Azərbaycan müxalifətçiləri partiya rəhbərliyinin xahişi ilə aclıq aksiyasını dayandırdılar
Müxalif “Müsavat” partiyasının üzvləri Elman Quliyev və Elşad İsrafil parlament seçkilərində saxtalaşdırmalara etiraz olaraq keçirdikləri aclıq aksiyasını dayandırıblar. Bunu onlardan digər müxalifətçilərlə saxtalaşdırmalara qarşı koalisiya yaradandan sonra partiyanın rəhbərliyi xahiş edib.
Elman Quliyev fevralın 27-də aclıq aksiyasına başlamışdı, Elşad İsrafil isə fevralın 28-də ona qoşulmuşdu. Onların hər ikisi fevralın 9-da keçirilmiş Azərbaycan paramentinə növbədənkənar seçkilərdə namizəd idilər.
Həmin seçkilərdə növbəti dəfə hakim “Yeni Azərbaycan” partiyası qalib gəlib. Əksər müstəqil yerli müşahidəçilərin və beynəlxalq təşkilatların fikrincə, seçkilər qeyri-demokratik keçirilib və bir çox pozuntu halları ilə müşayiət edilib. Müstəqil namizədlər və müxalifət partiyaları artıq bir neçə etiraz aksiyası keçirərək, seçkilərin nəticələrinin ləğv olunmasını tələb ediblər, lakin bütün bu aksiyaları polis dağıdıb.
Elman Quliyev özünün aclıq aksiyasını ədalətə nail olmaq üçün “son çarəsiz addım” adlandırıb. Lakin aclığın beşinci günündə onun halı pisləşdiyi üçün “Müsavat” rəhbərliyi qərara alıb ki, ictimaiyyətin diqqəti artıq problemə yönəldilib və gənclər həyatları ilə risk etməməlidirlər.
«Elman və Elşadın aclıq aksiyası sanki başqa deputatlığa namizədlərə saxtalaşdırmalara qarşı öz mübarizələrini birləşdirməyə impuls verdi», – bunu «Kavkazski uzel» saytına “Müsavat”ın mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli deyib.
Onun sözlərinə görə, müxtəlif partiyalardan olan müxalifətçilərdən və müstəqil namizədlərdən 70 nəfərdən çoxu toplantı keçirərək, seçkilərin saxtalaşdırılmasına qarşı koalisiya yaratmaq qərarına gəliblər.
• Azərbaycanlı müxalifətçi seçki saxtakarlığına qarşı aclıq elan edib