Dolanışıq üçün təhlükəli sularda: azərbaycanlı dənizçilər Qara dənizdə hansı çətinliklərlə üzləşirlər?
Azərbaycanlı dənizçilər Qara dənizdə
Rufan Əhmədov oktyabrın 23-də Rumıniya sahilləri yaxınlığında hücuma məruz qalan gəmidən xilas edilən azərbaycanlı dənizçilərdən biridir. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, o, yüngül xəsarət alıb, tibbi müayinədən sonra hotelə yerləşdirilib.
“Khoryv” gəmisinə dron hücumunun arxasında Rusiya dayanır. Gəmidəki digər iki Azərbaycan vətəndaşı da xilas edilib. Bu dəfə onların ailələrinə sağ qaldıqları xəbəri çatıb.
Son aylarda Qara dənizdə işləyən başqa azərbaycanlı dənizçilərin ailələri isə ölüm və itkin xəbəri alıblar. XİN-in ayrı-ayrı hadisələr üzrə açıqlamalarına əsasən, iyun-oktyabr aylarında hücuma məruz qalan gəmilərdə ümumilikdə azı 48 azərbaycanlı olub. Bu məlumatlar üzrə altı azərbaycanlının ölümü təsdiqlənib, daha iki itkin düşmüş şəxsin sonradan öldüyü bildirilib, bir nəfər isə itkin göstərilib. Sağ qalanların sayı azı 39, onların arasında yaralanan və xəstəxanaya yerləşdirilənlərin sayı isə 10-dur.
Qara dənizdə həm Rusiya, həm də Ukrayna tərəfindən ticarət gəmilərinə mütəmadi hücumlar təşkil edilir. Azərbaycanlılar bu gəmilərdə kapitan, motorçu və digər vəzifələrdə çalışırlar. Onların işi mülki yük daşımaqdır, amma marşrutları müharibənin getdiyi ərazilərdən keçir.
Gəmi vurulduqda təhlükə bütün heyət üçün yaranır. Səfər yarımçıq qalanda isə təhlükəsizliyin yanına başqa problemlər də əlavə olunur: maaş veriləcəkmi, evə qayıtmaq mümkün olacaqmı, bunun xərcini kim ödəyəcək?
Hücumlarda həlak olan və itkin düşən azərbaycanlılar
Rüstəm Həsənov oktyabrın 5-də “Royad Mammadov” gəmisinə hücum zamanı həlak olub. Ukrayna prezidenti Volodimir Zelenski gəminin iki Rusiya dronu ilə vurulduğunu bildirib.
Atası İsmayıl Həsənov oğlu Rüstəmlə sonuncu dəfə oktyabrın 5-də baş verən hücumdan bir gün əvvəl danışıb. Ata “Xəzər Xəbər”ə müsahibəsində oğlunun avqustdan həmin gəmidə kapitan işlədiyini bildirib.
Eyni gəmidə motorçu işləyən, Masallının Digah kəndindən olan Coşqun Məmmədəliyev isə yaralanıb və Rumıniyada müalicə üçün yerləşdirilib. Televiziyanın məlumatına görə, o, üç ildir bu peşədə çalışırmış.
XİN-in oktyabrın 6-da yaydığı açıqlamada başqa bir azərbaycanlı dənizçi – 2002-ci il təvəllüdlü Məhəmməd Süleymanzadə isə itkin göstərilib. Həmin vaxt xilas edilən Azərbaycan vətəndaşlarından üçünün xəstəxanada olduğu bildirilib. Süleymanzadənin sonrakı taleyi barədə isə məlumat yoxdur.
Hücumların ardı kəsilmir
İyulun 14-də Odessa sahilləri yaxınlığında vurulan “Atlas Bey” gəmisində 11 Azərbaycan vətəndaşı olub. Ukrayna rəsmiləri bu hadisəni Rusiyanın mülki gəmilərə hücumları sırasında göstəriblər.
Onlardan onu sahilə çıxarılıb. Kapitan Səməd Nəsrullayevin cəsədi isə axtarışlardan sonra tapılıb və iyulun 17-də Azərbaycana göndərilib.
İyunun 5-də Azov dənizində “Natra” və “Zirkon” gəmilərinə hücumlar zamanı da azərbaycanlı dənizçilər zərər çəkiblər. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova gəmilərin Ukrayna dronları ilə vurulduğunu bildirib.
Bu hadisələri birlikdə nəzərdən keçirəndə təhlükənin bir gəmi və bir səfərlə məhdudlaşmadığı görünür. Azərbaycanlı dənizçilər aylar ərzində eyni bölgədə hücumlara məruz qalıblar.
Maaşını gözləyən, evə qayıtmaq istəyən heyət
Dənizçilərin üzləşdiyi çətinliklər yalnız hücum anı ilə bağlı deyil. Oktyabrın 7-də “Konkret”ə danışan “Consul” gəmisinin kapitanı Səbuhi Salahov heyətin Rostovda aylarla qaldığını və maaşlarını ala bilmədiyini bildirib. Dənizçilərin sözlərinə görə, gəminin olduğu ərazidə davam edən dron hücumları onların gəmini tərk etməsinə və Azərbaycana qayıtmasına imkan vermir.
“Bunlardan pul alıb Azərbaycana gəlmək istəyirik. Amma əlimizdən heç nə gəlmir”, – kapitan belə deyib.
Kapitanın sözlərinə görə, heyət aylarla maaşını gözləyir və evə qayıda bilməyib. Şikayətdən sonra dənizçilərin pulunu alıb-almadığı və ailələrinə qovuşub-qovuşmadığı barədə isə məlumat yoxdur.
“Rusiyadan quru yük daşıyırdıq. Axırıncı dəfə Moldovaya kömür yükü apardıq. Bir səfərdə eyni yükü gətirməyə gəldik. Yollar bağlandı. Çünki Azov-Qara dəniz ərazisində 200-ə yaxın gəmiyə dron hücumu oldu. Biz də o vaxtdan Rusiyanın Rostov şəhərində qalmışıq. Artıq 3-4 aya yaxındır buradayıq”, – S.Salahov belə deyib.
Bu şikayət Azərbaycan vətəndaşlarının təhlükəli bölgədən necə çıxarıla biləcəyi məsələsini də gündəmə gətirir. Kapitanın dediyi kimi, heyət maaşını ala və evə qayıda bilmirsə, dənizçilərin konsulluq yardımına ehtiyacı var. Azərbaycan qurumlarının isə bu heyətlərin geri qaytarılması və əməkhaqqı şikayətinin həlli üçün hansı addımları atdığı barədə məlumat yoxdur.
Təhlükəli səfərdən imtina hüququ hamıya şamil olunurmu?
Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasının müəyyən kollektiv müqavilələrlə əhatə olunan dənizçilər üçün qaydaları var. Bu qaydalarda bölgənin risk dərəcəsindən asılı olaraq əlavə ödəniş, təhlükəli səfərdən imtina və işəgötürənin hesabına evə qaytarılma nəzərdə tutulur.
Lakin həmin təminatların bütün azərbaycanlı dənizçilərə avtomatik şamil olunduğunu demək olmaz. Bunun üçün konkret əmək müqaviləsi, gəminin hansı kollektiv sazişlə işlədiyi və səfər edilən ərazinin statusu yoxlanmalıdır.
XİN azərbaycanlılara müharibə və qeyri-sabitlik olan ərazilərdə işləməyin riskləri barədə xəbərdarlıq edir. Amma artıq həmin gəmilərdə çalışanlar üçün xəbərdarlıqla yanaşı, təhlükəli səfərdən çıxmaq imkanı da əhəmiyyətlidir.
XİN hücumlardan sonra tibbi və konsulluq yardımı göstərildiyini də açıqlayıb. Amma təhlükəsizlik yalnız hadisədən sonra xilasetmə və geri qaytarılma ilə məhdudlaşmır. Təhlükəli marşrutdan ayrılmaq istəyən vətəndaşın evə qayıtmasına, ödənilməyən maaşını tələb etməsinə və ailəsinin gəlirsiz qalmamasına hansı dəstəyin verildiyi də aydın olmalıdır. Bu insanlar üçün xəbərdarlıqla yanaşı, təhlükəli işi tərk etməyə imkan verən praktik kömək də vacibdir.
Azərbaycanlı dənizçilər Qara dənizdə