Azərbaycanda 17 yaşlı qız qaçırılıb: polisin və ailənin bildirdikləri təzadlıdır
Azərbaycanda evlənmək məqsədilə növbəti qız qaçırılması hadisəsi baş verib. Bu dəfə məsələ çox qarışıqdır: polis qızın evdən könüllü şəkildə getdiyini açıqlayıb, qızın ailəsi isə onun evlənmək niyyətində olmadığını və ali məktəbə qəbul olmağa hazırlaşdığını bildirib. Feministlər etiraz aksiyası keçirəcəklərini deyirlər, amma koronavirus pandemiyasına görə regionlara gediş-gəliş qadağandır.
Azərbaycanın Bərdə rayonunda 17 yaşlı qız qaçırılıb. Sosial şəbəkə istifadəçiləri bildirirlər ki, qızı qaçıran şəxs artıq iki dəfə evli olub və boşanıb, üstəlik əvvəlki həyat yoldaşını da 17 yaşında qaçırıb.
• “Mənim kimilər buraları tərk etməsə, Ermənistanın regionları inkişaf edər”
• Gürcüstanda 11 yaşlı oğlanın ölümü müzakirə olunur – zorakılıq nəticəsində intihar, yoxsa qətl?
Qaçırılan qızın atasının sözlərinə görə, o, qaçıran şəxsin keçmiş həyat yoldaşı ilə danışıb, qadın bildirib ki, ona yuxu dərmanı içirirmişlər. Kişi gələn il tələbə olmağa hazırlaşan qızının taleyindən narahatdır.
Polisin açıqlamasından məlum olur ki, məsələ artıq aylardır davam edir.
“Bu ilin mart ayının 29-da qızın atası E.H. Bərdə Rayon Polis Şöbəsinə gələrək, qızının qaçırılması barədə ərizə ilə müraciət edib. Müraciətlə əlaqədar olaraq, Bərdə Rayon Polis Şöbəsində (RPŞ) müvafiq araşdırmalara başlanılıb. Araşdırmalar zamanı şikayətçinin qızı ailəsinin onu sevmədiyi birinə ərə verəcəyini əsas gətirərək, öz arzusu ilə Nurlan adlı şəxslə birlikdə evlənmək məqsədi ilə getdiyini bildirib”.
Son günlər bu xəbəri fəal müzakirə edən feministlər qızın hələ cəmi 17 yaşında olduğunu vurğulayırlar. Azərbaycan qanunlarına görə o, icra orqanlarının müvafiq icazəsi olmadan ailə qura bilməz. Azərbaycanda qanun 18 yaşına çatmayan şəxslərin evlənməyinə icazə vermir.
“Üstəlik ailə oğlangilin elçiliyini rədd edib ki, qız oxuyur . Ortada doğru olmayan nə isə var. Ailə qızla danışa bilmir 5 aydır. Qızdan səs-soraq yoxdur, lap öz xoşu ilə qaçmış olsa da, bunu özü deməlidir”, – tanınmış feminist Nərmin Şahmarlı Facebook səhifəsində yazıb.
Koronavirus pandemiyasına görə Bakıdan regiona gediş-gəlişin qadağan edilməsi də işin müstəqil şəkildə araşdırılmasına mane olur. Buna baxmayaraq, bəzi feministlər Bərdə rayonuna gedib, orada qadın hüquqlarını tapdayanlara qarşı etiraz aksiyası keçirəcəklərini bildirirlər.
Sosial şəbəkə istifadəçiləri fəal şəkildə bu xəbəri müzakirə edirlər. Bəzi xarakterik şərhlər:
“Düşünrəm ki, reaksiya bir qədər gecikib. Hamı cinsi əlaqəyə görə məsuliyyət yaşını 16-dan 18-ə qaldırılmasını tələb edəndə, hamı susurdu və bildirirdilər ki, Avropada bu, 14 yaşa bərabərdir”.
“Yenə də atası sağ olsun ki, qızı üçün mübarizə aparır. Çoxları qızları qaçırıldığı zaman onlardan imtina edirlər”.
“Bu, cinayətdir və aidiyyatı olan hər kəs, o cümlədən də qaçıran şəxsi müdafiə edən polislər cəzalandırılmalıdır”.
This project is funded through the Democracy Commission Small Grants Program, U.S. Embassy Tbilisi. The contents of this publication are those of the Author(s) and do not necessarily represent the views of the Department of State.