Azərbaycan prezidenti əfv fərmanı imzalayıb
Martın 16-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ümummilli Novruz bayramı münasibətilə növbəti əfv haqqında fərman imzalayıb. Ümumilikdə 423 məhbus əfv edilib.412 məhbus cəzalarının qalan hissəsini çəkməkdən azad edilib. İki nəfərin ömürlük məhkumluğu isə müvafiq olaraq 25 və 15 il müddətinə azadlıqdan məhrumetmə ilə əvəzlənib.
Azad olunanlar arasında hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus siyahısına daxil edilən beş nəfər də var.
Siyasi məhbus siyahıları haqda daha ətraflı burdan oxumaq olar.
Həmçinin müxalif siyasi emiqrantların qohumları – “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qardaşı və qardaşı oğlu, Meydan TV-nin rəhbəri Emin Abdullayevin (Milli) qaynı da əfv edilib. Onların hamısı narkotik saxlamaqda ittiham edilmişdi.
Martın 17-dən əfv fərmanının icrasına başlanılıb.