Azərbaycanda cəmi bir il içində azyaşlılar arasında abortların sayı üç dəfə artıb
2017-ci ildə Azərbaycanda 15-19 yaş arası 1605 qadın abort elətdirib. Report-un verdiyi xəbərə görə, onlardan 46 nəfəri yetkinlik yaşına çatmayanlardır. 2016-cı ildə bu göstərici 19 nəfər, demək olar ki üç dəfə az olub. Üstəlik Azərbaycan 19 yaşına qədər ana olanların sayına görə də regionda liderlik edir.
Erkən doğuşların və abortların bu qədər çoxalmasını ekspertlər Azərbaycan cəmiyyətinin mühafizəkarlığının müasir dünyanın real mənzərəsinə uyğun olmaması ilə əlaqələndirir. Bir tərəfdən internet sayəsində uşaqlar və yeniyetmələr seks haqda tez məlumatlanır və bu mövzu onlar üçün maraqlı olur. Digər tərəfdən isə nə valideynlər, nə də müəllimlər onlarla bu haqda danışmırlar, çünki Azərbaycanda seks mövzusu tabudur (üstəlik nikahdan əvvəl seks günah və ədəbsizlik hesab olunur).
“Patriarxal ənənələri təhsil və maarif əvəz etməlidir, bizdə isə yeniyetmələr arasında yayılan abort və zorakılıq əvəz edir. Çünki yeniyetmələr artıq anlayıblar və belə qərara gəliblər ki, sevişmək və azad yaşamaq istəyirlər, amma onlara heç kim bunu necə adam kimi, özlərinə və başqalarına ziyan vurmadan yaşayacaqlarını izah etməyib”, – sosioloq Sənubər Heydərova bildirir.
Təhsil Nazirliyi öz növbəsində, nəhayət, məktəblərdə “Cinsi tərbiyə” fənnini tədris etmək qərarına gəlib. Bu haqda söhbət artıq uzun zamandır ki, gedirdi, amma heç cür həyata keçirilmirdi. Axır ki, nazirlik bu fənnin bu ildən etibarən tədrisə daxil ediləcəyinə söz verib, dərsliklər də artıq hazırdır. Bu, yeniyetmələr arasında doğuş, abort və cinsi yolla keçən xəstəliklərin azalmasına kömək etməlidir. Yeni fənn 6-cı siniflərdən tədris olunacaq.
Cəmiyyətdə bu təşəbbüsə münasibət müxtəlifdir:
“Mən bunu artıq hesab edirəm. Aşağı siniflərdə uşaqların beynini çirkləndirmək, onların fikrini tam başqa yerə yönəltmək lazım deyil. 12-15 yaşlarında isə özləri hər şeyi yaxşı bilir və ya yaxın zamanda biləcək”;
“Ümid edirəm ki, bu dərsləri əmək və ya idman müəllimləri, yaxud da Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri tədris etməyəcək. Əks halda ölkə özü boyda günah yuvasına çevriləcək”;
“Mən 5-ci siniflərə dərs deyirəm. Şagirdlərə danışıram ki, ailə sevgi və hörmət üzərində qurulmalıdır, “sevgi” sözünü eşidən kimi isə onlar gülüşürlər…”.