“Türk dünyası Azərbaycanın xarici siyasətinin prioritetidir”. Bakıdan baxış
Azərbaycan və türk dünyası
Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələr Azərbaycanın xarici siyasətinin yeni vektoru adlandırılır. “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır”, – deyə prezident İlham Əliyev bildirib. Azərbaycanlı ekspertlərin fikrincə, əgər Azərbaycan Mərkəzi Asiya vasitəsilə geosiyasi proseslərdən maksimum yararlanmaq istəyirsə, “Qərb investisiyalarına yol verməli, lakin eyni zamanda Rusiya ilə münasibətlərdə balansı qorumağa məcburdur”.
- Ermənistanın tələbilə Moskvada Azərbaycan vətəndaşı saxlanılıb
- Navalnının ölümü Azərbaycana təsir edə bilərmi? Bakıdan şərhlər
- “Flora Hostel” – müxtəlif incəsənət növlərini bir dam altında birləşdirən məkan
“Prezident İlham Əliyev yeni dövrdə Azərbaycan xarici siyasətinin əsas istiqamətinin Türk dünyası ilə əlaqələr olacağını elan etdi”, – “Şərqə Baxış” analitiklərinin məqaləsində deyilir.
Onların fikrincə, Azərbaycanın Türk dünyası ilə münasibətlərinin dinamiklik qazanmasının geosiyasi arxa planı var. “Dünyanın başlıca dövlətlərinin Xəzər hövzəsi və Mərkəzi Asiya regionuna marağının artması Azərbaycanın da strateji əhəmiyyətinə yeni müstəvi qazandırır və belə görünür ki, Azərbaycan rəhbərliyi yeni dövrün xarici siyasətini bu əhəmiyyət üzərində qurmaq istəyir. Burada xüsusilə, Türk Dövlətləri Təşkilatının böyük rol oynaması gözlənilir”, – deyə ekspertlər vurğulayırlar.
Azərbaycan prezidenti İlham Əliyev fevralın 14-də rəsmi andiçmə mərasimindəki çıxışında deyib:
“Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.
Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik.
Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq!
Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox.
Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.
“Azərbaycanın Mərkəzi Asiyadan gözləntilərinin olduğu kimi, Mərkəzi Asiyanın da Azərbaycandan özəl gözləntiləri var. Mərkəzi Asiya ölkələrinə həm Çini balanslaşdırmaq, həm də inkişaf etmək üçün böyük miqdarda sərmayə lazımdır. Bu miqdarda sərmayə imkanları olmasa da, Azərbaycan coğrafi mövqeyindən istifadə edərək Mərkəzi Asiya ilə Türkiyə, həmçinin Qərb arasında körpü rolunu oynaya bilər.
Təbii ki, bunu edərkən Rusiya ilə münasibətlərin pozulmaması zəruridir. Çünki Xəzərin şərqində qalan Mərkəzi Asiya ölkələrinin Rusiya qarşısında manevr imkanları olduqca limitlidir. Real təhlükəsizlik qarantiyaları olmadıqca, Mərkəzi Asiya ölkələri Rusiya ilə münasibətlərdə daima təmkinli davranacaqlar və Azərbaycanın da bu xətdə qalmasını istəyəcəklər.
Türk Dövlətləri Təşkilatına beş tamhüquqlu üzv (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan), həmçinin üç müşahidəçi ölkə (Macarıstan, Türkmənistan və tanınmamış Şimali Kipr Türk Respublikası) daxildir.
Yəni, Azərbaycan Mərkəzi Asiya üzərində cərəyan edən geosiyasi proseslərdən maksimum qazanmaq və strateji əhəmiyyətini artırmaq istəyirsə, həm Qərb sərmayəsinə keçid vermək, həm də Rusiya ilə balansı qorumaq məcburiyyətindədir. İndiki reallıqlarda belə bir oyun qurmaq mümkün görünmür.
Sözsüz ki, tarix, mədəniyyət, dil, etniklik və din kimi ortaqlıqlar Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinə böyük təkan verir və bu ortaqlıqlar Azərbaycana Özbəkistan kimi önəmli bir müttəfiq qazandırıb.
Ancaq manevr imkanlarının limitlərini sərmayə yəni, pul müəyyən edir. Azərbaycan Mərkəzi Asiyaya sərmayə qazandıra bilməsə, Mərkəzi Asiya nəzdində türk xətti mənəvi prizma kimi qalacaq və real bir güc mərkəzi kimi görülməyəcək. Xəzərin şərq sahilində işlər göründüyündən daha mürəkkəbdir”, – azərbaycanlı analitiklər qeyd ediblər.