Azərbaycan və Gürcüstan hərbi əməkdaşlıq planı imzalayıb
Azərbaycan və Gürcüstan 2018-ci il üçün hərbi əməkdaşlığın davamına dair razılıq əldə edib. Sənəd Bakıda iki müdafiə qurumunun rəhbəri – Zakir Həsənov və Levan İzoria tərəfindən imzalanıb.
“Görüş zamanı müdafiə nazirləri silahlar üzərində yoxlama və nəzarət sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Tərəflər həmçinin hərbi, hərbi-texniki, hərbi-tədris, hərbi-tibbi sahələrdə əməkdaşlıq perspektivləri haqda, müştərək hərbi təlimlərin keçirilməsi, işgüzar görüşlərin təşkili və sair ümumi maraq kəsb edən məsələlərlə bağlı da fikir mübadiləsi aparıblar”, – Azərbaycan Müdafiə Nazirliyinin press-relizində bildirilir.
İzoria Azərbaycana növbəti səfərinin yekunlarından məmnunluq ifadə edib. O qeyd edib ki, Bakı və Tbilisi arasında əməkdaşlıq iki ölkə arasında əməkdaşlığın yüksək səviyyəsinin bariz nümunəsidir.
Azərbaycanın müdafiə naziri Həsənov Azərbaycanı beynəlxalq təşkilatlarda dəstəklədiyinə və Azərbaycanın ərazi bütövlüyünü tanıdığına görə gürcü xalqına minnətdarlığını bildirib. O vurğulayıb ki, “Azərbaycan da Gürcüstanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir”, – Azərbaycanın Müdafiə Nazirliyinin rəsmi saytı yazır.
Həsənov Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlığın həm ikitərəfli əsasda, həm də NATO çərçivəsində, o cümlədən də Azərbaycan-Türkiyə-Gürcüstan hərbi strukturlarının əməkdaşlıq formatında genişlənməsinin vacibliyini də qeyd edib.