Azərbaycanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb
Azərbaycanda üç yeni iqtisadi rayon yaradılıb. Onlardan ikisi ikinci Qarabağ müharibəsi nəticəsində ölkənin nəzarətinə keçən ərazilərdə təsis edilib. Bunlar Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarıdır.
Ölkə paytaxtı ayrıca iqtisadi rayona ayrılıb və ekspertlərin fikrincə, bu, yerli özünüidarə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində gələcək addımlar üçün münbit şərait yaradır.
- Tbilisidə Pride tərəfdarlarının və jurnalistlərin döyülməsi nə deməkdir? Analiz və fotoreportaj
- Ağrıya necə alışmalı və qorxmamalı: “erməni” xəstəliyi nədir?
Azərbaycan prezidenti İlham Əliyev ölkənin iqtisadi rayonlara bölgüsünün dəyişdirilməsi haqda fərman imzalayıb. Ölkənin iqtisadi xəritəsində üç yeni rayon – Qarabağ, Şərqi Zəngəzur və Bakı yaranıb.
Şərqi Zəngəzur iqtisadi rayonu
Bu iqtisadi ərazi vahidinə ikinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarətinə keçən Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları daxil olub.
Sənəddə qeyd olunub ki, bu beş rayonun vahid iqtisadi zonada birləşməsini Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları zəruri edir.
“Bu rayonların ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları var”, – prezident fərmanında deyilir.
Qarabağ iqtisadi rayonu
Bu iqtisadi vahidə Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi (Stepanakert) şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olub. Bu rayonların da çoxu ikinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın nəzarəti altına qayıdıb.
Onlardan bəziləri (Xankəndi şəhəri, Xocalı rayonu və Xocavənd rayonunun bir hissəsi) hazırda Azərbaycan hakimiyyətinin nəzarəti altında deyil və bu ərazilərdə Rusiya sülhməramlı kontingenti yerləşdirilib.
“Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacibdir”, – sənəddə qeyd olunub.
Şərh
“Fərmana görə ölkə 14 iqtisadi rayona böyünür, 3 önəmli məqam diqqətimi çəkdi: 1) Bakı ayrıca bir iqtisadi rayon kimi Abşeronun tərkibində deyil, 2) Şərqi Zəngəzur iqtisadi rayonu yaradıldı, 3) Qarabağ iqtisadi rayonu elan edildi.
Ümid edirəm ki, Bakının ayrıca iqtisadi rayon kimi elan edilməsi, gələcəkdə Böyük Şəhər Bələdiyyəsinin yaradılması və mer seçkiləri ilə tamamlanacaq.
Şərqi Zəngəzur iqtisadi rayonunun elanı həm siyasi, həm də psixoloji və tarixi olaraq maraqlı gedişdir.
Qarabağ rayonunun elanı isə bölgənin vahid inkişaf planının yaradılması üçün doğru yanaşmadır”, – İlham Əliyevin fərmanını müxalif Respublikaçı Alternativ Partiyasının liderlərindən biri Natiq Cəfərli şərh edib.