Azərbaycanda 625 nəfər, o cümlədən də 38 siyasi məhbus əfv edilib
Azərbaycan prezidenti İlham Əliyev 625 məhbusun əfvi haqda fərman imzalayıb. Siyahıya 38 nəfər siyasi məhbus da daxildir. 1996-cı ildən ömürlük həbsdə olan keçmiş XTPD (OMON) üzvləri və 2017-ci il “Tərtər işi” üzrə məhkum edilənlər əfvə düşməyib.
Əfv olunanlardan üçü ömürlük məhkum edilmişlərdir. Onların haqqında qətimkan tədbiri 25 il azadlıqdan məhrumetmə ilə əvəz olunub.
Əfv olunan əcnəbilər
Əfv fərmanı səkkiz xarici ölkədən olan 24 əcnəbiyə də şamil edilib.
Onlardan yeddisi İran, altısı Gürcüstan, dördü Rusiya, ikisi Türkiyə, ikisi Kamerun, biri Pakistan, biri Qazaxıstan və biri Əfqanısatan vətəndaşlarıdır.
Azadlıqdan məhrum edilmiş 23 nəfər əcnəbi cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bir nəfər xarici ölkə vətəndaşının isə cəzasının çəkilməmiş hissəsi yarıbayarı azaldılıb.
38 nəfər siyasi məhbus əfv edilənlərin siyahısına daxil edilib
Əfv edilənlərin siyahısına siyasi məhbus hesab edilən 38 nəfər də daxil edilib.
Onların arasında 28 nəfər 2015-ci ildə Bakı kənarındakı Nardaran qəsəbəsində baş verən hadisələrlə əlaqədar məhkum edilənlərdir.
2015-ci ildə Azərbaycanın hüquq-mühafizə orqanları Nardaran qəsəbəsində kütləvi etirazlara başlamış Müsəlman Birliyi Hərəkatının üzvlərinə qarşı sərt əməliyyat keçirib. Hakimiyyətlə qarşıdurma nəticəsində ölənlər olub, onlarla etiraz iştirakçısı həbs edilib və müxtəlif müddətlərə azadlıqdan məhrum olunub.
Aralarında jurnalist Elçin İsmayılın da olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) dörd üzvü də əfv olunanlar sırasındadır.
2018-ci il Gəncə hadisələrinə görə həbs edilənlər arasında da bir nəfər əfvdən yararlanıb.
Məktəblərdə hicaba qadağaya etiraz etdiyi üçün həbs olunan İslam Partiyasının bir üzvü də əfv edilərək azadlığa buraxılıb.
Başqa bir əfv olunan siyasi məhbus xaricdə yaşayan siyasi mühacirin qohumudur.
Əfv fərmanı kimlərə şamil edilməyib?
1996-cı ildə əvvəlcə ölüm hökmünə məhkum edilən, ölüm hökmü ləğv ediləndən sonra isə cəzaları ömürlük həbslə əvəzlənən üç XTPD (OMON) üzvü bu dəfə də əfv edilənlərin siyahısına daxil edilməyib. Onlar həbsdə qalan sonuncu XTPD üzvləridir.
1995-ci ilin martında polkovnik Rövşən Cavadovun rəhbərlik etdiyi Xüsusi Təyinatlı Polis Dəstəsi hakimiyyətə qarşı qiyam qaldırmışdı. Qiyamın yatırılması zamanı Cavadov daxil olmaqla bir neçə XTPD üzvü həlak olub, yüzlərlə dəstə üzvü müxtəlif müddətə azadlıqdan məhrum edilib. İllər sonra onlar azadlıqlarına qovuşublar. Ömürlük azadlıqdan məhrum edilən bu üç XTPD üzvü isə qiyamdan sonra bir müddət qaçaq həyatı yaşayıb, daha sonra həbs edilərək hakimiyyət üzvlərinin qətlə yetirilməsi də daxil olmaqla müxtəlif cinayətlərdə təqsirli biliniblər.
2017-ci il səs-küylü “Tərtər işi” üzrə həbs olunanlara da əfv fərmanı şamil edilməyib.
2016-cı ilin aprelində Qarabağda Ermənistan silahlı qüvvələri ilə yaşanan “dördgünlük müharibədən” sonra Azərbaycan ordusunun bir sıra hərbçisi qarşı tərəfin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunaraqhəbs edilib.