“Azərbaycan Qərb-Rusiya qarşıdurmasından istifadə edir”: Ermənistandan şərh
Yerevan Əliyevin açıqlamasını təkzib edib
Yerevan Tbilisidə üçtərəfli görüşün keçirilməsi təklifindən imtina etməyib – Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib.
Bundan əvvəl IX Qlobal Bakı Forumu zamanı Azərbaycan prezidenti bəyan etmişdi ki, Yerevan Tbilisidə Ermənistan, Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüş təklifini rədd edib.
İlham Əliyev bir daha ATƏT-in Minsk Qrupunun Ermənistanla danışıqlarda iştirakına toxunaraq “bu qurumun bundan sonra fəaliyyət göstərməyəcəyini” vurğulayıb. Bu arada Ermənistan tərəfi son vaxtlar bütün bəyanatlarında Minsk Qrupunun həmsədr ölkələrinin vasitəçiliyi formatında Azərbaycanla danışıqların məqsədəuyğunluğunu vurğulayır. Söhbət ABŞ, Fransa və Rusiyadan gedir.
Azərbaycan Qərblə Rusiyanın qarşıdurmasından istifadə edir – Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı vəziyyəti və Bakının bəyanatlarını şərh edərkən siyasi icmalçı Hakop Badalyan bildirib. Bakı daha sərbəst və daha cəsarətli oyun nümayiş etdirir, vəziyyətdən maksimum yararlanmağa çalışır. Analitikin fikrincə, Azərbaycan Ukraynadakı müharibə nəticəsində Azərbaycanın enerji resurslarının əhəmiyyətinin artmasından istifadə edir.
Bütün təfərrüatlar: Əliyevin açıqlaması, Yerevandan təkzibi və Bakının mövqeyinin motivləri haqqında analitikin şərhi.
- “Azərbaycanda bütün millətlər bərabər hüquqa malikdir, o cümlədən də ermənilər”
- Bakı və Yerevan arasında danışıqlardakı vasitəçilik uğrunda Brüssel və Moskvanın mübarizəsi – şərhlər
- İlham Əliyev: “Biz sərhədləri müəyyən ediriksə, DQ-nın hansı statusundan söhbət gedə bilər?”
“Ağlabatan izahat tapa bilmirəm”: Əliyevin açıqlaması
Əliyevin sözlərinə görə, Gürcüstan hakimiyyəti xarici işlər nazirləri səviyyəsində üçtərəfli görüşün təşkili ideyasını alqışlayıb, rəsmi Yerevan isə bunu rədd edib.
“Təəssüf ki, Ermənistan bundan imtina etdi. Səbəbi mənə məlum deyil. Mən heç bir ağlabatan izahat tapa bilmirəm”, – Əliyev bildirib.
O, ATƏT-in Minsk Qrupunun bundan sonrakı fəaliyyətindən də danışıb, buna ehtiyac olmadığına israr edib.
“Biz artıq Minsk Qrupu institutunun fəaliyyət göstərməyəcəyi ilə bağlı mesajlar almışıq”, – o deyib.
Yerevanın reaksiyası
Əliyevin ATƏT-in Minsk Qrupunun gələcəyi ilə bağlı bəyanatına Ermənistan heç bir şəkildə reaksiya verməyib. Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Unanyan yalnız Tbilisidə görüş təklifindən danışıb:
“Biz nəinki imtina etməmişik, hətta belə bir mümkün görüşə həmişə müsbət yanaşmışıq, eyni zamanda görüşün effektivliyini təmin etmək üçün iş görülməli olduğunu qeyd etmişik”.
Şərh
Siyasi icmalçı Hakop Badalyan hesab edir ki, Əliyevin son bəyanatında iki xətt müşahidə olunur – şantaj və guya sülhə hazır olmaq. O hesab edir ki, rəsmi Bakı müharibədən sonrakı bütün dövr ərzində bu iki istiqaməti birləşdirir.
“Əliyev siyasi, diplomatik və iqtisadi əməkdaşlığa hazır olduğu, Yerevan isə ondan imtina etdiyi təəssüratı yaratmağa çalışır”, – Hakop Badalyan JAMnews-a bildirib.
Analitikin fikrincə, Yerevan öz cavabında vurğulayır ki, Bakının bəyanatları özlüyündə bir məqsəddir, əslində Azərbaycan hakimiyyəti problemlərin müzakirəsi və həlli üçün effektiv tədbirlərə və effektiv formatlara hazır deyil.
“Azərbaycan üçün bunlar öz resurs və mövqe üstünlüklərini reallaşdırmaq və kapitallaşdırmaq üçün sadəcə bir yoldur. Özü də təkcə Ermənistana deyil, həm də Gürcüstana münasibətdə”, – ekspert vurğulayıb.
Onun fikrincə, Yerevanın cavabında daha bir mühüm detal ondan ibarətdir ki, regional əməkdaşlığı “mövzuya, danışıqlar üçün yol xəritəsini müəyyən etməyə” köçürmək lazımdır. Badalyan hesab edir ki, bu halda uğur təmin olunmayacaq, lakin tərəflərin nəticə əldə etməyə hazırlığı özünü göstərəcək.
Əliyevin Minsk Qrupu ilə bağlı bəyanatına toxunan siyasi icmalçı vurğulayıb ki, Ermənistan tərəfi bu məsələ ilə bağlı mütəmadi olaraq öz mövqeyini bildirir. Bakıdan gələn hər açıqlamaya cavab verməyə ehtiyac yoxdur.
Badalyanın sözlərinə görə, qrupun işi daha çox həmsədr ölkələrin münasibətlərindən asılıdır, hansı ki, Ermənistan və Azərbaycanın bu münasibətlərə çox da təsiri yoxdur:
“Əgər format üç ölkənin (ATƏT-in Minsk Qrupunun həmsədrləri – ABŞ, Fransa, Rusiya) hazırlığı və müvafiq niyyəti əsasında işləyirsə, Azərbaycanın buna qarşı durmaq üçün kifayət qədər siyasi çəkisi yoxdur. İndi Əliyev bu məqamdan istifadə etməyə və ən azı ritorika səviyyəsində öz gündəmini irəli itələməyə çalışır”.
Badalyanın sözlərinə görə, Fransa və ABŞ Rusiya ilə hələ işləməsə də, Moskva bu formatda maraqlıdır:
“Fransa və ABŞ-ın Rusiyanın Qafqazdakı xüsusi rolunu, Ermənistan-Azərbaycan probleminin həllində dominant mövqeyini tanıması Moskva üçün çox vacibdir. Eyni zamanda, Rusiya Türkiyə və İranla iş kontekstində regional məsələlərdə üstünlük kimi həmsədrlik formatını saxlamağa çalışır”.
Üstəlik, Bakıdan növbəti dəfə Ermənistan tərəfinin Azərbaycan mövqelərini atəşə tutması xəbəri yayılıb, Yerevan bu məlumatı növbəti dəfə təkzib edib. Badalyanın fikrincə, bu cür mesajlar Azərbaycanın əsas vəzifəsinə – “sülh prosesi üçün öz gündəmini, öz şərtlərini diktə etməsinə” xidmət edir.
Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb ki, iyunun 16-dan 17-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin şərq istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Ermənistan Müdafiə Nazirliyi bu məlumatın həqiqətə uyğun olmadığını bildirib.
Ekspertin fikrincə, Bakı üçün bu, təkcə İrəvana təzyiq üsulu deyil, həm də xarici mərkəzlərlə işləmək üçün “alət”dir. Azərbaycan Qərb-Rusiya qarşıdurmasından öz maraqları naminə daha azad və daha cəsarətli oyun üçün istifadə edir.
Badalyan xatırladır ki, Ukrayna müharibəsi və onun nəticələri kontekstində Azərbaycana və onun enerji resurslarına diqqət artıb. Əliyev yaranmış vəziyyətdən maksimum fayda əldə etmək üçün məhz bu vəziyyətdən istifadə etməyə çalışır.
Yerevan Əliyevin açıqlamasını təkzib edib