Azərbaycanın Vergilər Nazirliyi “Turan” informasiya agentliyinin redaksiyasında axtarış aparıb
Avqustun 16-da səhər saatlarında Azərbaycan Respublikası Vergilər Nazirliyinin vergi cinayətlərinin ibtidai istintaq departamentinin əməkdaşları “Turan” müstəqil informasiya agentliyinin redaksiyasında axtarışa başlayıb.
“Vergi əməkdaşları həm maliyyə sənədlərini, həm də əməkdaşların şəxsi əşyalrını yoxlayıblar. Bu zaman onlar yoxlama və müsadirə prosesini çəkməyə icazə verməyiblər. Vergi əməkdaşları yoxlama və müsadirə ilə bağlı sanksiya haqda sənədin surətini də təqdim etməyiblər, sadəcə bu sənədi tanışlıq üçün göstəriblər”, – Turan İA-nin məlumatında deyilir.
“Turan”ın rəsmi Facebook səhifəsindəki məlumata görə, yoxlamanı 10 nəfər həyata keçirib, o cümlədən də vergi əməkdaşlarının özləri ilə gətirdikləri iki hal şahidi.
Yoxlamanın sonunda vergi əməkdaşları son üç il yarıma – 2014-cü ildən 2017-ci ilin birinci yarısına qədər – aid sənədləri özləri ilə götürüblər.
“Turan”a qarşı cinayət işi avqustun 7-də qaldırılıb. Vergi əməkdaşları agentliyi 2014-2016-cı illərdə 37 min manat (22 min dollar) məbləğində vergi ödəməsini etməməkdə günahlandırırlar.
Agentlik bu iddiaları qəti şəkildə rədd edir və hesab edir ki, bu iş qanunsuz və sifarişlidir. “Turan” cinayət işinin açılmasının təşəbbüskarı olan Vergilər Nazirliyinin ibtidai istintaq və lokal gəlirlər departamentlərini məhkəməyə verib.
Yerli və beynəlxalq müşahidəçilər əmindirlər ki, hakimiyyətin təşəbbüskarı olduğu vergi yoxlaması müstəqil informasiya agentliyinə qarşı planlaşdırılmış kampaniyanın bir hissəsidir.
“Normal ölkələrdə informasiya agentlikləri dövlət və hökumət təşkilatlarının fəaliyyətini yoxlayır. Maraqlı faktlar və pozuntular aşkarlayıb, ictimaiyyətin diqqətinə çatdırırlar. Bizdə isə adətən əksinə olur. Və bu məsələdə biz sivil dünyadan fərqlənirik. Dövlət informasiya agentliyinin fəaliyyətini yoxlayır. Halbuki dövlət özü ilk növbədə obyektiv, müstəqil informasiya mənbələrinin fəaliyyətində maraqlı olmalıdır”, – Respublika Alternativi hərəkatının icra katibi Natiq Cəfərli hesab edir.
Mətbuatın müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilat – “Sərhədsiz Reportyorlar” Azərbaycan hakimiyyətinin vergi orqanlarını “Turan” informasiya agentliyinə qarşı təzyiq aləti kimi istifadə etməsini qəti şəkildə pisləyib.
“Bu, Azərbaycanda son müstəqil agentliyi boğmaq səyindən başqa bir şey deyil. Bu iş agentliyi iqtisadi cəhətdən tam çökdürməyə hədəflənib. Biz hakimiyyəti sonuncu müstəqil KİV-in sistematik təqib praktikasına son qoymağa və “Turan”a qarşı cinayət işinə xitam verməyə çağırırıq”, – təşkilatın saytında yerləşdirilmiş bəyanatda belə deyilir.
“Sərhədsiz Reportyorlar”ın hesabatına əsasən Azərbaycan söz azadlığı reytinqində 180 ölkə arasında 162-ci yeri tutur.
Həmçinin JAMnews-un xəbərini oxuya bilərsiz:
https://jam-news.net/?p=53707&lang=az-AZ