Azərbaycanda Aşura günü ikinci ildir ki, qeyri-adi qeyd olunur. 2020-ci ildə koronavirus pandemiyasına görə karantin qaydalarına uyğun olaraq məscidlərə giriş qadağan edilmişdi. Bu il məscidlər açıqdır, amma yalnız COVID-pasportları olanlar üçün.
Qədim şiə adətlərinə görə, müsəlmanlar Məhərrəm ayının onuncu günü – Aşura günü Məhəmməd peyğəmbərin şəhid olan nəvəsinin xatirəsini yad edirlər.
JAMnews-un müxbiri bu gün Bakıda Əjdərbəy Məscidində olub. Bura Bakının hətta sovet dövründə də fəaliyyət göstərən iki əsas məscidindən biridir.
Amma bu il məscid ərazisinə yalnız COVID-pasportla keçmək mümkündür. Bu elektron sənəd koronavirusa qarşı vaksinin hər iki dozasını vurdurmuş və son altı ayda virusa yoluxub sağalmış şəxslərə verilir.
Qafqaz Müsəlmanları İdarəsi ötən il olduğu kimi insanları Aşura günündə xüsusi təşkil olunmuş məntəqələrdə donor olub, qan verməyə çağırıb.
VII əsrdə nə baş verib?
Məhərrəm ayının 10-cu günü olan Aşura həmin ayın “kulminasiya” anıdır. Həmin gün şiə müsəlmanlar Hüseynin (Məhəmməd peyğəmbərin nəvəsi) və onun tərəfdarlarının xəlifə Müaviyyənin oğlu Yəzidlə döyüşdə həlak olmalarına ağlayırlar. Bu hadisə 680-ci ildə Kərbəla şəhərinin (müasir İraqın ərazisində yerləşən, müsəlmanlar üçün müqəddəs sayılan şəhər) yaxınlığında baş verib.
Hüseynin həlak olmasından sonra müsəlman dünyasında iki şaxəyə bölünmə baş verdi: Hüseynin tərəfdarları olan şiələrə və Yəzidin tərəfdarları olan sünnilərə. Bu parçalanma indiki dövrə qədər davam edir və müxtəlif müharibələrə, münaqişələrə səbəb olur. Müvafiq olaraq, Aşura yalnız şiələrdə matəm günü kimi qeyd olunur.
Sünnilər də onu qeyd edirlər, lakin başqa cür və başqa səbəbə görə. Qurana əsasən, bu gün Səma, Yer, mələklər və ilk insan yaranıb və qiyamət günü də həmin gün baş verəcək.