Məhkəmə növbəti dəfə Anar Məmmədlini həbsdə saxlayıb
Azərbaycanda həbslər – Anar Məmmədli
Mayın 15-də Bakı Apellyasiya Məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin ev dustaqlığına buraxılmaması ilə bağlı şikayətini təmin etməyib. Bu barədə onun vəkili Elmar Süleymanov məlumat verib.
- Gürcüstan parlamenti “xarici agentlər haqqında” qanunu üçüncü, yekun oxunuşda qəbul edib
- Ələsgər Məmmədli və Ruslan İzzətlinin yaxınları onların səhhətlərindən narahatdırlar
- “Azərbaycandan çıxış qadağandır” – onlarla fəal və jurnalistə qarşı səfər məhdudiyyəti
Vəkilin sözlərinə görə, prosesdə Anar Məmmədli ona qarşı irəli sürülən qaçaqmalçılıq ittihamını rədd edib və cinayət işini sosial və insan hüquqları sahəsində fəaliyyəti ilə əlaqələndirib.
Məhkəmənin diqqətinə çatdırılıb ki, Məmmədlinin həbsi Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ) və 18-ci (hüquqların məhdudlaşdırılmasının tətbiqi hədləri) maddələrinin pozulması ilə həyata keçirilib.
Anar Məmmədli aprelin 30-da bir qrup şəxslə qabaqcadan əlbir olaraq qaçaqmalçılıqda (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi) ittiham olunaraq həbs edilib.
O, ilkin olaraq “Abzas Media işi” üzrə məsuliyyətə cəlb olunub. Lakin sonra onun işi ayrıca icraata alınıb.
Çoxsaylı beynəlxalq təşkilatlar və ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Anar Məmmədlini və həbsdə olan digər jurnalist və fəalları dərhal azad etməyə çağırıb.
Xatırladaq ki, son yarım ildə 20-yə yaxın fəal və jurnalist barəsində cinayət işi başlanıb.