Yerli medianın iddiasına görə, Azərbaycan Ordusu 11 min hektar ərazini geri alıb. Ermənistan mətbuatı bunu təkzib edir
Bakıdan məlumat
İyunun 8-də Azərbaycan mediasında Azərbaycan Ordusunun Şərur rayonunun Günnüt kəndi və ətraf yüksəkliklər üzərində nəzarəti bərpa etdiyi haqda məlumat yayılıb. Mənbə olaraq Naxçıvan Muxtar Respublikasının Əlahiddə Ümumqoşun Ordusunun mətbuat xidməti göstərilib. Daha sonra APA informasiya agentliyi də xəbəri təsdiqləyib.
Günnüt kəndi Naxçıvan Muxtar Respublikasının inzibati ərazisinə daxildir. Günnüt Ermənistan sərhədindən bir kilometrlik məsafədədir.
Youtube-da naxcivantv-nin Günnüt kəndinin qəbirstanlığının nümayiş olunduğu süjeti yayılıb. Süjetdə deyilir ki, insanlar (azərbaycanlılar) nəhayət, orada dəfn olunan doğmalarını ziyarət edə biliblər.
Azərbaycan mətbuatında bildirilir ki, 11 min hektar ərazi Azərbaycanın nəzarəti altına keçib.
Azərbaycan Müdafiə Nazirliyi hələlik bununla bağlı heç bir bəyanat verməyib.
Ermənistan mətbuatı isə bu xəbəri təkzib edir.
Yerevandan məlumat
Ermənistan Müdafiəə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan Facebook səhifəsində yazdığı statusda Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvanın Günnüt kəndini “azad etməsi” haqda xəbərə toxunub:
“Bu il 6 və 7 iyunda Azərbaycan tərəfi Ermənistan SQ-nin komandanlığına müraciət edib və bəzi vətəndaşlarına dağılmış Günnüt kəndinin cənub hissəsindəki məzarları ziyarət etmələrinə icazə verilməsini xahiş edib. Azərbaycan tərəfi bu istiqamətdə belə bir rica ilə ilk dəfə müraciət edib. Ermənistan tərəfi humanizm normalarına sadiq qalaraq və həmişə gərginliyin azaldılması üçün addımlar ataraq dinc əhaliyə qısa müddətə məzarlığa yaxınlaşmağa icazə verib”.