Azərbaycanda vaksinasiya faktiki məcburi oldu
Azərbaycanda praktiki olaraq bütün dövlət və özəl müəssisələrinin əməkdaşlarının və ali məktəb tələbələrinin koronavirusa qarşı vaksinasiyadan keçməsi məcburi olub. 2021-ci ilin sentyabrından ancaq COVID-pasportlarını təqdim edən 18 yaşdan yuxarı şəxslər ictimai iaşə müəssisələrinə, otellərə və ticarət mərkəzlərinə buraxılacaqlar.
- “Səfər məqsədi – vaksinasiya”: Ermənistana İrandan turist axını
- Azərbaycanda karantin bir ay da uzadılıb
Azərbaycanın Nazirlər Kabineti “Xüsusi karantin rejiminin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması tədbirləri haqda” sərəncama dəyişikliklər edib. Bu dəyişikliklərə əsasən, Azərbaycanda vaksinasiya faktiki olaraq məcburi xarakter alır.
Peyvənd vurdurmayan tələbələr dərslərə buraxılmayacaq
Nazirlər Kabinetinin yeni qərarına əsasən, ali və orta-ixtisas təhsil müəssisələrində təhsil alan 18 yaşdan yuxarı hər kəsin COVID-pasportu olmalıdır. Azərbaycanda tədris ili sentybarın 15-dən başlayır.
Azərbaycanda COVID-pasportlar 2021-ci ilin iyunundan tətbiq edilir və iki formada verilir.
Koronavirusa qarşı vaksinin hər iki dozasını alanlara vaksinasiya sertifikatları verilir. Bu sertifikatın müddəti məhdud deyil.
Son altı ay ərzində koronavirusa yoluxub sağalanlar immunitet sertifikatı alır. Bu sənəd şəxsin sağaldığı gündən altı ay müddətində qüvvədə olur. Altı aydan sonra bu sertifikatların sahibləri bir doza vaksin vurdurmalıdırlar.
Ticarət mərkəzlərinə COVID-pasportla
2021-ci il sentyabrın 1-dən bütün dövlət qurumlarının, o cümlədən də işi əhaliyə xidmətlə bağlı olan bütün dövlət və özəl müəssisələrin əməkdaşlarının ən azı 80 faizi vaksinin ilk dozasını almalıdır, oktyabrın 1-dən isə ikinci dozanı almalı və ya COVID-19 virusuna qarşı immunitet sertifikatına sahib olmalıdır.
2021-ci il sentyabrın 1-dən 18 yaşdan yuxarı şəxslər qapalı məkanda təqdim olunan xidmətlərdən ancaq COVID-pasportları olduğu halda yararlana biləcəklər. Bu müəssisələr sırasına ictimai iaşə obyektləri, otellər və ticarət mərkəzləri daxildir.
Həmçinin sentyabrın 1-dən bərbər və gözəllik salonlarının xidmətlərindən yalnız COVID-pasport təqdim etməklə istifadə etmək mümkün olacaq.
Vaksinin əks-göstəriş olduğu insanlar nə etməlidirlər?
Koronavirusa qarşı vaksinin əks-göstəriş olduğu insanlara tezliklə QR-kodlu xüsusi sertifikatlar veriləcək – Azərbaycan hökumətindən bildirilib.