Azərbaycanla sərhəddəki insidentdən sonra Ermənistanı İranla birləşdirən yol bağlanıb. Şərh
Avqustun 25-də axşam Azərbaycan tərəfi erməni hərbçilərin azərbaycanlı sərhədçiyə hücum etdiyi haqda məlumat yayıb. Bildirilib ki, insident iki ölkə sərhədində baş verib.
Azərbaycan tərəfi bildirir ki, hərbçi iki erməni hərbçinin hücumu nəticəsində sinəsindən yaralanıb. Ermənistanın baş naziri Nikol Paşinyan bu informasiyanı təkzib edib.
Qafan-Qoris yolunun bağlandığı haqda məəlum olandan sonra Ermənistan və Azərbaycan ombudsmenləri bəyanat yayıb və qarşı tərəfi təxribatda günahlandırıb.
Ermənistanın Qafan və Qoris şəhərlərini birləşdirən yolun bir hissəsi ikinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın nəzarəti altına qayıdan Qubadlı rayonu ərazisindən keçir.
İki ölkə arasında dövlət sərhədi məsələsi hələ də nizamlanmayıb.
- Azərbaycan əsgəri Qarabağda ermənilər tərəfindən saxlanılıb və casusluqda günahlandırılır
- Azərbaycanın Krım Platformasının sammitində iştirak etməməsi nə ilə bağlıdır? – Bakıdan şərh
Bakıdan informasiya
Azərbaycan Dövlət Sərhəd Qoşunlarının mətbuat xidmətinin məlumatında deyilir:
“25 avqust tarixində saat 15:45 radələrində Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsi istiqamətində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan əsgər Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusunun qəfil hücumuna məruz qalıb, əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü bıçaqla xəsarət alıb”.
Məlumatda deyilir ki, digər sərhəd naryadlarının köməyə gəldiyini görən Ermənistan hərbçiləri ərazinin sıx meşəlik olmasından istifadə edərək geri qaçıblar:
“Əsgər R.Şirəliyev təcili olaraq Dövlət Sərhəd Xidmətinin hərbi hospitalına təxliyə edilmişdir, hazırda həyatı üçün təhlükə yoxdur.
Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür və bu təxribata adekvat cavab veriləcəkdir”.
Hadisəyə Azərbaycanın Ombudsmen Aparatı da reaksiya verib:
“Ermənistan tərəfinin davamlı olaraq insan həyatına qəsd etməklə və sərhəddə vəziyyəti gərginləşdirməklə yeni münaqişə ocaqları yaratmaq məqsədi güdən bu cür çirkin təxribatlarını qəti şəkildə pisləyir, beynəlxalq hüquqla və üç tərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri dərk etməli olduğunu xatırladırıq”.
Yerevandan informasiya
“Azərbaycan hərbçisinə hücum olmayıb”
Azərbaycan hərbçisinə hücum edilməsi haqda informasiya həqiqətə uyğun deyil – Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 26-da parlamentdə çıxışı zamanı bildirib.
Hökumət başçısı qeyd edib ki,Ə Bakıdan bu informasiyanı təsdiqləyən informasiya gözləyir:
“Əgər varsa, qoy onları bizə təqdim etsinlər, biz araşdırma aparacağıq”.
Daha əvvəl Ermənistanın Müdafiə Nazirliyi təkziblə çıxış edib. Qurumun məlumatında bildirilir ki, Azərbaycanın Sərhəd Xidmətinin Ermənistan-Azərbaycan sərhədinin cənub-şərq hissəsində iki erməni hərbçinin azərbaycanlı hərbçiyə hücum etməsi və onu yaralaması haqda informasiyası həqiqətə uyğun deyil:
“Bu informasiya tamamən saxtadır və Azərbaycan tərəfinin növbəti dezinformasiyasıdır. Ermənistan SQ hərbçilərinin iştirakı ilə belə bir insident baş verməyib”.
Azərbaycan SQ yolu bağlayıb
Ermənistan Milli Təhlükəsizlik Xidmətindən bildirilib ki, avqustun 25-də 23:00 radələrində Azərbaycan tərəfi Ermənistanı İranla birləşdirən Qafan-Qoris beynəlxalq yolunun Karmrakar-Şurnux hissəsini bağlayıb. MTX-nın məlumatına əsasən, yolda hərəkətin bərpası istiqamətində işlər görülür.
Ermənistanın ombudsmeni bildirib ki, Rusiya sərhədçiləri də danışıqlara qoşulub. Arman Tatoyanın sözlərinə görə, onların sayəsində mü2lki avtomobilləri evakuasiya etmək mümkün olub.
Ombudsmen həmçinin bildirib ki, yolu əlliyə yaxın Azərbaycan hərbçisi bağlayıb. O, Azərbaycan tərəfinin əməllərini cinayət hesab edir:
“Bu, cinayət əməlidir: insanların, bütün mülki əhalinin, o cümlədən də uşaqların, qadınların, qocaların azad hərəkəti məhdudlaşdırılıb. Biz vətəndaşlardan çox sayda məlumatlar alırıq, onların hamısı yoxlanılıb”.
İnsan haqları müdafiəçisinin fikrincə, dövlət sərhədi ilə bağlı məsələləri sadəcə hərbi-siyasi nöqteyindən nəzərdən keçirmək olmaz. Bu cür təxribatlar haqda dinc əhalinin hüquqlarının müdafiəsi nöqteyi-nəzərindəndən danışmaq lazımdır. Arman Tatoyan bu insidenti dinc əhaliyə qarşı açıq planlaşdırılmış cinayət kimi dəyərləndirir.
Saatlar sonra ombudsmen bildirib ki, Azərbaycan hərbçiləri mülki əhalinin hərəkətini təmin edən Qoris-Vorotan dövlətlərarası yolunu da bağlayıblar:
“Azərbaycan hərbçilərinin cinayət əməlləri insanların azad hərəkət hüququnu pozur. Bu yollarda onların olması özlüyündə insanların yaşamaq hüququnu və digər beynəlxalq zəmanətli həyati vacib hüquqlarını pozur”.
Ermənistanın baş nazirinin şərhi
Nikol Paşinyan bildirib ki, Azərbaycan SQ-nin Qoris-Qafan yolunu bağlaması Ermənistan və Rusiya ilə razılaşmalara ziddir.
O vurğulayıb ki, Sünik Ermənistandan qopmayıb və vəziyyətdən asılı olmayaraq hökumətin işi nəqliyyat əlaqəsinin nizamlanmasına yönəlib.
“Strateji planda bu məsələ Şimal-Cənub yolunun inşası ilə həll ediləcək. Amma tam yox. Həmçinin Şurnux və Vorotan icmalarında yolların yaxşılaşdırılması işləri də başlayıb və sürətləndiriləcək”.
Bu yol sayəsində Ermənistan tranzit ölkəyə çevrilə bilər. Şimalda yol Ermənistanı Gürcüstanla birləşdirir, Qara dəniz və Avropa ölkələrinə çıxışı təmin edir. Cənubdan magistral yol ölkəni İranla birləşdiriəcək. Bu yolun inşasına 2012-ci ildə başlanılıb. 2019-cu ildə yolun tam başa çatması və istismara verilməsi planlaşdırılmışdı, amma hələlik magistralın 20 faizə qədəri inşa edilib. Avropa İttifaqı yolun ən mürəkkəb hissələrinin inşası üçün 600 milyon avro həcmində maliyyə yardımı edəcək.
Ekspert rəyi
Tü2rkoloq Varujan Geqamyan Azərbaycanın əməllərini şərh edib. Onun fikrincə, Bakı bu yolla “regionun nəqliyyat əlaqələrini açır”.
Onun sözlərinə görə, Ermənistan hökuməti nəqliyyat kommunikasiyalarının açılamsı haqda razılaşmanı nailiyyət, “uzunmüddətli sülhün qarantı”, o cümlədən də qarşılıqlı sərfəli iqtisadi imkan kimi təqdim edir.
“Bununla belə Azərbaycan nəqiyyat yolunun açılmasında maraqlı deyil. Onların yolların açılması ilə bağlı problemi yoxdur. Azərbaycanın normal inkişafı üçün onların bütün yolları var (“Türkiyə dəhlizindən” başqa). Azərbaycan üçün Ermənistanla hərbi və iqtisadi əhəmiyyəti olan hər hansı nəqliyyat qovşağı yoxdur və ola da bilməz. Azərbaycanda “açılma” sözünün iki mənası var:
1. Sünikdən xüsusi statusla keçən Naxşıvan/Türkiyə yolunun açılması (Ermənistan hakimiyyəti 9 noyabrda [2020-ci ilin payızında Qarabağda hərbi əməliyyatların dayandırılması haqda Ermənistan, Azərbaycan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanat haqda danışır] bununla razılaşıb, amma biz hələ buna uğurla müqavimət göstəririk).
2. Ermənistanın bütün xarici dövlətlərarası yolları üzərində Türkiyənin nəzaqrəti.
Hazırda bizi xarici dünya ilə birləşdirən ancaq iki yolumuz var, hansılar ki, hələlik nominal olaraq Türkiyənin nəzarətində deyil. Biri Tavuşdan Gürcüstana, digəri Sünikdən İrana. Sonuncu ötən gecədən tamamilə Azərbaycanın nəzarəti altındadır. Tavuşun anklavları təhvil veriləndən sonra bizim Gürcüstana yolumuz da onların nəzarəti altında olacaq. Nəticədə bizdə yolların açılması yox, tam blokada olacaq.
İndi isə təsəvvür edin ki, Ermənistan Azərbaycanın tələblərini yerinə yetirir: dəhliz verir, anklavları verir, əvəzində Azərbaycan Ermənistan maşınlarına İrana və ya Rusiyaya getməyə icazə verir (həqiqətdə bunun demək olar ki müsbət iqtisadi faydaı yoxdur, amma gəlin təsəvvür edək). Azərbaycan Ermənistandan yeni güzəştlər qoparmaq üçün istənilən vaxt yolu bağlayır […], istənilən vaxt, bu gecə olduğu kimi. “Ermənistanın blokadadan çıxması” Azərbaycanda “Ermənistanın tam blokadası” deməkdir, buna görə Ermənistan müstəqil inkişaf etmək imkanlarını itirəcək”.