Azərbaycanda hərbi vertolyotun qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub
Azərbaycanın Xızı rayonunda göyərtəsində 18 nəfərin olduğu Mi-17 hərbi vertolyotu qəzaya uğrayıb. Nəticədə 13 nəfəri sərhəd xidmətinin zabiti olmaqla 14 nəfər həlak olub, iki nəfər yaralanıb. Baş prokurorluq “hazırkı mərhələdə” kənar təsir səbəbilə qəza versiyasını istisna edir.
- Azərbaycanda hərbi təyyarənin qəzaya uğramasında quşlar “günahlandırılır”
- Moskva ətrafında sərnişin təyyarəsi niyə qəzaya uğrayıb? Ekspertlərin versiyaları
- MN17-nin qəzaya uğramasında və kiber-müharibələrdə Rusiyanın əli
2021-ci il noyabrın 30-da təxminən saat 10:40-da Azərbaycanın Xızı rayonunda yerləşən Qaraheybət poliqonunda Mi-17 hərbi vertolyotu qəzaya uğrayıb.
Hadisə nəticəsində vertolyotda olan 18 nəfərdən 14 nəfər həlak olub. Daha iki nəfər yaralanıb.
Həlak olanlardan 13 nəfər Azərbaycan Dövlət Sərhəd Xidmətinin zabitləri olub. Onlar arasında bir nəfər polkovnik, bir nəfər polkovnik-leytenant, beş nəfər mayor, dörd nəfər kapitan, baş leytenant və leytenant olub. Həlak olanalrdan bir nəfər isə mülki şəxsdir.
Daha iki zabit yaralanıb, onlar hospitala yerləşdirilib, özlərini qənaətbəxş hiss edirlər – Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.
“Hadisənin pilotun ehtiyatsızlığı, texniki nasazlıq, hava şəraiti, o cümlədən hər hansı digər səbəbdən baş verməsi ilə bağlı bütün ehtimallar istintaq tərəfindən ətraflı yoxlanılır.
Cinayət işi üzrə Baş Prokurorluğun və DSX rəhbərliyinin, eləcə də Məhkəmə Tibb, Məhkəmə Texniki Yanğını və Məhkəmə ballistik ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, o cümlədən “qara qutu”nun götürülməsi təmin edilməklə hadisənin tədqiqi aparılır.
Eyni zamanda, Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX əməkdaşlarından ibarət istintaq qrupu yaradılmaqla zərərçəkmiş Emin Cəfərov və Ramin Ədilovun dindirilmələri təmin edilib, müvafiq ekspertizalar aparılıb, o cümlədən zəruri sorğular verilib.
Hazırda iş üzrə intensiv istintaq əməliyyat tədbirləri həyata keçirir. İstintaq barədə ətraflı məlumatın ictimaiyyətə verilməsi təmin ediləcək”, – Azərbaycan Baş Prokurorluğunun mətbuat xidbətinin məlumatında deyilir.
“Hazırkı mərhələdə istintaq qəzanın kənar təsir nəticəsində baş verdiyi ehtimalını istisna edir”, – qurumdan əlavə edilib.
Azərbaycan prezidenti İlham Əliyev həlak olanların ailələrinə başsağlığı verib. Onlara şəhidlik statusunun veriləcəyi bildirilib.
Bu, Azərbaycanın güc strukturları tarində ən böyük avia-qəzadır.