk, hərbi əməliyyatlara ehtiyac qalmayacaq. Yox, əgər müqavimət göstərsələr, müharibə uzana bilər. Müqavimətin özünün də uzunmüddətli və ya qısamüddətli olacağı erməni tərəfindən asılıdır.
Azərbaycan bu müharibəyə psixoloji cəhətdən tam hazırdır və müddətin uzanması ölkədə mənəvi-psixoloji diskomfort yaratsa da, bu, ermənilərin hiss edəcəyi diskomfortla müqayisədə çox cüzi olacaq.
Ermənistanın indi yubanmadan BMT TŞ qətnaməlirinin yerinə yetirilməsinə razılaşması əslində ermənilərin xeyrinə olardı. Çünki döyüşlər təkcə işğal altında olan ətraf rayonlarda yox, bir vaxtlar DQMV-nin ərazisi olmuş Ağdərə və Xocavənd rayonlarının ərazisində də gedir. Erməni tərəfi bu barədə düşünsə, yaxşı olar”.