Azərbaycanda polis 4 nəfəri eyvan fleşmobunu tənqid etdikləri üçün məsuliyyətə cəlb edib
Bakıda Polis insanları sosial şəbəkədə tənqidi rəylərinə görə məsuliyyətə cəlb edib. Bununla bağlı son hadisə Yasamalda polislər üçün muğam ifaçıları tərəfindən hazırlanmış qurama fleşmob olub. Bu hadisəni sosial şəbəkədə tənqid edən vətəndaşları polis saxlayaraq, müvafiq maddələrlə onların hər biri barəsində protokol tərtib edərək yol verdikləri hərəkətlərə hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərib.
Eyni zamanda sosial şəbəkədə vətəndaşların üzr videosu da yayılıb. İnsanlar özlərini təqdim edərək törətdikləri əməldən peşman olduqlarını və ifaçılardan üzr istədiklərini bildirirlər. Bəzi istifadəçilərin fikrincə, bu video təzyiq altında çəkilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov Pessklub.az-a belə deyib:
“Həyata keçirilən tədbirlər nəticəsində sosial şəbəkələrdə təhqiramiz şərhlər yazanların şəxsiyyətləri müəyyən edilərək saxlanılıblar. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə onların hər biri barəsində protokol tərtib edilərək yol verdikləri hərəkətlərə hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslərin əksəriyyəti barəsində inzibati həbs qərarı verilib, bəziləri isə cərimələniblər”
İyunun 8-də həftə sonu karantinində Bakının Yasamal rayonunda polisə eyvandan zilib atdığına görə karantini pozmaları ittihamı ilə 11 nəfəri saxlanılmışdı. Daha sonra yenidən Yasamal rayonunda muğam ifaçıları eyvandan polisə gül atıb mahnı oxuyublar. Sosial şəbəkədə qonşuların ifası kimi göstərilən videoda aydın olub ki, oxuyanlar əslində qonşular deyil peşəkar muğam ifaçılarıdı, bütün bunların qurama olduğunu deyib sosial şəbəkədə tənqid edən vətəndaşlar saxlanılıb polis bölməsinə aparılıblar.
Bu baş verən hadisə də sosial şəbəkələrdə müzakirəsiz qalmadı, insanlar artıq polisin onların şəxsi həyatına müdaxiləsini müzakirə edirlər.
Sosial şəbəkərdə bəzi şərhlər:
Rejim polisin əli ilə tariximizin ən kirli, utanc verici səhifələrini yazmaqdadır.
Polis pis gundədir vallah, ictimaiyyət arasinda olan-qalan hormətini də itirib.Ramil Usubovun rəhbərliyi altında daha yaxşı idi. Polisin işi ilə bağlı şikayətlərə ən azı bəzi reaksiyalar olurdu. İndi reaksiya sıfırdır.
Maska taxmır? Cəza! Uşaqlara energetik içki satır? Cəza!
Demir problemi həll edim, deyir elə cəzalandırım. Dərdi problem həll etmək deyil çünki, hər bir problemdən öz despotluğunu sübut etmək üçün istifadə etməkdir. Polisin əlində “dubinka” var deyə, hamını cinayətkar görür.
Ümumiyyətlə sosial şəbəkədə rəy/post yazanlarla bağlı ölçü götürülməlidir. Hətta yazıb oxumağı bilən hər kəs cərimə edilməlidir. O da bəs etməsə ölkədə insanların yaza biləcəyi hər vasitə – qələm, karandaş, marker və.s qadağan edilməlidir. Bu da fayda verməsə yazı yazanları bir yerə yığıb yandırarıq