Azərbaycanda tədris ili gec başlayacaq
Azərbaycanda adətən yeni tədris ili sentyabrın 15-də başlayır. 2021-ci ildə tədris ilinin başlanması ölkədəki gərgin epidemioloji vəziyyətə görə bir-iki həftə ertələnib. Amma istənilən an ənənəvi tədris rejimi onlayn rejimə keçə bilər – Təhsil Nazirliyindən qeyd ediblər.
- Azərbaycanda 16 yaşından vaksinasiyaya icazə verildi
- Gürcüstanlı valideynlər: biz itirilmiş “Covid-nəsli” ilə üz-üzə qalmaqdan qorxuruq
- Türkiyənin Şuşada məktəb tikintisi layihəsi niyə alınmadı?
Sentyabrın 7-də Azərbaycanın təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçirilən brifinqdə tədris ilinin başlanmasının ertələndiyi elan olunub.
Təhsil Nazirliyinin qərarına əsasən, ibtidai sinif şagirdləri məktəbə bir həftə gec sentyabrın 22-də gedəcəklər. Yuxarı sinif şagirdləri, o cümlədən də ali məktəb tələbələri üçün tədris ili sentyabrın 29-da başlayacaq.
Əmrullayev bu qərarı hazırda ölkədə epidemioloji vəziyyətin gərgin olaraq qalması və koronavirus pandemiyasının dördüncü dalğasının ləng şəkildə geri çəkildiyi ilə izah edib. Nazir bildirib ki, ölkə hakimiyyəti tədris ili başlayana qədər COVID-19 virusunun yayılması ilə bağlı vəziyyətin nisbətən stabilləşəcəyinə ümid edir.
Həmçinin qeyd edilib ki, yeni yoluxma halları çoxalacağı təqdirdə istənilən an ənənəvi tədris rejimindən artıq ötən tədris ilində təcrübədən keçirilmiş onlayn rejimə keçilə bilər.
Vaksinasiyadan keçməyən müəllimlər işdən kənar qalacaq
Təhsil nazirinin sözlərinə görə, bu gün ölkədəki müəllimlərin 80 faizi vaksinasiyadan keçib. O qeyd edib ki, vaksinasiyadan imtina edən müəllimlər tədris prosesinə buraxılmayacaq.
Yeganə istisna vaksinasiyadan keçməyən müəllimin səhhətilə bağlı vaksinasiyaya əks göstəriş haqda arayış təqdim etməsi ola bilər.
Hansı valideynlər məktəb binasına buraxılmayacaq?
Vaksinasiyadan keçməyən valideynlərin məktəb binasına buraxılmaması haqda qərar qəbul edilib.
Nazir Emin Əmrullayev əlavə edib ki, valideynləri koronavirusa qarşı vaksinasiyadan keçməyən məktəblilər dərslərə buraxılacaq. Bununla da o, son zamanlar bununla bağlı yayılmış şayiələri təkzib edib.
Həmçinin valideynlər məktəb rəhbərliyinin adına ərizə yaza və övladlarını əyani dərslərə buraxmaya bilərlər. Belə şagirdlər distant dərs alacaqlar. Bu məqsədlə 2020-ci ildə onlayn tədris tətbiq edildiyi zaman dövlət televiziyasının efirində yayımlanan tele-dərslər davam etdiriləcək.
Tam dəyərli mühazirələr arzuolunan deyil
Ali təhsil müəssisələrində mühazirələrə eyni zamanda ən çox 50-60 tələbə qatıla bilər. Tələbələrin bu sayının aşılması karantin qaydalarının pozulması demək olacaq.
Tələbələrdə COVID-pasportun olması onların dərslərə buraxılması üçün mütləq şərtdir.
COVID-pasportiki şərtlə verilən elektron sənəddir:
1. Koronavirusa qarşı peyvəndin hər iki dozasını vurduranlara. COVID-pasportun bu növü müddətsizdir;
2. Son altı ay ərzində koronavirusa yoluxub, sağalanlara. CIVİD-pasportun bu növünün müddəti 6 aydır.
Xüsusi təcrid otaqları
Azərbaycanın bütün təhsil müəssisələrində xüsusi təcrid otaqları təşkil olunub – brifinqdə təhsil naziri Emin Əmrullayev deyib.
Bu otaqlar koronavirus əlamətləri aşkarlanan şəxslərin təcrid edilməsi üçündür. Bu insanların COVID-19-a yoluxduğu təsdiqləndikdən sonra xüsusi komissiya ayrıca sinfi (qrupu), yoxsa bütün təhsil müəssisəni karantinə almaq haqda qərar verəcək.