Azərbaycan parlamentinin buraxılıb-buraxılmayacağı dekabrın 2-də aydınlaşacaq
29 noyabr
Azərbaycan parlamentinin buraxılması haqqında məsələni deputatlar dekabrın 2-də müzakirə edəcəklər.
Prezidentdən parlamentin buraxılması və növbədənkənar seçkilərin təşkil edilməsinin xahişi təşəbbüsü ilə noyabrın 28-də hakim “Yeni Azərbaycan” partiyası çıxış edib.
Əgər parlament buraxılsa belə, o, növbədənkənar seçkilərin nəticələri və yeni deputatların adları açıqlanmayana qədər öz işini davam etdirəcək. Bu barədə Turan yazıb.
Azərbaycanda heç kim parlamentin öz-özünü buraxmasını necə müzakirə edəcəyini anlamır. Bundan savayı, Milli Məclisin yarıdan çoxunu həmin təşəbbüslə çıxış etmiş “Yeni Azərbaycan” partiyasının üzvləri təşkil edir.
Siyasətçilərin və ekspertlərin şərhləri
Parlamentin, özü də bu cür qəribə formada mümkün buraxılması barədə xəbər hamını təəccübləndirdi: müxalifətçilərdən tutmuş, sıravi vətəndaşlara qədər.
Müxalif “Respublikaçı alternativ” partiyasının lideri İlqar Məmmədov “döyüşə” hazırlaşır:
«Parlamentin buraxılması haqqında məsələnin nəyə görə məhz indi gündəmə gəldiyini bilmirəm. Lakin istənilən halda partiyamız mütləq seçkilərdə iştirak edəcək».
Doğrudur, İlqar Məmmədovun özünün hələlik deputatlığa namizəd kimi irəli sürülmək hüququ yoxdur, çünki o, kütləvi iğtişaşların təşkil edilməsində ittiham olunaraq, bir neçə il müddətinə həbs cəzasına məhkum edilmişdi. Avropa İnsan Haqları Məhkəməsi bu ittihamı ədalətsiz hesab edib və Azərbaycan hökumətindən Məmmədovun hüquqi statusunun tam bərpa olunmasını tələb edib. Bu halda o, parlament, yaxud prezident seçkilərində namizəd kimi iştirak edə bilər. Lakin hakimiyyət hələ ki, bu tələbi yerinə yetirməyib.
JAMnews-un siyasi icmalçısı Şahin Rzayev:
«Bu, hakimiyyətin tədricən prezidentdən birinci vitse-prezidentə ötürülməsi yolunda növbəti mərhələdir».
Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva prezidentin həyat yoldaşıdır.
YAP-ın icraçı katibi və baş nazirin müavini Əli Əhmədov:
«Parlament seçkilərində biz xalqı təmsil etməyə layiqli gəncləri irəli sürəcəyik».
Müxalif “Müsavat” partiyasının sədr müavini Tofiq Yaqublu:
«Əvvəllər deyirdilər ki, islahatlara və sürətli inkişafa müxalifət mane olur. İndi isə deyirlər ki, buna mane olan parlamentdir».
Sosial şəbəkələrin reaksiyası
Sosial şəbəkələrdə hamı istehzalı qeydlər edir, təəccüblənir və bütün bunların nə demək olması barədə suala cavab tapmağa çalışır.
Bəzi şərhlər:
«Çox təəccüblü addımdır. Belə baxanda, parlamentin buraxılmasını gürcülər tələb edir, onu isə bizdə buraxırlar».
«Bu cür ağıllı və fəal deputatlar olmadan necə yaşayacağıq! Ciddi desək, müdaxilə etməsək, yeni tərkib də elə bu cür olacaq. YAP-dan olmayan istənilən adama səs verin. Bu partiya ölkənin gələcəyi üçün təhlükəlidir».
«Yeni parlament toplanmasa, ümumiyyətlə, onsuz yaşasaq, daha yaxşı olar. Deputat maaşlarını isə pensiyaçılar arasında bölüşdürmək olar».
28 noyabr
“Yeni Azərbaycan” hakim partiyası (YAP) parlamenti buraxmaq qərarına gəlib və prezidentdən növbədənkənar seçkilərin keçirilməsini xahiş etməyə hazırlşır.
Partiya bunu belə izah edir ki, parlamentin hazırkı tərkibi dövlət başçısının siyasətinə və onun apardığı islahatlara uyğun gəlmir.
Təklif bu gün YAP-ın siyasi şurasının təcili iclasında səsləndirilib. Sabah isə məsələ, demək olar ki, bütünlüklə elə bu partiyanın üzvlərindən ibarət olan parlamentin özündə müzakirə ediləcək. Başqa sözlə, parlament faktiki olaraq özü özünü buraxmaq istəyir.
Azərbaycanda parlament seçkiləri yalnız bir ildən sonra, 2020-ci ilin noyabrında keçirilməli idi.
Bu nə qədər qanunidir
Azərbaycan Konstitusiyasına müvafiq olaraq, prezident parlamenti o zaman buraxa bilər ki, parlament “bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərsin və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etməsin, həmçinin arşısıalınmaz səbəblər üzündən öz öhdəliklərini yerinə yetirməsin”.
Bu, o deməkdir ki, parlamenti yalnız prezident və yalnız müəyyən olunmuş hallarda buraxa bilər. “Dövlət başçısının cari siyasətinə müvafiq gəlməmə” haqqında Konstitusiyada heç nə deyilmir. Buna görə də, hüquqşünaslar və ekspertlər bu təşəbbüsü qanunsuz hesab edirlər.