Azərbaycanın xarici işlər naziri Moskvada bildirib: “Ermənistanda danışıqlar dayandırılıb”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya rəsmi səfəri zamanı Rusiya XİN-in Diplomatik Akademiyasında çıxış edərkən bildirib ki, “hazırda Ermənistanda danışıqlar dayandırılıb”.
Onun sözlərinə görə, Ermənistan tərəfi danışıqlara getmir: “Biz substantiv danışıqları davam etdirməyi təklif elədik, amma erməni tərəfi buna razılaşmadı”, – APA informasiya agentliyi Məmmədyarovun sözlərini yayıb.
Аprelin 2-də Ermənistanda parlament seçkiləri baş tutacaq. Məmmədyarov bildirib ki, Azərbaycan bundan sonra danışıqları davam etdirməyə hazırdır.
Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov martın 6-7-də RF-də rəsmi səfərdə olub və RF xarici işlər naziri Sergey Lavrov, baş nazirin müavini Dmitri Roqozinlə, Federasiya Şurasının vitse-spikeri İlyas Umaxanovla görüşlər keçirib.
Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı ilə danışıqdan sonra jurnalistlərə bildirib ki, tərəflər həlledici məsələlərlə bağlı razılığa gəlməkdən hələ uzaqdırlar. Amma Lavrovun sözlərinə görə, bəzi məsələlərlə bağlı ortaq fikir formalaşdırmaq mümkün olub. “Bunlar təhlükəsizlik məsələsi, hər şeydən əvvəlsə humanitar məsələlər, hazırda Azərbaycanın nəzarət etmədiyi Qarabağ ətrafı rayonların qaytarılması məsələsidir. Bu həm də Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsidir, əlbəttə ki, orda yaşayan insanları nəzərə almaqla. Bu həmçinin beynəlxalq sülhyaradıcı qüvvələrin parametrlərinin razılaşdırılmasıdır”, – RİA Novosti agentliyi xəbər verir.
Nazir qeyd edib ki, bu aspektlərin çoxu ilə bağlı razılaşma mövcuddur: “Amma yekun paket üçün həlledici olan iki-üç konkret mövzu hələ ki, müzakirə olunur. Yalan danışmayacam, biz hələ ki, tərəflərin bu aspektlərlə bağlı vahid yanaşma hasil edə biləcəyi vəziyyəti görməkdən uzağıq”, – Lavrov bildirib.
Rusiya və Azərbaycan bu il qarşılıqlı rəsmi səfərlər keçirirlər, o cümlədən də ən yüksək səviyyədə.
“Biz düşünürük ki, Bakıya (RF) hökumət başçısı (Dmitri Medvedyev) səviyyəsində səfər baş tutacaq”, – E.Məmmədyarov çərşənbə axşamı Federasiya Şurasının sədr müavini İlyas Umaxanovla görüşdə bildirib. – “Çox güman ki, bizim prezidentimizin (İlham Əliyevin) də Moskvaya səfəri olacaq”, – “İnterfaks” agentliyi məlumat verir.